Dekabrın 18-də Naxçıvan Muxtar Respublika Kitabxanasında Miniatür kitab şöbəsinin təqdimatı olmuşdur.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov çıxış edərək demişdir ki, bu gün Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında muxtar respublika həyatında əlamətdar hadisə münasibətilə toplaşmışıq. Muxtar respublikamızda bütün sahələr kimi, kitabxanalar da qayğı ilə əhatə olunub. Kitabxanalar yeni kitablarla zənginləşdirilir, onların maddi-texniki bazaları yaxşılaşdırılır, yeni elektron kitabxanalar yaradılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılması haqqında” 2011-ci il 17 fevral, “Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 19 aprel tarixli sərəncamları, eləcə də Naxçıvan Muxtar Respublika Kitabxanasında, Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzində, Naxçıvan Dövlət Universitetində, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunda elektron kitabxanaların, həmçinin Naxçıvan Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün audio və elektron kitabxana xidmətinin yaradılması muxtar respublikada kitabxanalara, kitab mütaliəsinə göstərilən diqqət və qayğının əyani ifadəsidir.
Qeyd olunmuşdur ki, kitabxanaların maddi bazasının gücləndirilməsi, elektron kitabxanaların yaradılması milli-mədəni irsimizin qorunaraq gələcək nəsillərə çatdırılmasına, kitabxana xidmətinin forma və məzmunca yeniləşməsinə səbəb olmuşdur. Artıq yaradılmış elektron kataloq sistemi və internet saytı vasitəsilə kitabxana fondunun qeydiyyatını aparmaq, oxucuların statistikasını və maraq dairəsini müəyyənləşdirmək, ədəbiyyat fondunu oxucu sorğusuna uyğun komplektləşdirmək və yeniləşdirmək mümkündür.
150 minə yaxın kitab fondu olan Naxçıvan Muxtar Respublika Kitabxanasında 4 bölmə və 10 şöbə fəaliyyət göstərir. Bu gün burada daha bir şöbə yaradılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə yaradılan şöbə öz tərtibatı ilə fərqlənir. Otaqda miniatür kitablar üçün 11 şkaf qoyulmuş və bu şkaflarda işıqlandırma sistemi yaradılmışdır ki, bu da 1000-dən çox miniatür kitabın sərgilənməsinə imkan verəcəkdir. Burada elektron kartotekanın aparılması məqsədilə zəruri şərait yaradılmışdır. Bundan əlavə, otaqda miniatür kitabların asanlıqla oxunması üçün şriftləri verilən rejimdə böyüdən xüsusi aparat da qoyulmuşdur.
Bildirilmişdir ki, müasir dövrdə mədəniyyət nümunəsi kimi dəyərləndirilən miniatür kitablar geniş yayılıb və populyarlıq qazanıb. Bu nəşrlər təkcə məlumat və bilik vermək, mütərəqqi ideyalar yaymaq vəzifəsini daşımır. Həcmcə kiçik olsalar da, böyük dəyərə malik miniatür kitablar kütləvi satış üçün nəzərdə tutulmur, onlar xüsusi kitabxanalarda, muzeylərdə, sərgilərdə nümayiş etdirilir. İnanırıq ki, şöbədə toplanan kitablar tədqiqatçılar və oxucular üçün faydalı olacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov Miniatür kitab şöbəsinin ərsəyə gəlməsində Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Azərbaycan Miniatür Kitab Muzeyinin yaradıcısı Zərifə Salahovanın xüsusi xidmətləri olduğunu vurğulamış, buna görə də Zərifə xanıma muxtar respublikanın bütün oxucuları adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev qeyd etmişdir ki, muxtar respublikada başqa sahələr kimi, mədəni həyatımız da intibah dövrünü yaşayır. Qədim diyarımızın tarixi keçmişi ilə bağlı kitabların nəşr olunması, Naxçıvanda beynəlxalq səviyyəli elmi konfransların, simpoziumların keçirilməsi, görkəmli şəxsiyyətlərin yubileylərinin qeyd edilməsi, şair və yazıçılarımızın, elm, maarif xadimlərinin ev-muzeylərinin yaradılması bir daha təsdiq edir ki, Naxçıvan Muxtar Respublikası bu gün öz inkişafının yeni müstəvisinə qədəm qoymuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Miniatür kitab şöbəsinin yaradılması həyata keçirilən tədbirlərin davamı kimi hamımızda böyük qürur və sevinc hissi yaratmışdır.
Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi – Prezidentin köməkçisi Dilarə Seyidzadə çıxışında bildirmişdir ki, Naxçıvan çox müqəddəs torpaqdır. 1969-cu ildən başlayaraq Naxçıvanda da böyük işlər görülməyə başlanılmışdır. Bu gün hər bir naxçıvanlı ulu öndərin yolunu böyük məhəbbətlə davam etdirir. Bu torpağı qoruyan da, xilas edən də ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Heç şübhəsiz ki, Naxçıvanın bu səviyyəyə gətirilməsi Heydər Əliyev siyasətinə sədaqətin ifadəsidir.
“Azərbaycanda miniatür kitab nəşri, belə kitabların toplanılması Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahovanın adı ilə bağlıdır”, – deyən Dilarə Seyidzadə ulu öndər Heydər Əliyevin Zərifə Salahovanın miniatür kitab işi sahəsindəki fəaliyyətinə yüksək qiymət verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Dilarə Seyidzadə çıxışının sonunda Naxçıvanda mədəniyyətin inkişafına göstərdiyi böyük qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığını bildirmişdir.
Azərbaycan Miniatür Kitab Muzeyinin direktoru, “Kitab” Cəmiyyətinin sədri Zərifə Salahova çıxış edərək vurğulamışdır ki, bu gün miniatür kitablar dünyanın müxtəlif ölkələrində çap olunub yayılsa da, ilk dəfə Miniatür Kitab Muzeyi Azərbaycanda yaradılmışdır. Muzey ümummilli lider Heydər Əliyevin qayğısı ilə 2002-ci il aprel ayının 23-də Bakıda açılmışdır. Həmin muzeydə dünyanın 60-dan artıq ölkəsində çap olunan 6 minə qədər miniatür kitab toplanmışdır. Sevindirici haldır ki, həmin kitablar içərisində ölkə nəşriyyatlarının çap etdiyi miniatür kitablar da özünə yer almışdır.
Zərifə Salahova bildirmişdir ki, o, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə miniatür kitab hazırlamış, bu il sentyabr ayının 29-da Naxçıvanda həmin kitabın təqdimat mərasimində iştirak etmişdir. Naxçıvanlıların elmə, mədəniyyətə böyük maraq göstərdiklərini vurğulayan Zərifə Salahova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu qədim diyarda həyata keçirdiyi tədbirləri yüksək dəyərləndirmiş, onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmişdir.
Sonra Miniatür kitab şöbəsi ilə tanışlıq olmuşdur.
“Şərq qapısı”