AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə: Vətən, dövlət, millət ən böyük milli dəyərlərimizdir
Milli dəyərləri məxsus olduğu xalqın mənəvi kimliyi adlandıranlar səhv etmirlər. Bu dəyərlərin yaşadılması yüzilliklər boyu cilalana-cilalana dövrümüzə qədər gəlib çatmış ən qiymətli sərvətlərimizə böyük ehtiramın ifadəsidir. Çünki milli dəyərlərimizdə onları yaradan ulularımızın ruhu yaşayır; onlarda xalqın tarixi, adət-ənənələri yaşayır. Bu cəhətdən qürur hissi keçirməyə mənəvi haqqımız çatır ki, Naxçıvanda milli dəyərlərə ehtiram hissi yüksək səviyyədədir və dövlət tərəfindən onların tədqiqi, təbliği, gələcək nəsillərə olduğu kimi ötürülməsi istiqamətində kompleks tədbirlərə start verilib. Bütün bunlar barədə suallarımızı rubrikamızın bugünkü qonağı, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə cavablandırır.
– Hər xalqın milli dəyərləri həmin xalqın milli təfəkkürünün məhsulu hesab edilir və xalq onları qoruyub saxlamaqla var olur. Bu barədə nə deyə bilərsiniz?
– Bu sualın ən dolğun cavabı öz əksini xalqımızın ümummilli lideri Heydər Əliyevin aşağıdakı kəlamında tapmışdır: “...Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Bəli, biz bununla varıq, bunlardır bizi xalqlar içərisində xalq, millətlər arasında millət kimi tanıdan. Bəzən milli dəyərlərimizi ayrıca bir sahə kimi, sanki məişət məsələsi kimi xarakterizə etmək hallarına da rast gəlinir. Bir növ, bunu xalqın, əhalinin problemi səviyyəsində təqdim etməklə işi bitmiş hesab edirlər. Ulu öndər Heydər Əliyev isə milli dəyərlərimizə Azərbaycançılıq ideologiyasının, milli ideologiyamızın ayrılmaz tərkib hissəsi kimi baxmaqla onu müstəqilliyimizin əlaməti kimi dəyərləndirərək deyirdi ki, dil, din, adət-ənənə (bunların şüur müstəvisində proyeksiyası olan milli mentalitet) – bunlarsız millət yoxdur. Bunları qoruyub saxlamış xalq isə həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir.
– Azərbaycan xalqının həmişə yüksək qiymət verilən bu sərvətlərinə ölkəmizdə müxtəlif dövrlərdə, müxtəlif quruluşlarda fərqli baxışlar olub. Lakin bunlara baxmayaraq, həmin dəyərlər qorunub saxlanıb. Bu proseslərdə hansı amillər əsas rol oynayıb?
– Bu sualınız məni həm uzaq, həm də yaxın keçmişə aparır. Bir tərəfdən milli dəyərlərimizə hərtərəfli hücum, onlarla bağlı əsassız iddialar, digər tərəfdən onların məişətdən çıxarılması üçün görülən tədbirlər. Yadıma bir məqam düşdü. O dövrdə Əshabi-Kəhflə bağlı bir yazı oxudum. Müəllif buranı “asobukeyf” adlandırırdı...
– Bəs, ziyalılarımızın buna reaksiyası necə oldu?
– Bundan sonra Moskva kitabxanalarından geniş material toplamaqla 1982-ci ildə Azərbaycan və rus dillərində Əshabi-Kəhf mağarasına inam, onun tarixi kökləri”adlı məqalə nəşr etdirdik. Sonrakı dövrlərdə bu dini, tarixi-memarlıq abidəsi geniş tədqiqata cəlb olundu. XIX əsrə və ondan sonrakı dövrlərə aid bir çox yazılarda Novruz bayramı keçmişin zərərli qalığı kimi təqdim olunmaqla ona qarşı hərtərəfli hücuma keçilmişdi. Lakin xalq, onun irəlidə gedənləri bunları qoruyub saxlaya bildi. Bəli, adətlərimiz, inamlarımız ailələr səviyyəsində, elin gücü ilə yaşadılıb. Müəyyən cəhətdən tədqiqata cəlb edilməsinə baxmayaraq, bir sıra maddi və mənəvi dəyərlərimiz məişət səviyyəsindən yuxarı qaldırıla bilməməklə rəsmi olaraq milli dəyərlər hesab olunmurdu.
Milli şüurun bərpasına, adət-ənənələrimizə, milli dəyərlərimizə sahib çıxılmasına 60-cı illərin sonu, 70-ci illərin əvvəllərində başlanıldı. Bu, milli özünəqayıdışın, özünüdərkin yeni mərhələsi, Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması, milli dəyərlərin dövlət səviyyəsində qorunması idi. Bununla bağlı bir sıra yazılarımızda ayrıca olaraq bəhs etdiyimizdən onun üzərində geniş dayanmaq niyyətində deyilik.
– İstərdik ki, oxucularımıza milli dəyərlərimizlə bağlı yığcam halda məlumat verəsiniz.
– Yığcam halda məsələni belə şərh edə bilərik. Milli dəyər maddi və mənəvinin vəhdəti və ya mənəvinin maddidə təzahür formalarından biri olmaqla özündə tarixi keçmişi, ilkin münasibətlərin milli münasibətlərə çevrilməsi proseslərini qoruyub saxlayan şərtləri ehtiva edir ki, buradan da milli mədəniyyətin formalaşması yaranır.
Milli mədəniyyət anlayışının əsas şərtlərindən biri də mənəvinin maddidə təcəllisidir. İnsan maddi və mənəvinin ən kamil nümunəsi olduğundan hər ikisinin inkişafı ondan asılıdır. İnsanın yaratdığı, çalışaraq düzəltdiyi, fiziki əməyinin məhsulu olan hər şeyi maddi mədəniyyətə aid etmək olar. Sadədən mürəkkəbə doğru tikililər, sənətkarlıq nümunələri, məşğuliyyət sahələri və sair insan düşüncəsinin təzahür formasıdır. Deməli, insanın yaratdığı hər maddinin mayasında mənəvilik, dünyabaxışı, təbii-coğrafi amillər, regionallıq, ənənəvilik dayanmaqla sonda təklərin, ayrıların vəhdətindən millilik meydana gəlir. Bu baxımdan mənəvinin yüksək təsiri olmadan millinin təzahürü mümkün deyil. Millət anlayışına uyğun olaraq, milli dəyərlər müəyyən zaman və məkan daxilində ümumi dil, mənəvi-psixoloji, tarixi-coğrafi əraziyə, uzun illər boyu formalaşmış adət-ənənəyə uyğun olaraq yaranmış bir mədəniyyətdir. Bu mədəniyyət maddinin özünəməxsusluğu, mənəvinin maddidə təzahürü, tətbiqi obyektidir...
– Konkret olaraq bunu necə şərh edərdiniz?
– İki nümunə ilə məsələni aydınlaşdıraq. Götürək milli geyimləri. Geyim insan həyatı üçün zəruri olan və onu digər canlılardan fərqləndirən əsas amillərdən biridir. İlkin mərhələdə geyimin milliliyindən söhbət gedə bilməz. Bu, sadəcə olaraq, isti-soyuqdan qorunmaq və örtünmək vasitəsidir. Zaman keçdikcə bəzəkli geyimlər üstünlük təşkil etməyə başlayıb ki, buradan təbii-coğrafi şəraitə, regional xüsusiyyətlərə malik olan geyimlər yaranıb. Tarixin sonrakı inkişaf mərhələsində geyimin estetik-milli cəhətləri meydana gəlib. Yəni maddi olan mənəvi cəhətdən zənginləşdirilərək milli dəyərə çevrilib. Digər maddilərdə olduğu kimi, geyimlərin də formalaşmasında regional cəhətlərlə yanaşı, xalqın dünyabaxışı, inamlar və yasaqlar sistemi də ciddi rol oynayır. Beləliklə, uzun illərin qarşılıqlı əlaqələri, sintezi nəticəsində Azərbaycan türklərinə məxsus milli geyim və bəzəklər formalaşaraq milli dəyər səviyyəsinə qalxıb.
Milli dəyərlərimizin ən zəngin sahələrindən biri tarixi-memarlıq abidələridir ki, Naxçıvan bu sahədə diqqətçəkən xüsusiyyət – Naxçıvan memarlıq məktəbinə malikdir.
– Son 19 ildə muxtar respublikamızda milli dəyərlərin təbliği, yaşadılması, gələcək nəsillərə ötürülməsi istiqamətində genişhəcmli tədbirlər prosesinə başlanılıb. Ötən dövr ərzində görülən işlər bu sahədə uğurlu nəticələrlə xarakterizə edilir. Oxucularımıza bu haqda məlumat verməyinizi xahiş edirik.
– Milli dəyərləri qorumaqla bağlı xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən yaradılmış kurs Naxçıvanda uğurla davam etdirilməklə onların qorunub saxlanılması, hərtərəfli tədqiqi ilə əlaqədar ardıcıl işlər görülməkdədir. Milli dəyərlərə böyük önəm verən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Tarix sübut edir ki, hər bir xalqı yaşadan onun milli dəyərləri – dili, adət-ənənələri, mədəniyyətidir”. Bəli, xalq onda var olur ki, onun min illər boyu yaradıb el süzgəcindən keçərək qorunan və milli dəyərinə çevrilən maddi və mənəvi sərvətləri vardır. Milli dəyərlər onda dayanıqlı olur ki, xalqın onu qoruması, yaşatması ilə yanaşı, onlara dövlət qayğısı yüksək səviyyədə olur. Son 19 ildə bu sahəyə diqqət artırılmaqla ciddi tədbirlər görülüb, 2012-ci il muxtar respublikamızda “Milli dəyərlər ili” elan olunub. Təbii ki, buna qədər muxtar respublikada milli dəyərlərin, milli irsin tədqiqi, qorunub saxlanması, təbliği ilə əlaqədar bir sıra tədbirlər reallaşdırılıb. Bu sahədə ciddi dönüş 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan” Beynəlxalq Simpoziumu ilə başlayıb və sonralar ardıcıl olaraq çox sayda sərəncamlar verilməklə bir müsahibədə ifadəyə deyil, cildlərlə kitablara sığmayacaq nəticələr əldə edilib.
– Məsələn.
– Naxçıvanda problem alt qatdan, zəmindən başlayaraq tədricən yetişdirilərək həll olunur. Yəni hər bir məsələnin yetişməsinə, tədrici inkişafına xüsusi önəm verilməklə onun zamanında həll edilməsi, dövlət səviyyəsində tədbirlər görülməsi gündəmə gətirilir. Eyni vəziyyəti biz “Milli dəyərlər ili”nəqədərki tədbirlərdə də görürük. Naxçıvanda elm, təhsil, mədəniyyətlə bağlı ardıcıl sərəncamlar verilir, tədbirlər həyata keçirilir və bütün bunlar yeni bir tədbirin həyata keçirilməsinə hərtərəfli şərait yaradır. Bunları nəzərə alaraq, Naхçıvan Muхtar Rеspublikası Ali Məclisinin Sədri 7 fеvral 2009-cu il tariхdə “Naхçıvan Muхtar Rеspublikasında Хalq yaradıcılığı günlərinin kеçirilməsi haqqında” Sərəncam imzaladı. Həmin sərəncamda milli-mənəvi dəyərlərimizin digər sahələri ilə yanaşı, milli gеyimlərin, milli mətbəхin öyrənilməsinə və təbliğinə də хüsusi diqqət yеtirmək əsas vəzifələrdən biri kimi qarşıya qоyulur. Sərəncamda deyilir ki, “Milli gеyim və milli mətbəх хalq yaradıcılığının ən mühüm sahələrindən biridir. Naхçıvanda bu sahələr daha qədim dövrlərdən yaranmış, təbii-cоğrafi şəraitə uyğun оlaraq fоrmalaşmış, inkişaf еtmiş, hər əsrdə özünəməхsus milli cəhətlərlə daha da zənginləşmişdir”. Ümumiyyətlə, sərəncamda maddi və mənəvi mədəniyyətimizin aparıcı sahəsi оlan хalq yaradıcılığının, еl sənətkarlığının əsaslı şəkildə öyrənilməsi, bununla bağlı еtnоqrafik və fоlklоr matеriallarının yеnidən tоplanması, sistеmləşdirilməsi və еlmi şəkildə araşdırılması ciddi vəzifə kimi qarşıya qоyulur. Bəli, bu kimi tədbirlər nəticəsində xeyli sayda sanballı kitablar, əsər və məqalələr yazılmışdır.
– Tariximizlə yol gələn milli dəyərlərimizin bir qolu da elə tariximizdir. Ona görə də muxtar respublikamızda tariximizin, mədəniyyət və abidələrimizin öyrənilməsi prioritet sahə kimi diqqət çəkir. Bu sahədə görülən işlərə münasibətinizi öyrənmək maraqlı olardı.
– Məhz 1996-cı ildəki konfransda bu məsələ beynəlxalq səviyyədə gündəmə gətirilmişdi. 2001-ci ildə Gəmiqaya abidələrinin tədqiqi ilə bağlı sərəncam bu sahəyə diqqəti daha da artırdı. Bu baxımdan ciddi hazırlıqlardan sonra dahi rəhbər Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli Sərəncamı ilə AMEA Naxçıvan Bölməsinin yaradılması diqqəti daha çox cəlb edir. Bölmənin yaradılması ilə bağlı ümummilli lider Heydər Əliyev demişdir: “Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən, dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də, düz olardı deyim ki, öyrənilməyibdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var”. Elmin digər sahələri ilə yanaşı, müdrik rəhbər Heydər Əliyev Naxçıvan tarixinin araşdırılmasına xüsusi önəm verirdi.
Bundan sonra tədqiqatların genişlənməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bir neçə sərəncamı, xüsusilə “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr, “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” 2006-cı il 27 iyun tarixli sərəncamları Naxçıvanda tarix elminin inkişafına böyük təkan verdi. Digər sahələrlə yanaşı, tarix elminin inkişafı da daim diqqət mərkəzindədir. Bir faktı vurğulamaq istərdim. 2002-ci ildə Naxçıvanda bir nəfər tarix elmləri doktoru var idi. İndi bu sahədə bir nəfər akademik, dörd nəfər AMEA-nın müxbir üzvü çalışır. Son illərdə bu sahədə nəşr olunmuş monoqrafiya, kitab və məqalələrin sayı o qədərdir ki, indi onların tam sayını demək mümkün deyil. Bu fakt həmin sahəyə böyük diqqətin ifadəsi kimi dəyərləndirilə bilər.
– Milli dəyərlərimizin qorunması və təbliği ilə bağlı görülən işlərdən danışdınız. Ziyalılarımıza, gənclərimizə, ümumiyyətlə, oxucularımıza bu istiqamətdə məsləhət və tövsiyələrinizi eşitmək istərdik.
– Milli dəyərlərimizi öyrənmək, qorumaq və təbliğ etmək, hər kəsdən əvvəl, bu sahə ilə məşğul olan araşdırıcıların, digər ziyalıların və geniş oxucu kütləsi olan xalqımızın ümumi işidir. Təbii ki, buna dövlət səviyyəsində qayğı yüksəkdir. Lakin ümumi sərvətimiz olan milli dəyərlərimizin hər kəs tərəfindən, ailələrin fərdi üzvlərindən başlamış məhəllə, kənd, şəhər, nəhayət, ümumrespublika səviyyəsində qorunması gərəkdir. Milli dəyərlərimizi, adət-ənənələrimizi yad ünsürlərdən qorumasaq, onları milli mentalitetimizə uymayan hallarla zədələsək, bizə əmanət olunanı zənginləşdirərək gələcək nəsillərə çatdırmasaq, etnik kimliyimizi təhlükəyə ata bilərik. Məncə, ailə-məişət, nikah münasibətlərinə, ənənəvi tərbiyə məsələlərinə ciddi önəm verilməlidir. Gənc qızlarımız evdarlığı, ev peşəsini, uşaq tərbiyə etməyi, ailədaxili münasibətləri, oğlanlarımız kişiliyi, ən çətin anda belə, yaşlılarımızın “kişi ol” sözlərini yaddan çıxarmasınlar. Unutmayaq ki, bu VƏTƏN, bu DÖVLƏT, bu MİLLƏT ən böyük MİLLİ DƏYƏRİMİZDİR!
Müsahibəni apardı:
Muxtar MƏMMƏDOV