Noyabrın 1-dən 5-nə kimi Bakı şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilib. Festivalın keçirilməsində məqsəd Azərbaycan bəstəkarlıq məktəbinin keçdiyi inkişaf yoluna bir daha nəzər salmaq, gənc bəstəkarlara yeni istiqamətlər müəyyən etmək, Azərbaycan musiqisinin zənginliyini beynəlxalq müstəviyə çıxarmaqdan ibarət olub.
Tədbiri açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə ulu öndər Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafına göstərdiyi qayğıdan danışıb. Tanınmış musiqi xadimləri ittifaqın fəaliyyətinin musiqi mədəniyyətimizdəki əhəmiyyətindən söhbət açıblar.
Qeyd edək ki, festivalda xarici ölkələrdən – İtaliyadan, Almaniyadan, Rusiyadan, Özbəkistandan gəlmiş musiqi xadimləri də iştirak ediblər.
Festivalın konsert proqramında simfonik əsərlərə, xor və orkestr, qanun və simfonik orkestr üçün yazılmış əsərlərə daha çox yer verilib.
Festivalda Üzeyir Hacıbəylinin, Cahangir Cahangirovun, Səid Rüstəmovun, Tofiq Bakıxanovun, Cövdət Hacıyevin, Nazim Quliyevin, Rəna Qədimovanın və başqalarının müxtəlif janrlarda yazılmış əsərləri səsləndirilib.
Qeyd edək ki, bu tədbirdə Naxçıvanda yaşayıb-yaradan bəstəkarların əsərlərinə də geniş yer verilib. Azərbaycan Respublikasının Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Yaşar Xəlilovun “Əshabi-Kəhf” baleti festival iştirakçılarına təqdim olunub. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında səsləndirilən bu balet Şərqdə ilahi sözə əsaslanan yeganə musiqili səhnə əsəridir. Azərbaycan simfonik musiqisində dini mövzuda yazılmış bu ilk əsərlə müəllif bir daha öz dahi müəllimi Qara Qarayevin dəst-xəttini davam etdirib.
Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda Azərbaycan Dövlət Televiziyası və Radiosu Cahangir Cahangirov adına Xorun və Kamera ansambllarının iştirakı ilə Kamal Əhmədovun və Şəmsəddin Qasımovun əsərləri səsləndirilib. Kamal Əhmədovun violin və piano üçün “Kapriççio” (ilk dəfə), “Mən səni sevmişəm” romansı (sözləri Xanəli Kərimlinindir), Şəmsəddin Qasımovun xor və piano üçün “Mirzə Cəlil” kantatası (ilk ifa, sözləri Hüseyn Razinindir) alqışlarla qarşılanıb.
Yeganə ƏSƏDOVA
Azərbaycan Bəstəkarlar
İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru