24 Dekabr 2024, Çərşənbə axşamı

Dekabrın 19-da Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “İstedadlar sorağında” adlı bədii özfəaliyyət kollektivlərinin muxtar respublika baxış-müsabiqəsinin yekun konserti olub. Tədbirin aparıcısı bildirib ki, 15 günə yaxın davam edən baxış-müsabiqə ictimaiyyət tərəfindən maraqla qarşılanıb, yeni istedadların üzə çıxarılması baxımından əhəmiyyətli olub.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Sarvan İbrahimov çıxışında qeyd edib ki, bu il muxtar respublikamız üçün çox əlamətdar ildir. “Muxtariyyət ili” kimi bu il həm də mədəniyyət sahəsində əlamətdar hadisələrlə də yadda qalacaqdır. Bu gün keçirilən yekun konsertində “İstedadlar sorağında” müsabiqəsinin qalibləri iştirak edəcəklər. Baxış-müsabiqə həm də onu göstərdi ki, muxtar respublikamızda mədəniyyət və xalq yaradıcılığı sahələrinə göstərilən dövlət qayğısı sayəsində xeyli istedadlı gənclər yetişdirilib.
Sonra nazir baxış-müsabiqənin qaliblərinə diplomlar təqdim etdi və onlara uğurlar arzuladı.
İlk olaraq səhnəyə çıxan Sədərək Rayon Mədəniyyət Evinin Nağaraçalanlar Ansamblının ifa etdiyi “Azərbaycan ritmləri” alqışlarla qarşılandı. Qeyd edək ki, bu ansambl instrumental ifaçılıq üzrə I dərəcəli diploma layiq görüldü.
Xalq və bəstəkar mahnıları üzrə Məqsəd Hacıyevin ifası (I dərəcəli diplom), rəqs ifaçılığı üzrə Kəngərli Rayon Mədəniyyət Evinin uşaq yallı kollektivinin çıxışı (I dərəcəli diplom) baxış-müsabiqənin janr müxtəlifliyini bir daha təsdiq etdi.
Baxış-müsabiqənin yekun konserti göstərdi ki, muxtar respublikamızda istər xalq yaradıcılığı, istərsə də incəsənətin başqa sahələrində istedadlı ifaçılar və özfəaliyyət kollektivləri çoxdur. Elsevər Məmmədov (II dərəcəli diplom), Firdovsi Səfərov (II dərəcəli diplom), Coşqun Hüseynov (III dərəcəli diplom), Fərman Allahverdiyev (III dərəcəli diplom), Əfqan Məmmədov (III dərəcəli diplom), Hüseyn İsmayılov (III dərəcəli diplom) və başqalarının ifaları alqışlarla qarşılandı.
Rəqs ifaçılığı sahəsində də istedadlı rəqqas və bədii özfəaliyyət kollektivlərinin ifaları maraqla qarşılandı. Səriyyə Rəhimlinin, Gülnar Qasım­ovanın (III dərəcəli diplomlar) ifa etdikləri milli rəqslər, folklor kollektivlərindən Çərçiboğan kənd mədəniyyət evinin uşaq yallı kollektivinin (II dərəcəli diplom) çıxışları yaddaqalan oldu.
Sonda baxış-müsabiqənin gedişində fərqlənən, yekun konsertində çıxış etməyən digər istedadlı iştirakçılar isə fəxri fərmanlarla təltif edildilər.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR