Dekabrın 25-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş “Yurdum mənim” adlı rəsm müsabiqəsinin yekun tədbiri keçirilib. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə muxtar respublikanın gənc rəssamları iştirak edirdilər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva müsabiqə barədə iştirakçılara ətraflı məlumat verib.
Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd istedadlı gənc rəssamların üzə çıxarılması, onların yaradıcılığının stimullaşdırılmasıdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Canməmməd Canməmmədov, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Məmmədəli Ələkbərov çıxış edərək gənc rəssamlara gələcək fəaliyyətlərində uğurlar və yeni-yeni nailiyyətlər arzulayıblar.
Sonra müsabiqənin qalibləri elan edilib. I yerə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Fizzə Quliyeva, II yerə Vüqar Mehdiyev, III yerə isə Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Rüqayyə Bağırova və Naxçıvan Dövlət Universitetinin tələbəsi Akay Məmmədova layiq görülüblər.
Qaliblərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr verilib.
Sonra müsabiqəyə təqdim olunmuş əsərlərdən ibarət sərgiyə baxış olub.
Xəbərlər şöbəsi