Dekabrın 5-də Culfa Rayon Mədəniyyət Evində “İstedadlar sorağında” adlı bədii özfəaliyyət kollektivlərinin baxış-müsabiqəsinə start verilib. Baxış-müsabiqənin keçirilməsində məqsəd rayon (şəhər) Mədəniyyət və Turizm şöbələrinin tabeliyində olan klub və mədəniyyət müəssisələrindəki özfəaliyyət kollektivlərində yaradıcı şəxslərin üzə çıxarılması, ənənəvi sənət növlərinin, həmçinin dekorativ-tətbiqi sənət və rəsm sahələrinin inkişaf etdirilməsi, xalq və bəstəkar mahnılarının, milli musiqi alətlərinin, ümumiyyətlə, xalqımızın mədəniyyət və incəsənətinin təbliğ edilməsidir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən baxış-müsabiqə iki turdan ibarət olacaq. Müsabiqənin I turu 5-9 dekabr tarixlərində zonalar üzrə keçiriləcək və qaliblər II turda iştirak edəcəklər. Yaş məhdudiyyəti qoyulmayan müsabiqədə ifa tərzi və səhnə mədəniyyəti kimi meyarlar əsas götürüləcəkdir. Mədəniyyət müsabiqəsində ifaçıların qiymətləndirilməsi məqsədilə münsiflər heyəti yaradılıb.
Culfa Rayon Mədəniyyət Evində keçirilən müsabiqənin ilk günü maraqlı və yaddaqalan olub. Rayon Mədəniyyət Evinin foyesində sərgilənən mis üzərində döymə, tikmə, toxuma, miniatür rəsm və başqa sənət nümunələri tamaşaçıların marağına səbəb olub.
Rayon Mədəniyyət Evində milli musiqi alətlərimiz, xalq mahnı və rəqsləri üzrə ifaların dinlənilməsinə başlanılıb.
Baxış-müsabiqənin sonunda Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsi üzrə iştirak edən kollektivlərin və yaradıcı şəxslərin ifaları və əl işləri münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Fərqlənənlər dekabrın 17-də Naxçıvan şəhərində keçiriləcək yekun turda iştirak etmək hüququ qazanıblar.
Əli RZAYEV