24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Hüseyn Əsgərovun Əcəmi Nəşriyyat-Poli­qrafiya Birliyində nəfis şəkildə və yüksək poliqrafik səviyyədə işıq üzü görmüş “Aylı bir gecə” kitabı haqqında təəssüratlarımı qələmə almaq fikrimi qətiləşdirəndə yadıma həmin kitaba Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigarın yazdığı “Ön söz”ün başlığı düşdü: bu kitabı oxumağa dəyər.

Ədəbi proseslə, dövri mətbuatla maraqlananlar Asim Yadigarın qənaətinin mayasında nəyin durduğunu ilk anda hiss etməmiş olmazlar. Məsələ ondadır ki, çağdaş dövrümüzdə şair və ya yazıçılıq iddiasında olanların müxtəlif nəşriyyatlarda çap etdirdikləri kitabların böyük əksəriyyəti ədəbi kriteriyaların tələblərinə cavab verə bilmir və ən pisi də odur ki, həm onların, həm də həmin “əsərlərin” sayı yağışdan sonra bitən göbələklər kimi getdikcə artır. Belə “əsərlər” zövqümüzü korlamaq, qiymətli vaxtımızı almaqdan başqa heç nəyə yaramır. Bu barədə mətbuat orqanlarında, yüksəksəviyyəli ədəbi məclislərdə kifayət qədər bəhs olunduğundan gileyimizə buradaca nöqtə qoyuram. Haqqında bəhs etmək istədiyim kitabın isə özünə geniş oxucu auditoriyası toplayacağına və stolüstü kitaba çevriləcəyinə heç bir şübhəm yoxdur.

Yaşadığımız ədəbi mühitdə, dövlət mətbuat orqanlarında və teleradiolarda Hüseyn Əsgərov özünü uzun müddətdir ki, təsdiq etdirib. Yüzlərlə yazısı və verilişləri ilə tanıdığımız Hüseyn Əsgərovun yaradıcılığından keçən qırmızı xətt bir amala söykənir: insanın daxili-mənəvi aləminin canlı portretini sözün gücü və qələmin köməyi ilə yaratmaq və oxuculara təqdim etmək, bugünkü reallığın salnaməsini gələcək nəslə çatdırmaq. Burada daha bir cəhəti qabartmağa ehtiyac duyuram: Hüseyn Əsgərov bu təqdimatda son dərəcə səmimidir.
Hüseyn Əsgərova görə, çoxlarının düşündüyü kimi, dünya beşgünlük dünya deyil, əbədidir, insan dünyanın müvəqqəti sakinidir. Və “gəlimli, gedimli, son ucu ölümlü dünyada” elə yaşamaq lazımdır ki, özündən sonra qoyduğun izlər görünsün, səndən sonra gələnlər sənin yaratdıqlarından bəhrələnmək imkanı qazansınlar.
Yeri gəlmişkən, adıçəkilən kitabın Hüseyn Əsgərov üçün elə bu xeyirxah missiyanı yerinə yetirəcəyinə də heç bir şübhəm yoxdur.
Kitab “Publisistika”, “Vüsala səsləyən ayrılıq”, “Felyetonlar”, “Satirik hekayələr”, “Tərcümələr”, “Mirzə Cəlil dünyasına səyahət” adlı bölmələrdən ibarətdir. Müəllifin publisistikasında diqqəti bir çox məqamlar çəkir ki, həmin məqamlar bugünkü gənc jurnalistlər üçün bir örnək ola bilər. Hüseyn Əsgərov həmin janrda qələmə aldığı yazılarda cəmiyyəti düşündürən məsələləri ön plana çəkir. İlk baxışda bu məsələlər oxucuya adi də görünə bilər. Əslində, elə bu yazıların dəyəri də ondadır ki, müəllif həmin məsələlərə ictimai məna verə bilib. İkinci bölmədə toplanan yazıların elə sərlövhələri ilk baxışdan oxucunu bu yazıları oxumağa vadar edir: “Ayrılıq” körpü salır” (“Ayrılıq” Hüseyn müəllimin Naxçıvan televiziyasında 1988-ci ilin sentyabr ayından başlayaraq bir müddət aparmış olduğu verilişdir), “Hicranın vüsala həsrət qolları”, “Dəmir iradənin tikanlı məftillərdən güclü olduğu gün”, “Qəm karvanının yükü”.
Qeyd olunmalıdır ki, bu yazılar (tele­viziya verilişlərinin mətnləri) öz məna yükü ilə oxucuları düşünməyə, nəticə çıxarmağa vadar edir, bugünkü qloballaşan dünyada baş verən hadisələrə yaşadığımız zamanın deyil, daha uzaq gələcəyin prizmasından baxmağa səsləyir, onlara üstündə gəzdiyimiz torpağın ata-baba əmanəti olduğu üçün yurd yerlərimizin sabahına cavabdehlik hisslərini xatırladır.
Müəllif qələmə aldığı istər tele­viziya və radio verilişlərinin mətnlərində, istərsə də hekayə və sənədli yazılarında özünəməxsus ifadə tərzi olduğunu, rastlaşdığı hər hansı müsbət və ya mənfi məqama şəxsi yanaşma formasını ortaya qoyur. Bu məqamda onu da vurğulamaq lazımdır ki, onun təqdimində ictimai fikrin qəbul etdiyi meyarları görürük.
Hüseyn Əsgərovun dahi yazıçımız Cəlil Məmmədquluzadə yaradıcılığına böyük pərəstiş etdiyindən xəbərim var. Müəllifin istənilən yazısında bu pərəstişin təzahürlərini yeni ədəbi formada görürük. Bunu müəllifin satirik hekayələrində, real həyat həqiqətlərinə söykənən felyetonlarında müşahidə etmək olar. Bu baxımdan sovet dönəmi üçün xarakterik olan və o dövrdə qələmə alınması böyük cəsarət tələb edən “Mənziliniz mübarək” felyetonu müəllifin yaşadığı mühitdə gördüyü və haray saldığı bir acınacaqlı səhnəni əks etdirir. Hüseyn Əsgərov bu felyetonla Mirzə Cəlil şinelindən çıxmış bir ziyalı kimi gözümüzdə yüksəlir.
“Aylı bir gecə” hekayəsi müəllifin yaradıcılıq diapazonunun genişliyini ortaya qoyur. Hüseyn Əsgərov bir insanın yaşadığı hissləri bu hekayədə elə qələmə alır ki, özümüzü o hisslərin şahidi kimi görürük. Hekayənin baş qəhrəmanının daxili aləminin, onun mənəvi təmizliyinin təqdimində heç bir uydurma təsiri bağışlayan məqam yoxdur.
P.S. Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Hüseyn Əsgərovun “Aylı bir gecə” kitabından doğan təəssüratlar peşəkar bir ədəbiyyatçının deyil, sıravi bir ziyalının təəssüratlarıdır. “Aylı bir gecə”nin oxucularda yaradacağı ovqat, yəqin ki, təəssüratların ifadəsindən güclü olacaq. Buna inanır və müəllifə yeni yaradıcılıq uğurları arzulayırıq.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR