24 Dekabr 2024, Çərşənbə axşamı

Xəbər verdiyimiz kimi, dekabrın 18-də Naxçıvan şəhərində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin İkinci Plenumu keçirilmişdir. Plenumun Naxçıvanda keçirilməsi memarlar arasında qarşılıqlı əlaqələrin yüksələn xətlə inkişaf etməsinə stimul olmaqla yanaşı, həm də nümayəndə heyətinin üzvlərində muxtar respublika ilə bağlı xoş təəssüratların yaranmasına səbəb olmuşdur. Azərbaycanın tanınmış memarlarının bu təəssüratlarını oxuculara təqdim edirik:

 

Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri:
– Naxçıvan Azər­baycanın ən qədim tarixə malik olan diyarıdır. Burada olan abidələr onu göstərir ki, Naxçıvanda mədəniyyətin izləri çox qədim tarixlərə dayanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bu abidələrin qorunub saxlanılmasında, bərpa olunmasında böyük əməyi və zəhməti var. Bunu da ancaq öz tarixini sevən insan edə bilər. Nümayəndə heyətinin üzvləri bu səfərimizdən çox razıdırlar. Çoxları burada ilk dəfə olurlar. Onlar üçün də bu qədim diyarla tanışlıq çox maraqlıdır. Sevindirici haldır ki, bu gün Naxçıvanın yeni memarlıq tikililərində tarixi irsimiz qorunub saxlanılır. Müasirliklə tarixiliyin bu cür vəhdəti bizi çox qürurlandırır. Çalışmaq lazımdır ki, bütün bunları qoruyaq, inkişaf etdirək, gələcək nəsillərə çatdıraq.
Ramiz Əbdülrəhimov – Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru:
– Memarların II plenumu başa çatdıqdan sonra Naxçıvanda bir çox yerlərdə olduq. Dahi ustadımız memar Əcəminin abidələrini gördük. Plenumda bizimlə gələn gənclər də iştirak edirdi və onlar üçün də yaxşı oldu ki, buradakı tarixi abidələrlə yaxından tanış oldular. Çox gözəl yerlərdə olduq – Naxçıvan şəhərində, Culfada, Ordubadda. Buralardakı tarixi abidələri yaxından gördük. Mən burada bir neçə dəfə olmuşam, hər dəfə də böyük dəyişikliklər görürəm. Naxçıvanda memarlıq mədəniyyətinə böyük diqqət var. Naxçıvan şəhəri sürətlə inkişaf edir. Bu inkişafda milli memarlıq elementlərindən çox gözəl istifadə olunur. Bunları gördükcə fəxr edirəm ki, bizim Naxçıvan kimi belə gözəl diyarımız var. Xüsusilə minnətdaram ki, bizim buradakı görüşlərimiz çox yüksək səviyyədə təşkil olunub. Çox şadıq ki, bu gün Naxçıvanda da gənc memarlar yetişir, ali təhsil alırlar. Bu səfər istər tələbələr, istərsə də bizim üçün çox faydalı oldu.
Hafiz Əmirxanov – Azərbaycan Respublikasının Əməkdar memarı, dövlət mükafatı laureatı:
– Mən ilk dəfədir ki, Naxçıvan torpağındayam. Doğrudan da, Naxçıvan çox gözəl şəhərdir – hər tərəf təmiz, səliqəli, abad, insanları gülərüz, qonaqpərvər. Naxçıvanda bir çox yerlərdə olduq. Tarixi abidələri yaxından seyr etdik, eyni zamanda müasir tikililərə də diqqət yetirdik. Çox təqdirolunası haldır ki, Naxçıvanda qədimliklə müasirlik bir-birini tamamlayır, buna qədimliklə yeniliyin vəhdəti deyirlər. Yeni tikililərdə milli memarlıq elementləri çox qabarıq hiss olunur. Ordubadda da olduq, bura da Naxçıvan şəhəri kimi çox təmiz, qədim və zəngin tarixə malik bir Azərbaycan şəhəridir. Burada olarkən ulu öndərimiz Heydər Əliyevin söylədiyi “Ordubad Azərbaycanın incisidir” sözlərini xatırlamaya bilmirsən.
Əlibəy Novruzi – Beynəlxalq Memarlıq Akademiyasının akademiki, Azərbaycan Respublikasının Əməkdar memarı, dövlət mükafatı laureatı:
– Naxçıvanda, təxminən, 30 il bundan əvvəl olmuşdum. İndi Naxçıvan çox dəyişib. Küçələri genişlənib, yeni obyektlər tikilib. Mən indi tikilən bu obyektlərə çox valeh oldum ki, blokadada olan bir ərazidə belə quruculuq işləri aparılıb və bu işlər zövqlə davam etdirilir. Buradakı tarixi abidələrə bir daha baxdıq. Möminə xatın və Qarabağlar türbələri kimi gözəl memarlıq nümunələrini seyr etdik. Müasir Naxçıvana valeh oldum, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin memarlara münasibətinə valeh oldum. Əgər bu gün Naxçıvanda memarlığa, incəsənətə belə qiymət verilirsə, Naxçıvanda mədəniyyətin gələcəyi daha parlaqdır.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR