24 Dekabr 2024, Çərşənbə axşamı

Mənbələrin  daş yaddaşı nə deyir?

Naxçıvanın toponimləri Naxçıvanın “tarix kitabı”, Azərbaycan dilinin söz varlığını qoruyub saxlayan bir xəzinədir. Bu xəzinə xalqımızın tarixi ilə bağlı yaranmış, milli mənəviyyatı ilə yoğurulmuş, Azərbaycançılıq, türkçülüklə möhürlənmiş, leksik-semantik və qrammatik xüsusiyyətləri ilə seçilən daş yaddaşımızdır. Min illərin yadigarı olan bu xəzinədə qədim tayfa və tayfa birləşmələrinin, nəsil və tirə başçılarının adları, ərazinin relyef quruluşunu, flora və faunasını əks etdirən xüsusi adlar mühüm yer tutur. Bu adlar yaşı min illərlə ölçülən tarixdən soraq verir, müxtəlif mənbələrdə, məxəzlərdə əksini tapır, Vətən torpağının hər qarışında, dağında, daşında yaşayır.

Mənbələrdən aydın olur ki, Naxçıvanda həyat burada ilk insanların məskunlaşdığı dövrlərdən mövcud olmuş, tarixin yaddaşı ərazinin toponimlərində qorunub saxlanılmışdır.

Mənbələrdəki hər bir xüsusi ad dilimizin tarixi fonetika, tarixi leksikologiya, dialektologiya və qrammatikasını özündə yaşadan dil materialıdır. Bu adlar yurdumuzun tarixi coğrafiyasını, ünvanını dəqiqləşdirir, torpaqlarımıza göz dikmiş mənfur erməni millətçilərinə tarixi gerçəklikləri sübut etdirir. Aydın olur ki, toponimik adlara hələ eradan əvvəllərə aid mənbələrdə rast gəlinir. Antik yunаn və Rоmа müəllifləri Flаvi (е.ə. I əsr), Ptоlоmey (еrаmızın II əsri), Plutаrх (II əsr), аlbаn tаriхçisi Mоisеy Kаlаnkаtuklu (VII əsr) və bаşqаlаrının əsərlərində qədim şəhərlər sırasında “Naxçıvan” adına da rast gəlinir. Naxçıvan şəhərinin mövcudluğu və adı haqqında ilkin məlumat yəhudi alimi İosif Flaviyə (e.ə. I əsr) və yunan coğrafiyaşünası Klavdi Ptolomeyə (eramızın II əsri) məxsusdur. K.Ptolomeyin “Coğrafiya” adlı əsərində dünyanın 7 məşhur şəhərindən birinin Naksuana olduğu yazılmış və coğrafi məkanı göstərilmişdir. Hələ eradan əvvəlki min­illiklərdən başlayaraq müxtəlif mənbələrdə Araz çayının adı və coğrafiyası ilə bağlı bir-birini təkzib və ya təkrar edən mülahizələr söylənilmişdir. Tarixin atası hesab olunan Heredot (e.ə. V əsr) “Tarix” əsərində Araz çayının adını dəfələrlə çəkmiş, çayın coğrafi məkanı haqqında maraqlı məlumatlar vermişdir. Strabon (e.ə. 64-63 – eramızın 23-34-cü illəri) “Coğrafiya” adlı əsərində Qafqaz Albaniyası və Atropatenanın coğrafi mövqeyi, sərhədləri, burada məskunlaşmış tayfalar, Xəzər dənizi, Araz çayı, çay boyunca “Araz” adlı ölkənin olması haqda maraqlı məlumat vermişdir. Bizim eranın VII əsrindən başlayaraq ərəb və fars mənbələrində Naxçıvanın paleotoponimləri, şəhər və kəndləri, yolları, meyvə bağları haqqında məlumatlar əksini tapır. Ərəb və fars qaynaqlarında Naxçıvan şəhərinin adı “Nəxcuan”, “Nəşəva”, “Nəşəvi”, “Nəxcəvan” şəkillərində işlədilmiş, müxtəlif əsrlərdə yaşamış əl-Təbəri (IX əsr), əl-Bəlаzuri (IХ əsr), İbn Хоrdаbеh (Х əsr), İbn əl-Fəqih əl Həmədаni (Х əsr), əl-İstəхri (Х əsr), əl-Biruni (XI əsr), əl-İdrisi (XII əsr), Yаqut Həməvi (ХIII əsr), Fəzlullah Rəşidəddin (ХIII əsr), Həmdullаh Qəzvini (ХIV əsr) və digər tədqiqatçıların əsərlərində Naxçıvanın Azərbaycan-türk ölkəsi olması, bu ölkənin tarixi, sosial-iqtisadi həyatı, təbiəti, mədəniyyəti, yolları, əhalinin məşğuliyyət sahələri, təsərrüfat həyatı və sair haqqında verdikləri dəyərli məlumatlar içərisində Naxçıvanın toponimləri ilə də bağlı qiymətli faktlar əldə etmək mümkündür.
Orta əsr coğrafiyaşünası Həmdullah Qəzvini (1280-1349) “Ürəklərin əfsanəsi” əsərində Azərbaycan haqqında tutarlı və dolğun məlumat vermişdir. Müəllif yazır ki, Azərbaycanın tərkibində 9 tümən və 27 şəhər vardır. H.Qəzvini Naxçıvan şəhərinin binalarının çoxunun bişmiş kərpicdən tikildiyini, Naxçıvan şəhərinin “Dünyanın bəzəyi” – “Nəqşi-cahan” adlandırıldığını, Naxçıvan, Əncan, Ordubad, Azad, Maku şəhərlərini əhatə edən tümən mərkəzi olduğunu, ərazidə daha çox buğda, pambıq, üzüm əkildiyini, Ələncik (Əlincə), Sürməli, Taqmar və Faqnan kimi dağılmış qalaların olduğunu, Araz çayının Azərbaycan ərazisindən axdığını yazır. Müəllif qeyd edir ki, Ordubad bağlar diyarıdır. Burada üzüm, buğda və pambıq əkilir. Şəhər Kaban (Qafan) dağlarından gələn su ilə təmin olunur, suyun artığı Araza axır.
XIV əsrin ikinci yarısı, XV əsrin əvvəllərində yaşamış azərbaycanlı alim Əbdürrəşid əl-Bakuvi “Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələrı” adlı əsərində Azərbaycan, Mərənd, Təbriz, Ərdəbil, Marağa, Urmiya, Savalan dağı, Araz çayı kimi coğrafi ərazilərin adlarını çəkir. Müəllif “Naxçıvan” adını “Nakcuvan” şəklində yazır: “Divarları və içqalası olan Azərbaycanda gözəl şəhərdir. Şəhər düzənliyin ortasında yüksək yerdə bina olunub. Bu yerdən Araz çayı görünür. Bağlı-bağatlı, meşəli, meyvəli və çörəkli bir yerdir. Havası təmiz, suyu şirindir. Orada məşhur binalar, mədrəsələr və xanəgahlar var. Əhalisi nəqqaşlıqda və xələnc ağacından qab-qacaq və müxtəlif əşya düzəltməkdə mahirdir. Bütün bunlar müxtəlif ölkələrə aparılır”.
Naxçıvanın əlverişli coğrafi mövqedə yerləşməsi, Avropa ilə Şərq ölkə­ləri arasında körpü rolunu oynaması, qədim İpək Yolunun bir qolunun Araz boyunca uzanması dünyanın müxtəlif ölkələrindən gələn səyyah, missioner və diplomatların diqqətini bu diyara cəlb etmiş, onların gündəliklərində Naxçıvanın tarixi abidələri, təbiəti, iqtisadiyyatı və mədəniyyətinə dair zəngin materiallar əksini tapmış, itib-batmış abidələr, xaraba qalmış şəhərlər və kəndlər, əhalinin yaşayış tərzi, təsərrüfat həyatı, meyvə bağları, əkinçilik mədəniyyəti haqqında tarixi məlumatlar verilmişdir. Ancaq təəssüflə qeyd edək ki, bu mənbələrin hamısını əldə etmək, digər ölkələrin arxivlərində olan sənəd və materialları araşdırıb üzə çıxarmaq imkan xaricindədir. Onu da qeyd edək ki, bu qaynaqlar, əsasən, sosial-iqtisadi və mədəni-siyasi məzmuna malik tarixi-coğrafi məlumatlardan ibarət olsa da, həmin qaynaqlar arasında onomastik məzmun kəsb edən məlumatlar da xüsusi yer tutur. Məsələn, 1253-1254-cü illərdə fransız hökmdarı IX Ludovikin tapşırığı ilə monqol xanı Mangunun yanına göndərilmiş fransız ilahiyyatçısı Vilhelm Rubuk (1215-1270) Konstantinopoldan Qara dəniz vasitəsilə səyahətə başlamış, geri qayıdarkən 1254-cü il dekabrın sonunda Naxçıvana gəlmişdir. O, “Şərq ölkələrinə səyahət” adlı əsərində Naxçıvanın (Naksua) “iri və gözəl bir şəhər” olması haqda məlumat vermişdir.
Fransız səyyahı J.B.Tavernye XVII əsrin 30-70-ci illərində dəfələrlə Şərq ölkələrinə səyahət etmiş, doqquz dəfə Azərbaycanda olmuş, 1664-cü ildə Naxçıvana gəlmişdir. J.B.Tavernye Naxçıvanda olarkən Araz çayı, Sədərək, Qarabağlar şəhəri, Qarabağlar qalası, Culfa, Əlincə qalası, Ordubad, Əylis, Bəqə şəhəri, Eldəniz kəndi, Fəkənd qalası, Əsədabad kimi qala, məscid, çay keçidləri və sair haqqında görüb eşitdiklərini qələmə almışdır. Tavernye yazır ki, İrəvandan Təbrizə 10 günlük karvan yoludur və Naxçıvan həmin yolun tən ortasında yerləşir. Naxçıvan dünyanın ən qədim şəhərlərindən biridir. Nuh gəmisinin yan aldığı dağın 3 livliyində bu şəhər bina olubdur.
J.B.Tavernyenin adını çəkdiyi “Eldəniz” kənd adı tədqiqat üçün maraq doğurur. Müəllifin verdiyi məlumata görə, “1606-cı il oktyabrın 7-də I Şah Abbas Naxçıvanın Eldəniz kəndində” olmuşdur. “Eldəniz” kənd adına digər mənbələrdə rast gəlinmir. Kəndin yerləşdiyi ərazi də dəqiq məlum deyil. Ancaq I Şah Abbasın Naxçıvandan Ordubada gedərkən bu kənddə olması sübut edir ki, kənd Naxçıvan şəhəri ilə Ordubad şəhəri arasında yerləşirmiş. Eldəniz kəndi Atabəylər hakimiyyəti dövründə salınmış abad kəndlərdən biri olmuş, Atabəylər dövlətinin əsasını qoymuş Şəmsəddin Eldənizin adı ilə bağlı yaranmışdır. Müəllifin hökmdarın bu kəndə getməsini xüsusi olaraq vurğulaması sübut edir ki, I Şah Abbas kəndə yolüstü yox, hansısa bir məqsədlə getmişdir.
XVII əsrdə Naxçıvanda olmuş məşhur türk səyyahı və coğrafiyaşünası Ö.Çələbi 1640-cı ildən başlayaraq ömrünün, təqribən, 50 ilini səyahətdə keçirmiş, Yaxın Şərq, Afrika, Avropa ölkələrini, Şimali Qafqazı və Zaqafqaziyanı gəzmiş, 1640-44, 1646-48, 1655-56-cı illərdə Azərbaycanda olmuş, Аzərbаyсаnın bir çох şəhər və kəndləri, хüsusilə Nахçıvаn, Оrdubаd, Təbriz, Sədərək, Qаrаbаğlаr, Хоy hаqqındа məlumаt vеrmişdir. Ö.Çələbi “Səyahətnamə” əsərində “Nəxşivan”, “Nəqşi-cahan” adlandırdığı ölkənin inzibati idarə sistemi, sosial-iqtisadi həyatı, mədəniyyəti, kənd təsərrüfatı, 18 növdə dadlı, sulu narı, “Mələçə”, “Abbasi”, “Ordubadi” kimi armud növləri, çохlu üzüm sоrtlаrı, dənli və bostan bitkiləri haqqında danışmış, Sədərək, Əhmədbəy zaviyyəsi, Araz çayı, Qarabağlar şəhəri, Cənabi Əhməd paşa, Fərhad paşa, Gözəl Əli paşa, Çıqal oğlu, Xadim Cəfər paşa məscidləri, şəhərlərdəki mehmanxanalar, hamamlar, dükanlar haqqında maraqlı məlumatlar vermişdir. Ö.Çələbi Qarabağlar şəhərindən bəhs edərək yazır: “Şəhər çox qədimdir. Hazırda o, Naxçıvan torpağında ayrıca sultanlıq təşkil edir. Bizim xidmətçilərimiz şəhərdə 40-a qədər minarə saydılar. Mehmandarın söylədiyinə görə, 10 minə qədər bağlı-bağçalı evi, 70 mehrabı var ki, onun qırxı minarəli məsciddir”.
Naxçıvanın yer-yurd adları ilə bağlı məlumatlara alman səyyahı Adam Olearinin, Təbrizdən Naxçıvanadək Şah Abbasın qoşunu ilə hərəkət edib Culfanın alınmasının şahidi olan alman elçisi Tektanderin, məşhur fransız yazıçısı, tikinti mühəndisi, hidrotexnika üzrə alim Aleksandr Dümanın (ata), alman etnoqrafı və tarixçisi Qan Kartın əsərlərində də rast gəlinir.
Rus geodezisti, general-leytenant İ.İ.Xodzkonun çoxsaylı əsərləri digər əhəmiyyəti ilə bərabər, Naxçıvanın xüsusi adlarının öyrənilməsində də qiymətli mənbədir. O, elmi əsərlərində yüzlərlə Azərbaycan toponiminin adını çəkmiş, Naxçıvanla bağlı İlandağ, Qarababaçay, Cəyir, Naxçıvançay, Əlincəçay, Gilançay, Urumusçay, Vənəndçay, Nüyədi, Ordubadçay, Dəvəboynu, Həsənqala, Miqri (Mehri – A.B.), Şərur, Şahtaxtı, Qıvraq, Tarudağ, Gülüstan, Gərçivan, Dərəşam, Biçənək, Nəqşi-Nərgiz, Tumbul, Əsəbqat (Əshabi-Kəhf – A.B.), Damcıxana və sair kimi toponim, oronim və hidronimlər haqqında maraqlı məlumatlar verilmişdir.

Adlarını çəkdiyimiz mənbələrdə Nахçıvаnın tаriхi-siyаsi соğrаfiyаsı, iсtimаi, iqtisаdi, sоsiаl-mədəni həyаtı ilə yаnаşı, ərаzinin bəzi şəhər, kənd və yеr-yurd аdlаrı hаqqındа dəyərli tаriхi məlumаtlаr vеrilmiş, ancaq həmin əsərlərin tədqiqаt оbyеkti оlmаdığındаn mənbələrdə xüsusi аdlаr sistеmli şəkildə əksini tаpmаmış və yа оnlаrın linqvistik хüsusiyyətlərinə tохunulmаmışdır.

Adil BAĞIROV
AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR