Naxçıvanda keçirilmiş Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumunun iştirakçıları dekabrın 20-də muxtar respublikada yerləşən tarixi abidələri ziyarət edib, bu qədim diyarın görməli yerləri ilə tanış olublar.
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Möminə xatın türbəsi ilə tanışlıq plenum iştirakçılarında qədim Naxçıvanın tarixinə böyük maraq yaradıb.
Qonaqlara məlumat verilib ki, bu möhtəşəm abidə 1186-cı ildə tikilib. Həmin dövrdə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə xatının məzarı üzərində məqbərə yaradılmasına qərar verib və bundan sonra məqbərə Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilib. Xalqın yaddaşında “Atabəy günbəzi” adı ilə də yaşayan abidənin baş tağında kufi xətti ilə bu sözlər yazılıb: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Türbə yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir.
Culfa rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən və hazırda bərpa işləri aparılan Gülüstan türbəsini ziyarət edən qonaqlara bildirilib ki, bu abidə Möminə xatın türbəsinin təsiri ilə XIII əsrin əvvəllərində tikilib. Gülüstan Azərbaycanın qülləvarı türbələri qrupuna daxildir.
Türbənin 12 üzlü gövdəsi qırmızı qumdaşıdan, küncləri kəsilmiş kub formasında olan orijinal quruluşlu kürsülüyü isə yonulmuş daşdan inşa edilib. Azərbaycanın digər türbələrindən fərqli olaraq, Gülüstan türbəsinin sərdabəsi yerüstü hissədə yerləşir. Kürsülük xaricdən kəsik piramida, daxildən silindrik quruluşa malikdir. Türbənin səthləri oyma həndəsi ornamentlərlə bəzədilib, dekorativ tağlarla çərçivələnib. Əcəmi Naxçıvaninin türbələrində olduğu kimi, burada da taxçaların içi incə həndəsi naxışlarla örtülüb.
Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi “Qeysəriyyə” tarixi binasına gələn qonaqlar buradakı eksponatlara maraqla baxıblar. Məlumat verilib ki, Ordubad şəhərinin XVII əsrə aid tarixi-memarlıq incilərindən biri olan “Qeysəriyyə” dünyadakı nadir abidələrdən biridir. Belə tikililərə dünyanın 3 yerində – Səmərqənd, Təbriz və Ordubad şəhərlərində rast gəlinir. Bu gün həmin binalardan ən abadı Ordubaddadır. “Qeysəriyyə” binası 1981-ci ildən Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir.
Ordubad şəhərinin mərkəzində yerləşən və qədim memarlıq abidəsi kimi indi də şəhərə gələnləri heyrətə salan “Came” məscidi ilə tanış olan plenum iştirakçılarına tarixi abidə barədə ətraflı məlumat verilib. Bildirilib ki, bəzi mənbələrdə məscidin 1275-ci ildə tikildiyi qeyd olunub. Lakin 1903-cü ildə məscid təmir edilərkən tapılmış bir kərpicin üzərində “III tarixi-hicri Ər-Rəşid” sözləri onun yaşını 500 il də artırır. Məscidin giriş qapısına vurulmuş lövhədə 1607-ci ildə Şah Abbasın verdiyi xüsusi fərmanın mətni yazılıb. Həmin fərmanda deyilir: “Ordubadlılar əməksevər, qoçaq və işgüzar adamlardır. Nəsiri Tusinin yüksək nəslinin burada davamı üçün adıçəkilən qəsəbənin əhalisi bütün vergilərdən azad edilir”. Məscidin qarşısında bir neçə tarixi əhəmiyyətli qəbir var.
Qonaqlar Məmməd Səid Ordubadinin ev-muzeyində də olublar. Burada plenum iştirakçılarına məlumat verilib ki, M.S.Ordubadi qələmi ilə dövrünün ustad ədibi, ictimai xadim kimi ad qazanıb. Onun bu xidmətlərini nəzərə alan ümummilli lider Heydər Əliyev 1972-ci ildə Ordubad şəhərində Məmməd Səid Ordubadinin ev-muzeyinin yaradılması haqqında qərar qəbul edib. 2010-cu ildə muzeydə yenidənqurma işləri aparılıb.
Plenum iştirakçıları Ordubad şəhərindəki tarixi “Buzxana” abidəsi, Culfa rayonundakı dəmir yolu vağzalının tarixi binası və Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayı və burada naxçıvanlı rəssamların əl işlərindən ibarət sərgi ilə də tanış olublar.
Rauf Əliyev