24 Dekabr 2024, Çərşənbə axşamı

M.T.Sidqi bədii yaradıcılığa ilk gənclik illərindən başlamışdır. O, rəhbərlik etdiyi “Əncüməni-şüəra” ədəbi məclisində Sədi, Hafiz, Xəyyam, Cami, Nəvai, Nizami və Füzuli kimi klassik şairlərin əsərlərinə nəzirə və bənzətmələr yazır, klassik Azərbaycan və Şərq şairlərinin ədəbi ənənələrini poeziyada davam etdirirdi. Bu ənənələr sonralar Sidqinin lirikasında maarifçilik ünsürləri ilə əvəz olunur. Bu isə onu sübut edir ki, Sidqi XIX əsr Ordubad ədəbi mühitində qəzəl janrını klassik fəlsəfi lirika ənənələrindən uzaqlaşdırmış, ona ictimai-realist və maarifçi məzmun vermişdir. Şairin maarifçi-realist üslubda yazılmış bir sıra qəzəllərində millət dərdi, vətən və xalq taleyi problemi əsas və aparıcı mövzuya çevrilir.

M.T.Sidqi bir maarifçi-şair kimi xalqın ictimai tərəqqidən və mədəniyyətdən geri qalmasının əsas səbəbini elmsizlikdə və cəhalətdə görürdü. 

Açdığı yeni üsullu “Əxtər” məktəbinin Azərbaycan milli təhsili üçün əvəzsiz əhəmiyyətini dərk edən Sidqi öz şagirdlərinə xitabən yazırdı:
Əcəb xöşbəxt olur hər kəs,
Tutub məba bu məktəbdə.
Cəhalətdən çıxar hər kim,
Edə sükna bu məktəbdə.
M.T.Sidqinin maarifçi-realist şeir yaradıcı­lığında onun “Məsnəviyyati-mədəniyyə” adlı tənqidi-realist əsəri də xüsusi əhəmiyyət kəsb edir. Əsər publisist şeir janrında qələmə alınmışdır.
Bu əsər mövzusunun aktuallığı və tənqid hədəflərinin genişliyi baxımından XIX əsr Azərbaycan maarifçi-realist poeziyasında bir yenilik idi.
Hər kəsin ki başında vətən eşqi olsa,
Onun eşqi gözəl eşqlərdəndir.
Hər kimin ki aşiqliyi millətpərəstlikdir,
Doğrudan da, o, eşq badəsindən məstdir
Ki, canı və qəlbi ilə vətən övladına yanır
Və vətən övladına elm öyrədir – (şeirlər farscadan sətri tərcümədir).
M.T.Sidqinin maarifçilik fəaliyyətində onun uşaq ədəbiyyatı sahəsindəki xidmətləri də mühüm yer tutur. “Nümuneyi-əxlaq”, “Qızlara hədiyyə”, “Coğrafiya” Sidqinin tədris üçün qələmə aldığı dərsliklərindən idi. Bu dərsliklərə salınmış imla mətnlərinin içərisində Sidqinin uşaqlar üçün xeyli hekayələri verilmişdir. “Qızlara hədiyyə” dərsliyinə saldığı “Sitarə və xalası”, “Ruqiyyənin söhbəti”, “Övlad məhəbbəti”, “İki bacının söhbəti” kimi hekayələr öz orijinallığı və bədiiliyi ilə seçilən uşaq bədii nəsrinin nümunələri idi.
“Rübabə” hekayəsində Sidqi öz fərdi və milli xüsusiyyətləri ilə başqalarından seçilən bir məktəbli qızın obrazını yaradır. Rübabə adlı bu qız dərs əlaçısı olmaqla yanaşı, gözəl tikiş tikir, xörək bişirir, süfrə başında ədəb-ərkanla oturub yeyib-içir, təmiz və səliqəlidir, həmişə özündən böyüklərin hörmət və ehtiramında dayanır. Müəllif Azərbaycan məktəbli qızlarına xas olan müsbət mənəvi-əxlaqi keyfiyyətləri Rübabənin üzərində cəmləşdirir. Hekayədə təsvir olunan Rübabə böyük şair-dramaturq Hüseyn Cavidin “Qız məktəbində” adlı şerində təsvir olunan balaca məktəbli qız Gülbaharın surətini yada salır. Gülbahar da Sidqinin balaca qəhrəmanı Rübabə kimi məktəbli qıza xas olan müsbət əxlaqi keyfiyyətləri özündə birləşdirir. Çox güman ki, Sidqinin “Tərbiyə” məktəbində təhsil alan Hüseyn Cavid öz müəllimindən bu hekayəni eşitmiş və özünün ilk şeir yaradıcılığında həmin mövzudan istifadə etmişdir.
“Analar bəzəyi” hekayəsində Sidqi bütün həyatını doğma balalarının tərbiyəsinə sərf etmiş mənəviyyatca zəngin bir ananın xarakteri ilə bərbəzək düşkünü olan meşşan təbiətli bir qadının xarakterini qarşı-qarşıya qoyur. Müəllif ananın övladlarına olan qayğıkeşliyini, onun övlad tərbiyəsində oynadığı həlledici rolunu və ailədəki valideynlik borcunu səciyyələndirərək yazırdı: “Övlada əvvəlinci təlim və tərbiyə verən anadır. Anaların rəftarı və girdarı, hal və hərəkəti balaların qəlbinin aynasına əks salır. Elmli və mərifətli analar süd verən vaxtdan başlayıb övladlarının təlim və tərbiyəsinə məşğul olurlar. Onlar balasının təlim və tərbiyəsini özünün bəzənib-düzənməyindən vacib bilirlər”.
Bu mülahizələrdən sonra müəllif hekayənin əsas məzmununa keçir.
Hekayədə təsvir olunur ki, bir gün bər-bəzək sevən bir qadın onları nümayiş etdirmək məqsədilə təzə libaslarını geyinir və qiymətli cavahiratlarını taxıb bir evə qonaq gedir. O, ev sahibəsini sadə geyimdə görüb ona – “Sənin də zərzivərini görmək istəyirəm”, – deyir. Bu zaman ev sahibəsinin uşaqları məktəbdən qayıdırlar. Sadə qadın məktəbli balalarını ona göstərib deyir: “Mənim də zərzivərim, mülk və malım, cah və cəlalım bu iki gözlərimin nuru və ciyərparələrimdir. Mənim üçün əziz balalarıma təlim və tərbiyə vermək cavahiratdan qiymətlidir”.
Ananın bir qadın kimi ailədəki qayğıkeşliyi və valideynlik borcu hekayənin əsas qayəsini təşkil edir.
M.T.Sidqinin maarifçi-publisist fəaliyyəti daha çox Şərq mətbuatı ilə bağlı olmuşdur. O, bədii, ədəbi-tənqidi və publisist fəaliyyəti ilə Azərbaycan maarifçi-realist ədəbiyyatının, bədii publisistikasının formalaşması və inkişafında əvəzsiz rol oynamışdır. Böyük maarifçinin Tiflis, Baxçasaray, İstanbul, Təbriz, Tehran və Qahirədə nəşr olunan “Şərqi-Rus”, “Tərcüman”, “Ədəb”, “Əxtər”, “Nasiri”, “Sürəyya”, “Pərvəriş”, “Həblülmətin”, “Hikmət” və sair mətbu orqanlarında nəşr olunmuş bədii, ədəbi-tənqidi və publisistik məqalələri XIX əsr Azərbaycan ədəbiyyatının zəruri və aktual problemlərinə həsr olunmuş, maarifçi-realist ədəbiyyatın formalaşmasında xüsusi rol oynamışdır. Sidqi öz maarifçi-publisist məqalələri ilə Şərqdə Azərbaycan maarifçiliyini təmsil etmişdir.
M.T.Sidqi də Azərbaycanın milli demokrat maarifçiləri kimi “üsuli-cədid” hərəkatının alovlu təbliğatçısı idi. O, bu hərəkatı İsmayıl bəy Qaspıralının “Tərcüman” qəzetinin səhifələrində də təbliğ edir və Naxçıvanda öz əməli fəaliyyətində həyata keçirirdi.
Milli türkçülük ideyalarına ürəkdən bağlı olan Sidqi “Tərcüman” qəzetinin səhifələrində dərc etdirdiyi məqalələrində də İ.Qaspıralının qaldırdığı türkçülük ideyalarına və “üsuli-sövtiyyə” maarif probleminə tərəfdar çıxır, bu ideyaları cəsarətlə müdafiə və təbliğ edirdi. O, 1891-ci ildə “Tərcüman”da dərc etdirdiyi “Ordubaddan məktub” adlı məqaləsində yazırdı: “Bir millət nə qədər alim, məlumatlı və sənaətli isə şu nisbətdə qut və məsudiyyət kəsb edib tərəqqi edər; həm bir millətin məktəbləri, kütubxanələri, nəşriyyat və cəridələri nə qədər ziyadə isə, millətin maarif və kəmalatı şu nisbətdə ilərüdədir”.
M.T.Sidqinin çıxış etdiyi xarici mətbu orqanlardan biri də “Nasiri” qəzeti idi. Bu adda qəzet eyni dövrdə həm Təbrizdə, həm də İranın Buşəhr şəhərində çıxırdı. Sidqi bu qəzetlərin hər ikisində çıxış etmiş və onların Naxçıvanda vəkili olmuşdur.
“Nasiri” qəzeti öz səhifələrində Sidqinin bədii mənzum əsərlərinə də yer verirdi. Qəzet Sidqinin çap olunmaq üçün redaksiyaya göndərdiyi “Hekayəti-mənzum” əsəri haqqında yazırdı: “Ədəb sahibi olan cənab ağa Məşədi Tağı Sidqi ki bu zəmanənin bilicilərindən və maarifpərvərlərin şöhrətlilərindən birisidir, aşağıdakı “Hekayət”i ki hübbül-vətən barəsindədir, nəzmə çəkib və idarəyə göndərmişdir. Çün məzmunu yaxşı və faydadan xali deyildir, ona görə çapına iqdam edirik”.
“Nasiri” qəzetinin yüksək qiymət verib çap etdiyi bu mənzum hekayət 21 beytdən ibarətdir. Əsər milli birliyi və vətənpərvərliyi təbliğ ruhunda yazılmışdır. Təmsilvari, alleqorik üslubda qələmə alınan bu əsərdə Sidqi özü ədəbi personaj kimi iştirak edir. Şair qarışqa yuvasının yanında durub qarışqalara tamaşa edir. Qarışqalar bahar vaxtı yuvalarına dən daşıyırlar. Bu zaman zəhərli bir əqrəb qarışqaların yuvasına girmək istəyir. Bunu görən qarışqalar əqrəbin üstünə hücum çəkir və onu əsir edirlər.
Şair kənardan qarışqaların əqrəblə döyüşünə baxıb heyrətə düşür ki, zəhərli əqrəb kiçik qarışqaların əlində əsir olub ölür. Bu zaman bir qarışqa onlara heyrətlə baxan şairə qışqırır ki, təəccüb yeri yoxdur. Şairi heyrətdə görən qarışqa ona bu işdən ibrət götürməyi tövsiyə edərək deyir:
Ki ey fikir əhli, təəcüb eyləmə,
Bir anlığa qəflət pərdəsini gözündən çək
Ki, vətənsevərlik bizim dinimiz və ayinimizdir.
Bu vaqiədə Allah bizə yardır.
Çünki biz canını fəda edənlər bir millətik
Hamımız qeyrət və himmət sahibiyik.
Çün cəmiyyətimiz və birliyimiz vardır,
Qarşımızda heç bir müşkülümüz yoxdur.
Sən də kiçik bir qarışqadan kəm deyilsən,
Əgər bir qarışqadan da kəmsən,
bəs nəsən?
Düşmənlərdən evini qoru,
Yuvanı və dənini qoyma qarət olunsun.
İndi qarışqanın hekayətini yad elə,
Get öz evini abad elə.
Orijinal və ibrətamiz məzmunda qələmə aldığı bu mənzum hekayəsində Sidqi oxuculara özünün Vətən sevgisi və milli birlik ideyasını aşılamış, xalqı Vətənin və millətin azadlığı uğrunda mübarizəyə səsləmişdir.
M.T.Sidqi rus klassik ədəbiyyatına da yaxından bələd idi. O, “Puşkin” adlı məruzəsində Rusiyanın Karamzin, Puşkin, Lermontov, Qriboyedov kimi klassik ədiblərinə qiymət verir, onların rus ədəbiyyatı sahəsindəki xidmətlərini qiymətləndirir.
1894-cü ildə M.T.Sidqi özünün yaratdığı yeni üsullu “Tərbiyə” məktəbi ilə əlaqədar Naxçıvan şəhərinə köçür. Naxçıvanın ədəbi-ictimai və mədəni mühiti Sidqinin elmi və maarifçilik fəaliyyətinin inkişafına daha böyük təkan verir. M.T.Sidqinin əhatə olunduğu Naxçıvan ədəbi mühitinin nümayəndələri Naxçıvanın ədəbi-mədəni həyatında fəal iştirak edir, xarici dövri mətbuatın səhifələrində ədəbi-publisist və müxbir məktubları ilə çıxış edirdilər. Bu sahədə M.T.Sidqi, Cümşüd bəy (Paşa ağa) Sultanov, Nəsrullah Əmirov, Qurbanəli Şərifzadə kimi ziyalılar xüsusilə fərqlənirdilər. Həmin dövrdə Sidqi Naxçıvanın maarif və mədəni həyatını dirçəltmək üçün şəhər bələdiyyə idarəsinin nəzdində ziyalılar üçün bir qiraətxana təşkil edir və əcnəbi ölkələrdə nəşr olunan mətbuat orqanlarının redaksiyaları ilə məktublaşıb xarici qəzetlərin Naxçıvanın bələdiyyə qiraətxanasına göndərilməsinə nail olur.
Naxçıvan ədəbi mühiti Sidqinin bir maarifçi, şair və publisist kimi yetişməsində xüsusi rol oynamışdır.

Əsgər QƏDİMOV
Naxçıvan Dövlət Universitetinin professoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR