24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycanda milli və dünyəvi məktəbin, maarifçilik hərəkatının inkişafına mühüm töhfələr verən, xalq müəllimi kimi böyük şöhrət qazanan Məhəmməd Tağı Sidqi 1892-ci ildə Ordubadda yeni tipli “Əxtər” məktəbi yaratmış, 1894-cü ildə Naxçıvanda “Tərbiyə” məktəbinin əsasını qoymuşdur. Bu məktəblər xalqın maariflənməsində mühüm əhəmiyyət kəsb etmiş, Naxçıvanın bütöv bir ziyalı nəslini yetişdirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
“Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin
160 illik yubileyinin keçirilməsi haqqında” 20 avqust 2014-cü il tarixli Sərəncamından


XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycanda, eləcə də Naxçıvanda intişar tapan ədəbi-mədəni, maarifçi-realist mühitə xalq müəllimi kimi töhfələr verən Məhəmməd Tağı Sidqi 1854-cü il mart ayının 22-də qədim Naxçıvan diyarının səfalı bölgələrindən biri olan Ordubad şəhərində anadan olub.
İlk təhsilini Molla Məhəmməd Tağı adlı axundun məktəbində alan M.T.Sidqi Şah Hüseyn Soltan mədrəsəsində təhsilini davam etdirir, klassik Şərq poeziyasını və fəlsəfəsini dərindən mənimsəyir. Həyatını maarifçiliyə və bədii yaradıcılığa həsr edən M.T.Sidqi 1892-ci ildə Hüseyn Sultan Kəngərlinski ilə birlikdə Ordubadda “Əxtər” adlı yeni üsullu məktəb açır.

Buradakı “Əncüməni-şüəra” ədəbi məclisinin fəallarından olan şair bir müddət sonra, 1894-cü ildə Naxçıvan şəhərində dini, eyni zamanda dünyəvi elmləri tədris edən “Tərbiyə” adlı məktəb təsis edir. Məktəb ilə yanaşı, M.T.Sidqi teatr sahəsində də uğurlu fəaliyyət göstərir. Belə ki, o, 1894-1899-cu illərdə M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” əsəri əsasında hazırlanaraq Naxçıvan teatrında səhnələşdirilmiş eyniadlı tamaşaya quruluş verir.
Görkəmli pedaqoq, maarifçi-şair M.T.Sidqi elmi-pedaqoji dəyərə malik “Nümuneyi-əxlaq”, “Qızlara hədiyyə”, “Müxtəsər coğrafiya risaləsi”, “Ərəb dilinin sərfi-nəhvi”, “Ədəbiyyat”, “Pedaqogika” adlı əsərlərin müəllifidir.
Ədib pedaqoji fəaliyyətlə yanaşı, insanları elmə, maarifə, tərbiyəyə səsləyən, onlarda təhsil almağa maraq oyadan ədəbi yaradıcı­lıqla da məşğul olub, “Məsnəviyyati-mənəviyyə” adlı mənzumə, “Kəblə Nəsir” mənzum hekayəsini, “Heykəli-insana bir nəzər” ədəbi-fəlsəfi traktatı, 20-dən çox hekayənin cəm olunduğu “Məktəb hekayələri”ni və 300-dən çox qəzəl qələmə alıb.
M.T. Sidqi publisistik yaradıcılıqla da məşğul olub, o zamanın “Tərcüman”, “Əxtər”, “Həblülmətin”, “Kaspi”, “Şərqi-Rus”, “Nasiri” adlı qəzet və jurnallarında məqalələri dərc edilib. Maarif fədaisi ana dilində “Çıraq” adlı qəzet nəşr etdirmək istəsə də, o vaxtkı hökumət məmurları buna imkan vermirlər.
Məhəmməd Tağı Sidqi 1903-cü ildə, 49 yaşında vəfat edir. Naxçıvan şəhərində dəfn olunub.
Məktəbi “cəhalət dərdinin dərmanı, mərifət bağının xiyabanı” adlandıran Sidqinin xatirəsinə dövlətimiz tərəfindən daim ehtiram göstərilib, əsərləri Azərbaycanda maarifçi ədəbiyyatın inkişafında mühüm rol oynayan yaradıcılıq nümunələri kimi yüksək qiymətləndirilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvanda maarifçi-ədəbi mühitin formalaşmasında Məhəmməd Tağı Sidqinin fəaliyyətini yüksək qiymətləndirərək deyirdi: “Naxçıvanda təhsilin, ümumiyyətlə, mədəniyyətin inkişafında mütəfəkkir Məhəmməd Tağı Sidqinin böyük rolu olmuşdur”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 11 mart 2004-cü ildə “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 150 illik yubileyinin keçirilməsi və xatirəsinin əbədiləşdirilməsi haqqında”, 20 avqust 2014-cü ildə “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında” və 17 sentyabr 2014-cü ildə “Görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin ev-muzeyinin yaradılması haqqında” imzaladığı sərəncamlar ədibin ömür yoluna dərin ehtiramın, fəaliyyətinə və yaradıcılığına verilən yüksək dəyərin bariz ifadəsidir.
Ali Məclis Sədrinin 11 mart 2004-cü il tarixli Sərəncamı ilə Məhəmməd Tağı Sidqinin maarifçilik, məktəbdarlıq, ədəbiyyat, teatr və mətbuat sahələrindəki əvəzsiz xidmətləri nəzərə alınaraq onun 150 illik yubileyi Naxçıvan Muxtar Respublikasında geniş qeyd edilib, Naxçıvan Dövlət Kukla Teatrına ədibin adı verilib.
“Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında” 20 avqust 2014-cü il tarixli Sərəncamın preambula hissəsində oxuyuruq: “Azərbaycanda milli və dünyəvi məktəbin, maarifçilik hərəkatının inkişafına mühüm töhfələr verən, xalq müəllimi kimi böyük şöhrət qazanan Məhəmməd Tağı Sidqi 1892-ci ildə Ordubadda yeni tipli “Əxtər” məktəbi yaratmış, 1894-cü ildə Naxçıvanda “Tərbiyə” məktəbinin əsasını qoymuşdur. Bu məktəblər xalqın maariflənməsində mühüm əhəmiyyət kəsb etmiş, Naxçıvanın bütöv bir ziyalı nəslini yetişdirmişdir”.
Adıçəkilən sərəncama əsasən, “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planına əsasən, M.T.Sidqinin 160 illik yubileyi ilə əlaqədar AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Özəl Universiteti, Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyi birgə “Məhəmməd Tağı Sidqi: həyatı və mühiti” mövzusunda elmi konfrans keçirib, təhsil müəssisələrində yubiley tədbirləri reallaşdırılıb, həmçinin təhsil və mədəniyyət müəssisələrində ədibin həyat və fəaliyyətini əks etdirən guşələr yaradılıb, oxucu konfransları təşkil edilib, “Naxçıvan” jurnalının bir nömrəsinin maarifçi-pedaqoqun pedaqoji fəaliyyətinə və ədəbi yaradıcılığına həsr olunması nəzərdə tutulub. Bu gün isə ədibin 160 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq.

Elm adamları, təhsil və mədəniyyət işçiləri, ümumilikdə, Naxçıvan ictimaiyyəti digər ədib və ziyalılarımız kimi, maarif fədaisi, şair Məhəmməd Tağı Sidqinin də yubileylərinin müxtəlif elmi-mədəni tədbirlərlə geniş qeyd edilməsini görkəmli pedaqoqun yaratdığı əsərlərə, elm təhsil etməklə nurlanan fəaliyyətinə dövlətimiz tərəfindən verilən yüksək qiymət, onun ömür yoluna göstərilən dərin ehtiram kimi dəyərləndirir.

Səyyar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR