Musa Mirzəyev Azərbaycan professional bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biri, Azərbaycan Respublikasının Xalq artisti, professor, “Şöhrət” və “Şərəf” ordenli, Prezident təqaüdçüsüdür. Ötən həftə Naxçıvan Muxtar Respublikasında olan Musa Mirzəyev diyarımızın bir sıra mədəniyyət müəssisələri, təhsil ocaqları ilə tanış olub, ustad dərsləri keçib.
Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında keçilən ustad dərsindən əvvəl çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Musa Mirzəyevin yaradıcılığı haqqında məlumat verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Musa Mirzəyevin yaradıcılığı genişspektrlidir. O, musiqi tarixinə tanınmış bəstəkar, pianoçu, pedaqoq və ictimai xadim kimi daxil olub. Musa müəllimin musiqisi Azərbaycanın sərhədlərini aşaraq dünyanın bir çox ölkələrində tanınmış orkestrlərin, ifaçıların və dirijorların təfsirində səsləndirilib, eləcə də bu əsərlərin notları və partituraları dəfələrlə nəşr edilib. Q.Qarayev məktəbinin istedadlı nümayəndələrindən biri olan Musa Mirzəyevin yaradıcılığında orkestr əsərləri, həmçinin kamera-instrumental və vokal əsərlər üstünlük təşkil edir.
Qeyd olunub ki, bəstəkar həm də uzun illərdir, pedaqoji fəaliyyət göstərərək öz bilik və bacarığını gənc musiqiçi nəslin yetişdirilməsinə sərf edir. Bu gün keçilən ustad dərsi də bu məqsədə xidmət edir.
Ustad dərsində danışan Musa Mirzəyev Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əməyi olan musiqi xadimlərinin yaradıcılıq istiqamətlərindən bəhs edib.
Sonra konservatoriyanın müəllim və tələbələrinin ifasında Musa Mirzəyevin “Adajio”, “Yeni il”, “Lirik sonatina”, Vasif Adıgözəlovun “Qərənfil”, Ceyhun Allahverdiyevin “Dəniz və səma”, Kamal Əhmədovun “Kapriççio” əsərləri səsləndirilib. Ustad dərsində professor Musa Mirzəyev tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Həmin gün Naxçıvan Musiqi Kollecində də professor Musa Mirzəyev ustad dərsi keçib.
* * *
Professor Musa Mirzəyevlə Naxçıvan Bəstəkarlar Təşkilatında keçirilən görüş də maraqlı olub. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Şəmsəddin Qasımov açıb. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Yeganə Əsədova bəstəkarın həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd olunub ki, Musa Mirzəyev bu gün də gənclik eşqi ilə yazıb-yaradır. Onun yaradıcılığında Naxçıvan mövzusu da özünə yer tapıb.
Tədbirdə çıxış edən tanınmış bəstəkar və pedaqoq bu gün qədim diyarda fəaliyyət göstərən bəstəkarlara öz tövsiyələrini verib.
Tədbir iştirakçıları müəllifin ifasında onun əsərlərini dinləyiblər.
* * *
Ordubad Şəhər Uşaq Musiqi Məktəbində keçirilən görüşdə qeyd olunub ki, mədəniyyətin, incəsənətin, musiqinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Bunun nəticəsidir ki, naxçıvanlı mədəniyyət və incəsənət ustaları da öz yaradıcılıqlarını genişləndirir, daha geniş sferada tanınırlar.
Sonra musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında Musa Mirzəyevin əsərləri səsləndirilib.
Xəbərlər şöbəsi