Muxtar respublikada 1995-2014-cü illərdə bütün sahələr kimi, mədəniyyət sahəsi də əsl intibaha qovuşub. Naxçıvan Muxtar Respublikasında 350-dən yuxarı mədəniyyət obyektinin tikilərək və ya yenidən qurularaq istifadəyə verilməsi regionda mədəniyyətin inkişafına real təminat yaradıb. Bunu region sakinləri ilə yanaşı, buraya ölkə paytaxtından, digər bölgələrdən, xarici ölkələrdən gələn qonaqlar da görür və yüksək dəyərləndirirlər. Yeri gəlmişkən onu da qeyd edək ki, mədəniyyətin belə sürətli inkişafı qədim diyara görkəmli sənət adamlarının, incəsənət ustalarının marağını xüsusilə artırıb. Hər il Bakı şəhərindən muxtar diyarımıza qonaq gələn, öz çıxışları ilə region sakinlərinə mədəni xidmət göstərən sənət adamları Naxçıvanın, onun mədəniyyətinin inkişafından ağızdolusu danışırlar. Ötən həftə Azərbaycanın bir qrup tanınmış müğənnisi muxtar respublikamızda olub, Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında geniş konsert proqramı ilə çıxış edib. Konsertdən sonra Azərbaycan Respublikasının Xalq artisti Aygün Bayramova ilə görüşüb həmsöhbət olduq.
– Aygün xanım, naxçıvanlılar sizi muğam sənətinin mahir ifaçısı və təbliğatçısı kimi tanıyır və sevirlər. Budəfəki ifanız da bizə xoş ovqat bəxş etdi...
– Əvvəla onu deyim ki, mən qədim və ulu Azərbaycan torpağı olan Naxçıvanda dəfələrlə olmuşam. İlk dəfə mərhum sənətkarımız Həsənağa Qurbanovun rəhbərlik etdiyi Gülarə Əliyeva adına “Dan ulduzu” vokal instrumental ansamblının tərkibində Naxçıvana gəlmişəm və burada bir neçə konsertdə iştirak etmişəm. Naxçıvanın bütün bölgələrini gəzmişəm. Bütün rayonlarda konsertlərimiz olub. Səmimi deyim ki, hər dəfə gəlişimdə burada yeniliklə rastlaşıram. Naxçıvan şəhəri, həqiqətən, son illər ərzində daha da gözəlləşib. Əzmli Naxçıvan əhalisi muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə qurub-yaradır, quru çölləri gülüstana çevirir. Naxçıvan bu gün uğurlu və davamlı inkişaf yoluna qədəm qoyub. Şərqin qapısı sayılan bu qədim türk yurdu ən gözəl, ən abad diyarlardan birinə çevrilib. Tarixən öz kökünə, adət-ənənələrinə bağlı olan Naxçıvanın nailiyyəti Azərbaycanın nailiyyətidir. Buna görə də gördüyümüz hər yeniliyə biz ürəkdən sevindik, şad olduq.
– Naxçıvanın mədəni mühitini necə dəyərləndirirsiniz?
– Mən deyərdim ki, bu gün Naxçıvanda mədəniyyət özünün intibah dövrünü yaşayır. Xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğamın təbliği, gənc nəslə aşılanması Naxçıvan Muxtar Respublikasında da diqqət mərkəzindədir. Bu məqsədlə görülən işlər təqdirəlayiqdir. Muxtar respublikada bu istiqamətdə görülən işlər, muğam üçlüklərinin yaradılması, musiqi məktəblərində muğamın tədrisinə ciddi diqqət yetirilməsi neçə-neçə gənc ifaçının üzə çıxmasına şərait yaradıb. Çox sevinirəm ki, Naxçıvanda mədəniyyət bu dərəcədə inkişaf edib. Tarixən Naxçıvan Azərbaycan mədəniyyətinə, incəsənətinə dahi şəxsiyyətlər bəxş edib. Bu torpaq böyük şairlərin, yazıçıların, el sənətkarlarının, musiqiçilərin vətəni olub. İndi də bu ənənə uğurla davam etdirilir. Çox sevindirici haldır ki, bu gün Naxçıvanda Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin, xalq mahnılarının, folklorunun, eləcə də milli irsimiz sayılan muğamın qorunub saxlanılmasına böyük diqqət yetirilir. Regionda yeni klublar, mədəniyyət evləri, musiqi məktəbləri tikilir. Uşaqların, yeniyetmə və gənclərin musiqi təhsili almaları üçün hər cür şərait yaradılır. Bilirəm ki, Naxçıvan 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilib. Bu, muxtar respublikaya verilən yüksək qiymətdir. Bir mədəniyyət işçisi kimi mən əminəm ki, Naxçıvan bu şərəfli adı böyük qürurla daşıyacaqdır. Onu da qeyd etmək istəyirəm ki, muxtar respublikada mədəniyyət sahəsində çalışan insanlara fəxri adların, təqaüdlərin, mükafatların verilməsi onların əməyinin ən yaxşı qiymətidir.
– Son olaraq muğamlarımızın təbliği sahəsindəki işlər barədə nə deyə bilərsiniz?
– Keçmişin klassik musiqi sərvəti olan muğamlar milli musiqi mədəniyyətimizin əhəmiyyətli bir hissəsini təşkil edir. Cəsarətlə demək olar ki, heç vaxt muğam sənətimiz belə qayğı ilə əhatə olunmayıb. Əksinə, bəzi vaxtlarda muğama barmaqarası baxanlar, onu vaxtı ötmüş sahə hesab edənlər olub. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük vətənpərvərliyi, xalqın milli sərvətinə canıyanarlığı bu gün muğamı layiq olduğu səviyyəyə qaldırıb. Muğam müsabiqələrinin keçirilməsi, istedadlı gənclərin bu sahədəki bacarıq və qabiliyyətlərinin üzə çıxarılması istiqamətində görülən işlər bütün musiqisevərlər tərəfindən rəğbətlə qarşılanır. Bakıda keçirilən muğam müsabiqələri bunun əyani ifadəsidir. Müsabiqələr sübut etdi ki, xalqımız minillik tarixi olan, illərin sınağından mətanətlə çıxan, cilalana-cilalana dövrümüzə gəlib çatan muğamı çox sevir. Mən burada olduğum müddətdə Naxçıvanda da muğama böyük maraq göstərildiyini görmüşəm. Son illər bu torpaqdan gənc muğam ifaçıları yetişir. Elə ötən il “Muğam Müsabiqəsi – 2013” televiziya müsabiqəsində naxçıvanlı gənc muğam ifaçısı Sərxan Bünyadzadənin qalib olmasını misal gətirə bilərəm.
Müsahibə üçün sağ olun...
Müsahibəni apardı:
Sara ƏZİMOVA