Dekabrın 3-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş rəsm sərgisi təşkil olunub.
Sərgidə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Məhəmmədəli Ələkbərovun və Sabir Məmmədovun rəsm əsərləri nümayiş etdirilir.
Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva bildirdi ki, bu gün muxtar respublikada rəssamlığın və təsviri sənətin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Yeni nəsil rəssamların yetişməsi, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılır, rəssamların yaradıcılıq imkanları artırılır, onlara diqqət və qayğı göstərilir. Son dörd il ərzində Bəhruz Kəngərli adına Sərgi Salonunda keçirilən 80-dək sərgidə 4 minə yaxın əsər sərgilənib. Bu gün iki fərqli üslub sahibləri Məhəmmədəli Ələkbərovun və Sabir Məmmədovun fərdi sərgilərinin nümayiş etdirilməsi rəssamlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri qeyd etdi ki, Məhəmmədəli Ələkbərovun abstrakt, modern üslubda çəkdiyi əsərlərdə maraqlı süjet, özünəməxsus kompozisiyalar var. O, əsərlərində onu bir rəssam kimi daha çox narahat edən və bu gün ətrafda cərəyan edən hadisələri əks etdirib. Bunlardan “Rəssamın emalatxanası”, “Rəssamın mələkləri”, “İlham pərisi emalatxanada” əsərlərini qeyd etmək olar. Sabir Məmmədovun əsərlərində isə daha çox milli duyğular qabarıq şəkildə özünü büruzə verir, rəssam öz doğma yurdunu rəsm əsərlərində canlandırır. “Əlincə qalası”, “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi” kimi əsərləri buna nümunə göstərmək olar. Rəssamın yaradıcılığında sulu, yağlı boya, dəmir üzərində döymə xüsusi yer tutur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il yanvarın 14-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncama əsasən, respublikamızda və ölkəmizdən kənarda təntənəli yubiley tədbirləri keçirilir. Ayrıca 2014-cü il Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ili” elan olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il yanvarın 17-də imzaladığı Sərəncam ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə dair Tədbirlər Planı”na əsasən, muxtar respublikada silsilə tədbirlər keçirilir.
Rəhman Məmmədov qeyd etdi ki, ötən il Rəssamlar Birliyi üçün yeni bina inşa olunub, müasir sərgi salonu və emalatxana istifadəyə verilib. Yaradılan şərait rəssamların yaradıcılıq imkanlarının daha da genişlənməsinə səbəb olub. Bundan başqa, Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda müvafiq ixtisaslar açılıb, məktəbdənkənar tərbiyə müəssisələrində rəsm dərnəkləri yaradılıb. Məhz bunun nəticəsidir ki, son illər naxçıvanlı rəssamlar böyük uğurlara imza atıblar. Dünyanın bir çox ölkəsində rəssamlarımızın sərgiləri açılıb, onlar beynəlxalq festival və müsabiqələrdə iştirak ediblər.
Bildirilib ki, hər bir rəssamın yaradıcılığı, müxtəlif janrlarda çəkdiyi əsərləri onun yaradıcılıq dünyasının nümunəsidir. Bu gün sərgilənən rəsm əsərlərində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının tarixi, abidələri, təbiəti, mədəniyyəti, eləcə də görkəmli şəxsiyyətlərinin portreti dolğun əks olunub. Ona görə də əminliklə demək olar ki, rəssamlarımızın bu əsərləri zəngin mədəni irsimizin tərkib hissəsi olmaqla yanaşı, həm də muxtar respublikanın bütün sahələrdəki uğurlarının təbliğinə xidmət edir.
Sonra sərgiyə baxış oldu.
Rauf Əliyev