İndi bu qalada həm də tariximizin yeni səhifəsi yazılır
Hərdən mənə elə gəlir ki, Əlincə qalası haqqında eşitməyən və ya məlumatı olmayan insan tapılmaz. Təbii ki, söhbət vətəndaşlarımızdan gedir. Ancaq məsələ burasındadır ki, qalada əvvəlki illərdə də üç dəfə olmuşdum, hər dəfə də orada olduğum zaman sanki ilk dəfə burada olurmuş kimi hislər keçirirdim. Adətən, insanı təəccüb və heyranlıq hislərinə qərq edən istənilən coğrafi məkanı təkrar görmək bu hisləri adiləşdirsə də, məncə, bunu Əlincə haqqında demək olmaz. Əlincə qalasının zirvəsində olmaq insana fərqli bir duyğu yaşadır. Bu duyğuda təəccüb də var, heyranlıq da, məğrurluq da...
Tarixi qaynaqlara əsaslanan tədqiqatçılar qalanı iki min il bundan əvvələ aid edirlər. Əsrlər boyu Azərbaycan ərazisində mövcud olmuş feodal dövlətlərin məhz Əlincəqalanı strateji ərazi kimi nəzarətdə saxlamağa çalışması təsadüfi deyildir. Bu qalanın Atabəylər dövründə dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu Sədrəddin Əli əl-Hüseyni “Əxbar əd-dövlət əs-Səlcuqiyyə” əsərində də qeyd edir. Onun yazdıqlarından aydın olur ki, ilk Eldəniz hökmdarları dövründə İraq və Azərbaycandan yığılan bütün gəlirlər məhz Əlincəqaladakı xəzinədə toplanmışdır.
Hətta bəzi dövrlərdə məhz Əlincəqaladakı xəzinəyə sahiblənmək uğrunda ciddi mübarizə getmişdir. Qalanın müdafiə sistemi o dərəcədə möhkəm olmuşdur ki, hətta bir çox Eldəniz hökmdarları ən çətin vaxtlarda məhz Naxçıvana sığınmağa çalışmışlar. Mənbələrdə də bununla bağlı məlumatlar var. Məsələn, sonuncu atabəy Özbəyin dövründə dövlətin Təbrizdən idarə olunmasına baxmayaraq, dağıdıcı monqol hücumlarından canını qorumaq üçün o, ilk növbədə, Naxçıvanda məskunlaşmağa çalışmışdı. İbn əl-Əsir 12 cildlik “Mükəmməl tarix” əsərində bu haqda yazır: “Təbrizin əsl hakimi Özbək Pəhləvan oğlu oranı buraxıb getmişdi. Çünki o, fəaliyyətsiz bir əmir idi. ...Tatarların Həmədandan çıxıb gəlməkdə olduqlarını eşitdikdə özü Təbrizi buraxıb Naxçıvana getmiş və ailəsini özündən uzaqlaşdırmaq üçün Xoya göndərmişdi”. Məlumatlardan o da aydın olur ki, Özbək Naxçıvana gəldikdən sonra Əlincəqalaya çəkilmişdir. Azərbaycan Atabəylər dövlətinin ən qüdrətli dövrlərində buranın xüsusi iqamətgaha çevrilməsi, dövlət xəzinəsinin məhz Əlincəqalada gizlədilməsi ərazinin və qalanın əhəmiyyətini bir daha göstərir...
Tarixi mənbələrdə məlumat verilir ki, Əlincə XIII-XIV əsrlərdə Hülakülərin, XIV əsrin ikinci yarısında isə Cəlairilərin hakimiyyəti altında olmuşdur. XIV əsrin 80-90-cı illərində qala dünyanın ən güclü hərbi qüvvələrini məğlubiyyətə uğradan Əmir Teymura qarşı mübarizənin əsas istinadgahına çevrilmiş və 14 il mərdliklə müdafiə olunmuşdur.
Əlincə qalası milli tariximizin mübarizlik simvolu sayılsa da, bu abidə hələ çox sirləri özündə gizlədir. Uzun illər tariximizin bu səhifəsi ilə bağlı yetərli araşdırmalar aparılmayıb. Ancaq muxtar respublikamızda bu gün milli tariximizə, mədəniyyətimizə göstərilən diqqət Əlincəni də öz ağuşuna alıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri qeydə alınıb pasportlaşdırılarkən Əlincəqala haqqında da məlumatlar toplanmış, Azərbaycan tarixinin yeni səhifələrinin açılmasına işıq salınmışdır. Bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilmişdir. “Muxtariyyət ili”nin əvvəllərində – 2014-cü ilin 11 fevral tarixində isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam imzalanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamından sonra Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və AMEA-nın Naxçıvan Bölməsi abidənin elmi-bərpa layihəsini hazırlamışdır. Artıq bir neçə aydır ki, Əlincəqalanın bərpasına başlanmışdır. Qeyd edək ki, qalanın iki əsas girişi olmuşdur. Bu girişlərdən biri Culfa-Qazançı avtomobil yolunun sağ tərəfindədir. Bərpa işlərinə də elə bu hissədən başlanmışdır. Belə ki, adıçəkilən avtomobil yolundan Əlincə dağının ətəklərinə qədər yol çəkilmişdir ki, bu da müxtəlif inşaat materiallarının müəyyən hissəyə qədər texniki vasitələrlə gətirilməsinə imkan verir. Buradan isə bu materiallar qalaya əllə və digər yardımçı vasitələrlə daşınır. Qısa müddət ərzində buradan qalaya qalxmaq üçün 700 saydan çox pilləkən salınmış, pilləkənlərin sağ və sol tərəflərində yağış və sel sularından qorunmaq üçün arxlar tikilmiş, suaxıdıcı borular qoyulmuşdur. Bundan əlavə, qalanın şərq və qərb hissələrini əhatə etməklə, dörd qala qapısı, eyni zamanda 200-dən çox bürcü əhatə edən qala divarları bərpa edilmişdir. Qala divarlarının bərpası zamanı divarların bərkidilməsi üçün, əsasən, əhəng məhlulundan istifadə olunmuşdur. Qalanın üstü isə hazırda böyük bir tikinti meydançasını xatırladır. Vaxtilə burada mövcud olmuş binaların bir qismi yaşayış sahəsi kimi, bir qismi isə ictimai bina kimi istifadə olunmuşdur. Bərpa zamanı burada süvarilərin atlarını saxladığı tövlələr, ərzaq anbarları və çörək bişirmək üçün təndirlər aşkar edilmişdir. Həmçinin qısa bir vaxtda burada xeyli sayda bir-birinin yaxınlığında yerləşən birotaqlı mənzillər bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılmışdır. Qazıntılar zamanı burada müxtəlif saxsı qab hissələri, həvənglər, əl dəyirmanları aşkar olunmuşdur. İş icraçısı Cabbar Hacıyevdən öyrənirik ki, qalada mövcud olan və bir zamanlar döyüşçülərin su ehtiyacını ödəyən hovuzlar təmizlənmişdir. Daşdan yonulmuş bu hovuzlardan ən böyüyünün dərinliyi bir hissədə 8 metrə, digər hissədə isə 3 metrə çatır ki, bu da, təxminən, 40 kubmetr su tutumuna imkan verir. Əsasən yağış və qar suları ilə doldurulan bu hovuzlara qayaların üzərində yonularaq açılmış arxlar vasitəsilə su dolur. Eyni zamanda inşaatçılar tərəfindən qalanın digər yuxarı hissələrinə qalxmaq üçün iri sal daş yataqları üzərində yonulma üsulu ilə pilləkənlər də salınmışdır. Əlincəqalanın ən yüksək “Şah taxtı” deyilən hissəsinə də ziyarətçilər üçün yol salınması planlaşdırılır, həmçinin buradakı qala divarlarının bərpası növbəti mərhələlərdə həyata keçiriləcəkdir.
Bəli, möhtəşəm Əlincəqala yazılı qaynaqlarda VI əsrdən etibarən xatırlanmışdır. Qalanın xatırlandığı ən qədim mənbə “Kitabi-Dədə Qorqud” dastanıdır. Əlincəqala haqqında tarixçilərdən Nəsəvi (XIII əsr), Şərafəddin Əli Yəzdi (XV əsr), türk səyyahı Övliya Çələbi (XVII əsr) və başqaları məlumat vermişlər. Artıq müasir dünya insanlarının da bu qala haqqında geniş məlumatlar almalarının, buranı ziyarət etmək imkanına malik olmalarının vaxtı yetişib. Yaxın gələcəkdə Naxçıvan, tarixinin daha bir səhifəsini onu ziyarət edənlərin üzünə açacaqdır. Bunun üçün isə bu gün Əlincəqalada yeni tarix yazılır... Yazılır ki, həm də qədim tarixi oxumaq mümkün olsun.
Səbuhi HƏSƏNOV