24 Dekabr 2024, Çərşənbə axşamı

Çoxlarımıza məlum olduğu kimi, kəlağayı ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Bəzi regionlarımızda buna “çarqat” da deyirlər. Hələ qədimlərdən təmizliyin, halallığın və saflığın təcəssümü olan kəlağayı insanlar üçün hər zaman müqəddəs sayılmışdır. Kəlağayı onu örtənin başından üstdə dayanan, ağıldan, kamaldan, təsəvvürdən yuxarıda qərar tutan geyim kimi də müqəddəs hesab edilmişdir. Onu həmişə təmiz, səliqəli, toz qonmayan yerlərdə, boğçada, sandıqda saxlamışlar. Eyni zamanda bu qədim baş örtüyü qadının şərəf, namus, ismət rəmzi hesab olunmuşdur. Qadının başındakı kəlağayını çəkib almaq, tapdalamaq və ya oğurlamaq o ailənin namus-qeyrətinə toxunmağa bərabər sayılmışdır. Əgər qadın bir-biri ilə döyüşən kişilərin qarşısına baş örpəyini açıb atardısa, vuruşanlar o saat əl saxlar, döyüşü dayandırardılar. Kəlağayı qədim adətlərimizin də ayrılmaz tərkib hissəsi olmuş, öz rəngləri ilə xeyir, şər, səadət və bədbəxtlik barədə xəbərdaredici rol oynamışdır. Gəlin gətirilərkən başına ağ kəlağayı örtmək, gəlin arabasının qabağına ağ, soğanı, narıncı, zoğalı kəlağayılar bağlamaq, hüzn, matəm günləri evlərin qarşısından qara kəlağayılar asmaq, niyyət baş tutduqda məscidlərə, ziyarətgahlara kəlağayı aparmaq, kasıblara, şikəstlərə kəlağayı pay vermək kimi adətlərimiz buna nümunədir.

 Kəlağayı örtmə ilə əlaqədar da xalqımızın öz qayda-qanunları olmuşdur. Belə ki, gəlinlər ağ, gənc qızlar soğanı, ortayaşlı qadınlar zoğalı və innabı, ahıl və ağbirçəklər üçün isə tündrəngli kəlağayılar münasib sayılmışdır. Yas mərasimlərində isə yaşından asılı olmayaraq, bütün qadınlar qara kəlağayı örtmüşlər. Kəlağayı örtmək səhiyyə-sağlamlıq baxımından da xeyirlidir. Dumana, tüstüyə, toza və ya pis qoxuya rast gəldikdə qadın kəlağayısı ilə üzünü örtməklə bunların nəfəs yoluna daxil olmasının qarşısını alır. 

Kəlağayıya el-oba arasında rəğbət bəslənməsinin səbəblərindən biri də onun çətin zəhmətlə hasil edilməsidir. Ata-baba ustadların dediklərinə görə, “kəlağayını ərsəyə gətirmək evə təzə gələn gəlinin nazını çəkməkdən ağırdır”. Çünki kəlağayının hazırlanması bir neçə mərhələdən keçməklə uzun zaman tələb edir. Birinci mərhələ kəlağayının sapının istehsalıdır. Kəlağayı üçün çox nazik ipək sap tələb olunur. Bir qram nazik sap 10-12 baramadan alınır. Əvvəlcə kəlağayılıq məhsul dəzgahda toxunur, daha sonra qayçı ilə 150-160 santimetr ölçüdə doğranır. Sonra onu soda qatılmış suda 20-30 dəqiqə qaynadırlar. Kəlağayını 2-3 dəfə soyuq suda yaxalayır, yüngülcə sıxır, asaraq qurudurlar. Qurutduqdan sonra naxışlama işi başlanır.­
Kəlağayını armud, qoz, cır alma ağacından hazırlanmış, üzəri böyük ustalıqla oyulmuş nəbati, həndəsi və kosmoqonik təsvirlərdən ibarət qəliblərlə naxışlayırlar. Burada, əsasən, basma naxış üsulundan istifadə olunur. Qəliblər naxışlarına görə müxtəlif adlarla adlandırılır. Bu naxışların içərisində “Günəş”, “simayi-şəms”, “haşiyə”, “şax”, “buta”, “mədahil”, “xarı bülbül”, “heyratı”, “xətayi”, “kəpənək”, “çobanyastığı”, “çiyələk” və “aypara” daha məşhurdur.
Kəlağayı naxışlandıqdan sonra onun boyanması işinə başlanılır. Bu iş “Küp damı” adlanan boyaqçılıq emalatxanasında görülür. Bu baş örtüyünün hazırlanmasında ən maraqlı faktlardan biri də istifadə olunan ipəkdən tutmuş boyağa qədər hər bir materialın təbii olmasıdır. Kəlağayıda istifadə olunan boyağı cır alma ağacının qabığından, sumaq, zirinc, zəfəran, qarağat, vələs, sarağan, narınc kimi bitkilərdən əldə edirlər. Sevindirici haldır ki, bu gün bəzi ucqar dağ kəndlərimizdə ata-baba üsulu ilə kəlağayı hazırlama hələ də unudulmayıb. Kəlağayı toxunan avtomat dəzgahlı sexlərdən fərqli olaraq, bu qədim üsulla hazırlanan kəlağayılar gec hasil olsa da, keyfiyyəti və gözəlliyi ilə digərlərindən müqayisəedilməz dərəcədə fərqlənir. Bir sözlə, əl əməyi ilə çalışan ustalar xüsusi emalatxanalarda çox bəsit alətlərdən istifadə etməklə keyfiyyətli və gözəl kəlağayılar hazırlayırlar.
Haqqında bəhs etdiyimiz bu zərif, incə görünüşlü kəlağayılar təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da məşhurlaşmış, xaricdən gələn turistlər tərəfindən rəğbətlə qarşılanmışdır. “Heyratı”, “Soğanı”, “İstiotu“, “Albuxarı”, “Abi”, “Yeləni” adlı əlvan kəlağayılar uzun zaman sərgilərdə, yarmarkalarda nümayiş etdirilmiş, insanların zövqünü oxşamışdır. Bu kəlağayılar sırasında basma naxışlı “Yeləni” və “Heyratı” kəlağayıları daha məşhurdur.
Qeyd edək ki, neçə-neçə xalq sənətinin təşəkkül tapdığı, formalaşdığı Naxçıvan torpağında da kəlağayılara xüsusi hörmət, ehtiram bəslənmişdir. Nənə və babalarımızın söylədiklərinə görə, bir zamanlar burada kəlağayıtoxuma mövcud olsa da, sonralar bu sənət sıradan çıxmış, unudulmuşdur. Lakin misilsiz Ordubad ipəyindən hazırlanan bu milli baş geyimimiz yaddaşlarda özünə əbədi bir yer qazanmışdır.
Kəlağayılarımız hər zaman naz-qəmzəli, şux yerişli Azərbaycan qadınlarının bənzərsiz gözəlliyinə xüsusi bir sirr, müəmma qatmışdır. Bu kəlağayılarda şairlərin, aşıqların fəxrlə tərənnüm etdikləri utancaq və ürkək baxışlar, işvəkar təbəssümlər, qadın simasının gözəllik cizgiləri gizlənmişdir. Ancaq təəssüf hissi ilə bildirməliyik ki, kəlağayı bağlamaq adəti illər ötdükcə unudulmuş, müxtəlif ölkələrdən gətirilən növbənöv qadın baş geyimləri kəlağayılarımızı “əvəzləmişdir”. Bir zamanlar addımbaşı kəlağayılı qadınlara rast gəlinirdisə, bu gün artıq bu milli baş örtüyünə, demək olar ki, ancaq yaşlı qadınlarda və ya ucqar dağ kəndlərinin əhalisi arasında rast gəlmək olur.
Unutmayaq ki, milli xüsusiyyətlərimizin əsas daşıyıcılarından biri olan kəlağayımızdan uzaqlaşmağa, ona biganə yanaşmağa haqqımız yoxdur. Çünki onda nənələrimizin nəfəsi, doğmalıq hərarəti var. Məhz buna görə də kəlağayımız var olduqca bu nəfəs də duyulacaq, ruhumuz doğma hərarətdən qidalanacaqdır...
Milli dəyərlərimizin qorunmasına yüksək diqqət və qayğı göstərilən ölkə­mizdə kəlağayı sənətinin inkişafı da diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapmışdır. Belə ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
Xatırladaq ki, kəlağayıdan başqa, Azərbaycanın muğam ifaçılıq sənəti, aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçası, tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

 Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR