24 Dekabr 2024, Çərşənbə axşamı

Məhəmməd Tağı Sidqinin yaradıcılığı öz aktuallığı ilə bu gün də gənclərin təhsillənməsi, tərbiyələnməsi və psixoloji inkişafında böyük önəm kəsb edir. Onun “Nümuneyi-əxlaq” dərsliyindəki imla mətni kimi düşünülmüş bədii nümunələrdən pedaqoji mülahizə qatını ayırıb hekayə hissəsini ayrıca oxuduqda bunların bitkin və mənalı uşaq hekayələri olduğu nəzəri cəlb edir.
Dərsliyin müqəddiməsində Sidqi yazır: “Üsuli-cədid üzrə açılan məktəblərimizdə kütübi-tədrisəyə nəhayət dərəcədə ehtiyacımız olduğu üçün 1894-cü ildə Naxçıvan şəhərində güşad olunan “Məktəbi-Tərbiyə”nin şagirdlərinin birinci sinfinin ikinci şöbəsinə bir il müddətində həftədə iki dəfə imla təriqilə yazdırdığım əxlaqa dair dərsləri yığıb bir risalə şəklində cəm etdim və bu risalənin mündəricatı əbnayi-millətin (millət oğulları anlamında – L.A.), xüsusən tərbiyə və təhsilə alışan balaların təhzibi-əxlaq (əxlaq təlimi anlamında – L.A.) və tənviri-əfkarına (fikirlərin aydınlaşması – L.A.) müavinət edəcək ümidilə “Nümuneyi-əxlaq” namı ilə mövsüm qıldım...” Dərslikdə 40 imla mətni verilmişdir. Şagirdləri müsbət əxlaqi keyfiyyətlərə və vərdişlərə yiyələndirmək məqsədi güdən Sidqi əsərdə müxtəlif tərbiyəvi-didaktik süjetlərə müraciət edir və lazım gəldikdə öz fikirlərinin şərhində bədii nəsr nümunələrinə yer verir. Dərslikdə “Ədəbli və tərbiyəli uşaq”, “Doğruçul uşaq”, “Yalançı uşaq”, “Nəfsi salamat uşaq”, “Xəsis və paxıl uşaq”, “Ata-anasını və müəllimini sevən uşaq” və sair başlıqlar altında imla mətnləri verilir.

“Nəfsi salamat uşağın hekayəsi” adlanan iyirmi dördüncü imla mətnində müəllif maraqlı tərbiyəvi süjetdən istifadə etmişdir. Hekayədə oxuyuruq: “Bir möhtərəm şəxsin dörd oğlu var idi. Həmişə onların təlim və tərbiyəsinə məşğul olub, balalarının nəşvü-nüma etməsindən qəlbini şad və məsrur edərdi. O uşaqların böyüklüyündə bir-birinə nisbət adları budur: Firuz, Bəhram, Rauf, Əziz. Bir gün qohumlarının evlərindən onlara bir neçə hulu göndərmişdilər. Atası ondan oğlanlarının hər birinə birini verdi. Axşam taamından sonra verdiyi hulunun nəyə və necə sərf olunduğunu oğlanlarından sual eylədi.
Firuz dedi: – Mən onu satdım bir qiymətə ki, hulunun bol və firavan vaxtında o məbləğə beş girvənkə almaq mümkündür.
Ondan sonra Bəhram dedi ki, mən yedim. Çox şirin və lətif meyvə idi. Amma dənəsini saxlamışam ki, bağçamızda əkim. Bəlkə, gələcəkdə biz də bir elə meyvə ağacına malik olaq. Üçüncü oğlu Rauf dedi: – Ey mehriban ata, mənə verdiyin hulunun nisfini (yarısını) özüm yedim və nifsini verdim anama. Çünki mən anamı o biri qardaşlarımdan çox istərəm.
Sonra Əziz nəhayəti-ədəb ilə dedi ki, ey ata, sən mənə hulunu verəndən sonra xatirimə düşdü ki, qonşumuzun oğlu Əyyub ki mənim məktəb yoldaşımdır və neçə gündür ki, naxoşdur, onu yoluxmağa getdim. Əhvalını soruşub hulunu qoydum onun yasdığının yanına. Atası bu sözləri eşitcək oğlunu qucaqlayıb öpüb, sevib, “afərinlər” söylədi”.
Bu tərbiyəvi təsvirdən sonra Sidqi şagirdlərə müraciətlə yazır: “Ey mənim oğlanlarım! İndi diqqətlə mülahizə edib bu uşağımın halına dürüst mütəvəcceh olanda insana nə qədər fərəh üz verir ki, bu balaca uşağın fikrində və xəyalında nə qədər insaniyyət havası və nəfsi bütünlük əlaməti görünür. Doğrudan, çox afərin və mərhaba olsun bizim bu əzizimiz olan Əziz adlı uşağa ki, o, xırda vaxtında məktəb yoldaşının fikrinə qalanda, məlumdur ki, böyüyəndə nə qədər rəhmdil və insaniyyətli və nəfsi salamat adamlardan olacaqdır. Həmişə öz qohum və əğrəbasının, ata və anasının, millətinin və dövlətinin asayiş və istirahət və tərəqqisinin fikrinə qalacaqdır...”
Görkəmli pedaqoq-alim M.T.Sidqi “Nümuneyi-əxlaq” dərsliyində şagirdlərinə aşağıdakı kimi səslənir: “Ey mənim cəsur şagirdlərim!”, “Ey mənim xoşəxlaq şagirdlərim!”, “Ey mənim təmkinli şagirdlərim!”, “Ey mənim zirək və huşyar şagirdlərim!”, “Ey mənim doğruçu şagirdlərim!”, “Ey mənim qeyrətli şagirdlərim!” və sair. Bu kimi yanaşmalarla Sidqi şagirdlərə cəsur, xoşəxlaq, təmkinli, qeyrətli olmağı təlqin etməklə pedaqoji ustalıqdan da məharətlə istifadə etmişdir.
Bildiyimiz kimi, Azərbaycan məktəb və pedaqoji fikir tarixində pedaqogika dərsliyinin tərtibinə ilk təşəbbüs göstərən Məhəmməd Tağı Sidqi olmuşdur. Görkəmli pedaqoq-alim Sidqinin “Pedaqogika” dərsliyi göstərir ki, Sidqi Azərbaycanda pedaqoji fikrin inkişafına müstəsna xidmət göstərmiş simalardan olmuşdur. Məlumdur ki, Sidqiyə qədər bir sıra Azərbaycan ziyalıları, yazıçıları və maarifçiləri yeri gəldikcə öz əsərlərində tədris, təlim-tərbiyə, maarif və məktəb haqqında müxtəlif dəyərli fikirlər irəli sürmüşlər. Lakin Sidqi qədər pedaqoji sahədə fərqlənməmişlər. Bunlara həm Sidqinin bütün pedaqoji yaradıcılığı, həm də onun əlyazması şəklində tərtib etdiyi “Pedaqoqiya” dərsliyi əsaslı sübutdur.
Məhəmməd Tağı Sidqinin ən böyük maarifçilik ideyalarından biri də Naxçıvanda “Qız məktəbi” açmasına təşəbbüs göstərməsi və çətinliklə də olsa, bu arzu və istəyinə nail olmasıdır (1896). Bildiyimiz kimi, cahil və fanat mollaların, axundların, zahidlərin baxışlarına görə, qızların oxuması, məktəblərdə təhsil alması dinə qarşı çıxmaq kimi dəyərləndirilirdi. Məhəmməd Tağı Sidqi isə “Qurani-Kərim”dən ayələr göstərərək insanları inandırmağa çalışırdı ki, qızların təhsil almasında heç bir qadağa yoxdur. Sonralar bu mənzərəni Sidqinin müasiri Məşədi Zeynalabdın belə xatırlayır: “Mirzə Təqi müəllimlə mollaların, müşteyidlərin bərk davası düşdü... Onlar istəmirdilər ki, Sidqi müəllim qızları oxutsun. Əslinə baxsan, heç bizim də könlümüz yox idi. Elə ki Mirzə Təqi müəllim qızların oxumasını “Quran”ın da tələb etdiyini camaata oxuyub göstərdi, daha şəkk olmadı”.
Ümumiyyətlə, Sidqinin yaşadığı dövrdə fanat mollalar, axundlar nəinki qızların və ya oğlanların məktəbə cəlb olunmalarına, habelə qəzet oxumağa belə pis nəzərlə baxır və şəriətdən kənara çıxmaq kimi dəyərləndirirdilər. Sidqi açıq şəkildə yazırdı ki, din alimlərinin nəzərində qəzet almaq və oxumaq küfrdür. Din alimlərinin təsiri altında varlılar, tacirlər, əsnaflar, avamlar və başqaları da qəzet alıb oxumağı günah, yaxud da, ümumiyyətlə, müsəlmanları yoldan çıxarmaq kimi başa düşürlər: “Qəzetə almaq, qəzetə oxumaq üləma mülahizəsində küfrdür, tüllab nəzərində günah, tüccar içində təzyin-ofqat, əsnaf arasında ləğviyyat və avam yanında lap heç zaddır. Özgə yerləri bilməyirəm, hələ bu tərəflərdə bir para ... tələbələrin nəzərində (ki zatən türk oğlu türkdür) türki dilində hər nə yazılmış olsun, şayani-etina deyildir. Qəzetə ki olsa, pənah bərxuda! Həmçinin onun əqidəsinə görə, farsi dilində yazılan ruznamələrə də baxmaq günahdır. Bunu da mübaliğəsiz deyirəm. Hərgah eşitsə ki, ərəb lisanında qəzetə nəşr olunur, günahi-kəbirə (böyük günah) hesab edib və onun mühərririni kafiri-mütləq bilir. Ondan ötrü ki, ərəb lisanı Allah və peyğəmbər lisanıdır ki, onunla “Qurani-məcid” nazil olub. O dildə qəzetə yazmaq, əlbəttə, cürmi-əzimdir. Odur ki, bir para maarifpərəst binəvalar və millətdust biçarələr labüd qalıb “qəzet” kəlməsini zikr etməyi dillərində adət verməyiblər”.
M.T.Sidqi qəzet haqqındakı düşüncələrini aşağıdakı sözlərlə ümumiləşdirir: “...Mehriban qardaşlar! Səyli yoldaşlar! Qeyrət dəmidir. Fürsət zamanıdır. Qəflət etmiyəlim. Maarifə meyil edəlim. Cəhalətdən çıxalım. Qəzet oxuyalım! Qəzet oxuyalım! Qəzet oxuyalım!”

Yekun olaraq qeyd edək ki, M.T.Sidqi bir vətənpərvər maarifçi kimi bütün yaradıcılığı boyu mütəmadi olaraq milli-demokratik mövqedən çıxış etmiş, vətən və millətin maariflənməsi yolunda yorulmadan çalışmışdır. M.T.Sidqi Azərbaycan məktəb və pedaqoji fikir tarixində milli məramı düzgün dərk etmiş, özünün maarifçi-publisist fəaliyyətində bu müqəddəs mərama axıra qədər sadiq qalmışdır.

Lalə ALLAHVERDİYEVA
pedaqogika üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR