Ötən şənbə günü Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında şair-publisist Taleh Həmidin “Yəhya bəy Dilqəm” adlı iki hissəli lirik psixoloji dramı əsasında hazırlanmış tamaşaya ictimai baxış olub. Əsər müəllifin səhnəyə qoyulan ilk pyesidir.
Dilqəm adı, “Dilqəmi” saz havası çoxlarına məlum olsa da, əksəriyyət Yəhya bəy Dilqəm adlı aşığın həyat və yaradıcılığı haqqında geniş məlumata malik deyil. Bu baxımdan tamaşa maraq doğururdu.
Pərdə açılarkən tamaşaçını ilk cəlb edən rəssam işi oldu. Dumanlı dağların, yaşıl təpələrin ətəyində el sənətkarı Yəhya bəy Dilqəm və onun sevgilisi Telli xanım görünüb keçir. Aşağıda – dağın ətəyində Yəhya bəyin atası Böyükağa bəy ömür-gün yoldaşı Nisəbəyim xanım və qızı Qumru ilə dünyanın gəliş-gedişindən söhbət edirlər. Səhnənin görünməsi ilə həmahəng səslənən vətənpərvər ruhlu qəhrəmanlıq havası olan “Misri” aşıq havası sanki tamaşadakı hadisələrin zaman və məkan mühiti ilə bərabər, mövzusundan da xəbər verir. Böyükağa bəyin (Xalq artisti Həsən Ağasoy) ailə üzvləri ilə söhbətindən məlum olur ki, Azərbaycanın çətin günləridir. Ruslar Azərbaycanı işğal etdikdən sonra Şəmkir mahalında və buraya yaxın yerlərdə Rusiyadan köçürülən malakan və duxoborları, erməniləri və digər başqa millətləri məskunlaşdırmaqla münaqişə yaratmaq istəyirlər. Bunun üçün hətta rus çarı fərman da imzalayıb.
Xalq artisti Həsən Ağasoyun canlandırdığı, rusların bu əməlinə dözməyən, lakin bu siyasətə müqavimət göstərməyə də gücü çatmayan Böyükağa bəyin dilindən eşidilən fikirlər XIX əsrin birinci yarısında Azərbaycanda yaranan vəziyyəti təsvir edən cümlələr kimi yadda qalır.
Nisəbəyim xanım (aktrisa Nazlı Hüseynquliyeva) və Qumru (aktrisa Zəminə Baxşəliyeva) gündəlik qayğılarla yaşayan Azərbaycan qadınlarıdır. Onları elin oğlu Yəhya bəyin taleyi daha çox düşündürür.
Tamaşada Azərbaycan Respublikasının Əməkdar artisti Xəlil Hüseynovun yaratdığı Mirzə Əmir obrazı daha çox el ağsaqqalını xatırladır. Səhnə əsərindəki Telli xanımın atası Nəsib bəy (Azərbaycan Respublikasının Əməkdar artisti Yusif Allahverdiyev), anası Cəvahir xanım (Azərbaycan Respublikasının Əməkdar artisti Nəzakət Xudiyeva) surətləri dövrün kaloritini səhnəyə gətirən obrazlardır. Onların qızı Telli xanım (aktrisa Nurbəniz Niftəliyeva) Yəhya bəylə ailə qurduqdan sonra tamaşaçı hadisələrin nikbin sonluqla bitəcəyini düşünür. Gənc ailənin övladsızlıq dərdi azmış kimi, bu dərdə daha biri – xəyanət barmağı uzanır. Telli xanımın əmisi oğlu, tamaşanın ən mənfi obrazlarından olan Bağırbəy (aktyor Səyyad Məmmədov) bu məhəbbətin nakam sonluqla bitməsinə səbəb olur. Tamaşada Bağırbəy, Musa (aktyor Bünyat Səttarlı), Gülgəz (aktrisa Şölə Novruzbəyli) obrazlarını teatrın gənc aktyorları ifa edirlər. Gənclərin bu tamaşada təcrübəli aktyorlarla bərabər rol alması teatrımıza yeni gənc yaradıcı qüvvələrin gəlməsindən xəbər verir.
Tamaşada rus zabitlərini Azərbaycan Respublikasının Əməkdar artistləri Əbülfəz İmanov və Bəhruz Haxverdiyev ifa edirlər.
Tamaşada ictimai-siyasi xətdən fərqli olaraq, lirik xətt daha qabarıq görünür. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşıyev Aşıq Dilqəmin şeirlərini deyəndə də, məhəbbət səhnələrində də təbii və canlı görünür. Aktyorun təqdimatında el sənətkarının nakam, uğursuz məhəbbəti ilə yanaşı, zəmanədən şikayət motivli şeirləri də səslənir.
Tamaşanın son səhnəsində – Dilqəmin, onun ardınca atası Böyükağa bəyin ölümü məqamında aşıq havası “Dilqəmi”nin səslənməsi el sənətkarının vaxtsız vəfatından doğan kədəri və Vətənin bu halından yaranan qəm-qüssəni ifadə edir, tamaşaçıya Vətən tariximizin unudulmaz səhifələrini xatırladır.
Ümumilikdə, yaradıcılığının çox az hissəsi günümüzə gəlib çatmış Yəhya bəy Dilqəmi tanıtmaq baxımından maraq doğuran tamaşanın quruluşçu rejissoru, Xalq artisti Kamran Quliyevdir. Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundovun dövrün kaloritini, etnoqrafik xüsusiyyətlərini göstərən rəssam tərtibatı və Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovun musiqi tərtibatı uğurludur.
İctimai baxışdan sonra çıxış edənlər tamaşa haqqında fikir və rəylərini bildiriblər.
Əli RZAYEV