24 Dekabr 2024, Çərşənbə axşamı

Məhəmməd Tağı Sidqi Səfərov ömrünü Azərbaycan maarifinə həsr edən dahi bir şəxsiyyət, görkəmli maarifçi, nəhəng pedaqoq, dövrünün aparıcı simalarından biri idi. Bu fədakar, yorulmaz, millətcanlı şəxsiyyət hələ Ordubadda kasıblığın daşını atmaq üçün işlətdiyi çayxanada da maarifçilik amalına sədaqət göstərmiş, burada toplaşan insanların dünya hadisələri və digər məsələlərdən xəbərdar olması üçün mümkün vasitələrdən istifadə etmişdir. 

Təsadüfi deyil ki, onun bu çayxanası görkəmli şəxsiyyətlər tərəfindən “maarif ocağı” kimi də qiymətləndirilirdi. Oğlu Məmmədəli Sidqi də nəhəng pedaqoqun çayxanası haqqında bunları yazmışdır: “O zaman atamın çayçı dükanı Ordubad ziyalılarının yığıncaq yeri olur. Atamın təbi olduğuna görə, xüsusən Şərq ədəbiyyatına yaxşı bələd olduğuna görə haman çayçı dükanında Sədi, Hafiz, Firdovsi, Nizami kimi şairlərin şeirləri oxunur və təhlil olunurdu. Eyni zamanda atam o zaman İrandan, Rusiyadan və Türkiyədən qəzetələr də alıb oxuyarmış. Məsələn, İrandan “Nasiri”, Baxçasaraydan İsmayıl bəy Qaspirinskinin nəşr etdiyi “Tərcüman”, İstanbulda çıxan “Əxtər” qəzetələrini alırmış. Bu qəzetələr çox vaxt atamın həmməsləkləri arasında gizlincə oxunarmış. “Tərcüman” qəzetəsinin atama böyük təsiri olmuşdur. Çünki o zaman “Tərcüman” qəzetəsinin müdiri Qaspirinski Rusiyada yaşayan müsəlmanlar üçün yeni üsulla məktəblər açılması yolunda uzun müddət mübarizə aparırmış... “Tərcüman” qəzetəsinin təsiri altında atam və ona bu yolda ən birinci və yaxından kömək edən Hüseyn Sultan Kəngərlinski, nəhayət, Ordubadda yeni üsulla bir məktəb təşkil etmək fikrinə düşürlər”. 

Məhəmməd Tağı Sidqinin həyatı və fəaliyyəti maarifçilik idealları ilə zəngindir. Mirzə Cəlil Şürbi bu nəhəng simanı yaxından tanıyan bir müasiri kimi onun haqqında haqlı olaraq yazırdı: “O, elə bir mühərrir və müdərris idi ki, səsi bütün Yaxın və Orta Şərqi maarif nuruna qərq etmişdi”.
M.T.Sidqi başdan-ayağa maarifçi idi. Onun maarifpərvər insan Hüseyn Sultan Kəngərli ilə birlikdə 1892-ci ildə Ordubadda yaratdığı “Əxtər”, Naxçıvanda yaradılan “Tərbiyə” (1894) məktəblərindəki pedaqoji fəaliyyəti, “Əxlaq nümunələri”, “Qızlara hədiyyə”, “Coğrafiya” və sair əsərləri Sidqinin maarifçi-pedaqoji fəaliyyətinin əsasını təşkil edir.
Ordubadda açılan yeni üsullu “Əxtər” məktəbi Məhəmməd Tağı Sidqinin pedaqoji ustalığının yayılmasına imkanlar açmış və camaat bu görkəmli ziyalının işindən hədsiz dərəcədə razı qalaraq övladlarının yeni məktəblərdə təhsil almalarına kütləviliklə razılıq verməyə başlamışdır. Buna görə də böyük pedaqoqun müasiri və yaxın dostu olmuş Cəlil Məmmədquluzadə ustad müəllimin vəfatı münasibətilə yazdığı “Getdi cahandan həzrəti Sidqi...” başlıqlı məqaləsində onun kütlə içərisində qazandığı hörmət və etibar barədə belə yazırdı: “...Çox zamanlar çəkər ki, mərhumun adı vətəndaşlarımızın yadından fəramuş ola. ...Nədir buna bais? Nə eləyibdi bizə Sidqi ki, onun dünyadan getməyinə bu qədər ah-nalə çəkib ağlayırıq? Cavabım budur: ah-naləmiz məhz bir ondan ötrü deyil ki, Sidqi şəhərimizdə bir nizamlı məktəb açmış. Ah-naləmiz ondan ötrü deyil ki, əgər Sidqi olmasaydı, bəlkə, hələ indiyədək yazıq vətənimizin fəqir balaları məcbur idilər, dükanların qaranlıq bucaqlarında və samanlıqların soyuq künc­lərində, nəm torpaqlar üstə çöküb cırıq çərəkələrin üstə səriştəsiz müdərrislərin çubuqlarının xofundan göz yaşı töksünlər...” Böyük ədibin “o hörmət və məhəbbət ki, camaatımız mərhuma göstərirdi, indiyə kimi heç bir şəxsə göstərməyib. Mərhumu canü-dildən dost tuturdular mollalar, seyidlər, xanlar, əsnaf və hammal. Küçə və bazarda Sidqini barmaq ilə göstərirdilər” kimi sözləri də Məhəmməd Tağı Sidqinin cəmiyyət və onun hər bir üzvü arasında qazandığı sonsuz ehtiram və etibarı aydın nümayiş etdirə bilir. Mirzə Cəlil Şürbinin: “Şəhri-Naxçıvanda elə bir hacı, elə bir ustad, elə bir uşaq və elə bir müəllim tapılmazdı ki, Sidqinin dəryayi-hikməti qarşısında diz çökməsin və ona səcdə etməsin” sözləri də bu görkəmli pedaqoqa əhalinin müxtəlif təbəqələrinin hörmətini göstərən sanballı dəlillərdəndir.
Görkəmli pedaqoq-maarifçinin məktəbindən məzun olan şəxsiyyətlər sırasında Azərbaycan xalqının qabaqcıl simaları olan Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əli Səbri Qasımov, İbrahim Əbilov, Əziz Şərif və çoxsaylı digər görkəmli adamlar var idi. Bu ehtirama və hörmətə isə Sidqi öz əməlləri – maarifpərvərliyi, insanpərvərliyi, möminliyi və dindarlığı, böyüklərə sayğısı və uşaqlara qayğısı sayəsində nail olmuşdu. Məhəmməd Tağı Sidqi, bəlkə də, yeganə şəxsiyyət idi ki, təzadlı dövr olan XIX əsrin sonları, XX əsrin əvvəllərində həm kütlə tərəfindən, həm də ziyalı, ədib və hörmətli şəxslər tərəfindən eyni dərəcədə hörmətlə qarşılanır və yad olunurdu. Təkcə bu fakt Məhəmməd Tağı Sidqinin avam camaat arasında hörmət və nüfuzunu göstərməyə kifayətdir ki, atası Molla Abdulla tərəfindən din xadimi olmaq üçün ağaca dırmaşdırılan Hüseyn Cavidi yeni üsullu məktəbə getməyə razı saldıran məhz bu şəxsiyyətin hörmətəlayiq sözü və məsləhəti idi. Hüseyn Cavidin dindar valideynlərini razı salmağa yalnız Məhəmməd Tağı Sidqinin sözü kar eləmişdi. Hüseyn Cavidin istedadının vaxtında aşkarlanması, düzgün istiqamətlənməsi və inkişafına yol açan da, onu Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində Cavid zirvəsinə qaldıran yola çıxaran da məhz müəllimlər müəllimi ustad Məhəmməd Tağı Sidqi olmuşdur. Buna görə həmişə əziz müəllimini hörmətlə yad edən Hüseyn Cavid bu görkəmli şəxsiyyətə “böyük ustad və cəlallı atamız” deyə müraciət edirdi. Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin Məhəmməd Tağı Sidqinin maarifçilik sahəsindəki fəaliyyətinə verdiyi yüksək qiymət Azərbaycan ziyalılığının onun haqqındakı qənaətlərini özündə ümumiləşdirən bir fikir kimi olduqca diqqətəlayiqdir: “Naxçıvan şəhərində haman məktəbi (“Tərbiyə” məktəbinə işarə edilir – müəllif) həzrəti-Sidqi təsis edən zaman belə qaydalı müsəlman mədrəsəsi nəinki İrəvanda, bəlkə, Qafqazın müsəlman şəhərlərinin çoxunda yox idi. Sidqi Naxçıvana gəlmə­miş şəhərimizin camaatı təzə qayda üzrə elm təhsil etməyi xoşlamayıb, təzə üsul məktəbxana açılmasına bilmərrə rağib deyildi… Sidqi Naxçıvana gələn kimi burada, guya ki, zəmanə birdən təğyir tapdı. Mərhumun vəz və nəsihətinin səmərəsi bir az vaxtda görsəndi. Hər bir kəs dünən deyirdi: “Mən sizin təzə məktəbinizi istəmirəm”, bu gün Sidqi ilə söhbət edəndən sonra söyləyirdi: “Razıyam!” ...Sidqinin vətənimizə etdiyi qulluğun qədrini bilməkdən ötrü lazımdır, müqabilə etmək camaatımızın savad və arif aləmində olan indiki əhvalı ilə 10 il bundan əvvəl olan halətini. Tərəqqi çox artıq görünür və əgər söyləsək ki, bu tərəqqinin onda doqquzuna bais məhz Sidqidir, insafdan və həqiqətdən bilmərrə uzaq olmaz”.
Məhəmməd Tağı Sidqi şəxsiyyət etibarilə imanlı dindar və mömin olduğu kimi, xalqına bağlı, insanpərvər, vətənin nicatı üçün çalışan, İslamın buyurduğu kimi insanlara elm, bilik və savad öyrədən işıqlı bir şəxsiyyət idi. Bu səbəbdən də onu cəmiyyətin hər bir təbəqəsi sevir, hörmətini saxlayırdı. Bu səbəbdən də onun dediyi sözlər Mirzə Cəlilin dediyi kimi, “özgə şəklə düşüb, əlahiddə məna” qazanırdı, həmsöhbətini bütün fikrindən daşınmağa, onunla razılaşmağa, balasını yeni üsullu məktəbdə oxutmağa razı saldırırdı.
Bir çox ictimai mübahisələrin də həllində Məhəmməd Tağı Sidqinin nüfuzu əhəmiyyətli rol oynamışdı. İsmayıl bəy Qaspıralı və Məhəmməd ağa Şahtaxtlının, Əlimərdan bəy Topçubaşovla Əhməd bəy Ağayev arasındakı münaqişə və mübahisənin xalq, ictimaiyyət arasında düzgün anlaşılması, tərəflər arasında barışığın əldə olunması sahəsində də onun sözü mühüm rol oynamışdı. Bütün bunlar isə bu görkəmli şəxsiyyətin nüfuzundan qaynaqlanırdı.
Bəli, bu gün anadan olduğu vaxtdan düz 160 il sonra yubileyi hörmət və ehtiramla qeyd edilən Məhəmməd Tağı Sidqi belə nümunəvi ustad və peşəkar bir ziyalı, müəllim idi. Görkəmli pedaqoq-ədibin 160 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı həm bu görkəmli şəxsiyyətə, onun bir zamanlar Naxçıvanda təhsilin və milli inkişafın güclənməsinə göstərdiyi əvəzsiz xidmətlərə verilən ən layiqli qiymət, həm də onun fədakar müəllimlik əməyi və fəaliyyətini bu günün və gələcəyin müəllimlərinə təbliğ etmək kimi mühüm əhəmiyyət daşıyır.
“Şərqi-Rus” qəzetinin də vaxtilə bu unudulmaz pedaqoq haqqında yazdığı kimi: “Əgər ki özü bu aləmdən getdi, lakin mərifət və qeyrət toxumunu insaniyyət bağında əkib səmərəsi ələd-dəvam yetişməkdədir. Və asari-ədəbiyyəsi ilə cəridəyi-aləm səhifəsinə adını səbt edib özünə bir mənəvi heykəl ucaltdı”.

Ramiz QASIMOV
filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR