24 Dekabr 2024, Çərşənbə axşamı

Maarifçi-şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi muxtar respublikamızda böyük hörmət və ehtiramla, yüksək təntənə ilə qeyd edilir.

Ana dilimizdə milli məktəblərin, dərslik və dərs vəsaitlərinin hazırlanması işində əvəzsiz xidmətlər göstərən M.T.Sidqinin dəyərli irsi bu gün həvəslə öyrənilir, tədqiq edilir və geniş şəkildə təbliğ olunur. Həyatını xalqının savadlanmasına, vətən övladlarının tərəqqisinə, onların bəşəri mədəniyyətə qovuşmasına sərf edən bu insan hələ sağ ikən ürəklərdə özünə bir heykəl ucaltmışdır.
Bütün həyatı boyu məktəb, maarif, mədəniyyət, tərəqqi carçısı olmuş Sidqi təlim və tərbiyəyə, ana dilimizə, ədəbi irsimizə çox dəyərli incilər, əvəzsiz töhfələr bəxş etmişdir.
Bu incilər, əsasən, 1892-ci ildə Ordubadda, 1894-cü ildə Naxçıvanda açdığı yenitipli “Əxtər” və “Tərbiyə” adlı məktəblərdə yaradılmışdır. Həyat və fəaliyyətini sırf məktəblə, maariflə bağlayan bu maarifçi-ziyalıdan bizə qalan irs bizim üçün çox doğma, çox gərəkli və çox əzizdir.

Məhəmməd Tağı Sidqi “Əxlaq nümunəsi”, “Qızlara hədiyyə”, “Nəsihətnamə” kimi pedaqoji, “Elmin şərafəti”, “Məmmədəliyə nəsihət”, “Şikayətnamə”, “Məktəbdə”, “Dərsə diqqət”, “Yüz il yatandan sonra” və sair kimi maarifçi bədii əsərlərin, qəzəllərin, hekayələrin, “Puşkin”, “Heykəli-insana bir nəzər”, “Müxtəsər coğrafiya risaləsi” kimi bir çox elmi əsərlərin, məqalələrin və öyüdnamələrin müəllifidir.
Cəhalət dərdinin dərmanını elmdə, maarifdə, məktəbdə görən böyük Sidqi “Məktəb” adlı kiçikhəcmli əsərində öz fikrini bircə cümlə ilə belə ifadə edirdi: “Məktəb cəhalət dərdinin dərmanı, mərifət bağının xiyabanıdır, həmişə cahilləri alim və divanələri aqil eylər”.
Dərslik və hekayələrində müəllimin şəxsi nümunəsini əsas tərbiyə vasitəsi kimi götürən Sidqi ömrünün sonuna qədər öz ideallarına sadiq qalmış, şəxsi nümunəsi ilə ideal müəllim obrazı yaratmışdır. Şagirdləri əmək tərbiyəsi ilə zəhmətsevərliyə, fiziki tərbiyə ilə sağlam olmağa səsləmiş, onlarda ağılın, əxlaqi, estetik, beynəlmiləl tərbiyənin formalaşması üçün müxtəlif metod, yol, üsul və vasitələrdən istifadə etmişdir.
Görkəmli pedaqoq gələcək nəsli doğru yola çəkmək, onları sağlam, bəşəriyyətə gərəkli övlad, Vətənə layiqli vətəndaş kimi tərbiyə etmək üçün bütün həyatını sərf etmişdir. Məktəb, müəllim və şagirdlərlə bağlı ədəb-ərkan, nizam-intizam qaydalarını özü hazırlamış, onun həyata keçirilməsini daim nəzərdə saxlamışdır. O, yeri gəldikcə müxtəlif cəza növlərindən istifadə etməyi də nəzərdə tutmuşdur ki, bu həm elmi, həm də pedaqoji baxımdan yüksək dəyərləndirilməlidir.
M.T.Sidqi, əsasən, dörd cəza növünü tətbiq etməyi məsləhət görür və özü də bunlardan müntəzəm istifadə edirdi.
1. Tovqif (yubandırma, mane­olma, təxirəsalma) üçün qabaqlayıcı tənbeh
2. Mövcibi-tənbeh (səbəb, dəlil, sübut tənbehi)
3.Tovqifi-tamam (mane olmağın, təxirə salmağın sonu)
4.Tənbehi-səxt (sərt, ciddi tənbeh).
O, bu cəza növləri vasitəsilə qabaqlayıcı tədbirlər görmüş, gələcək nəsli elm və ədəbə səsləmiş, uşaqların kamil şəxsiyyət kimi böyümələrinə səy göstərmişdir.
Ustad pedaqoq “Elm və ədəb insana ata və ana əvəzidir. Ata-anası ölənlərə “yetim” deyilən kimi, elm və ədəbi olmayanlara da “yetim” demək caizdir”, – deyirdi.
Sidqi bütün əsərlərində insanları elmə, təhsilə, mərifətə və mədəniyyətə səsləyirdi. Məktəblilər üçün yazılmış kiçik hekayə və öyüdnamələrinin təkcə adları deyilən fikirləri açıq-aydın təsdiqləyir.
“Məktəb”, “Elm”, “Ədəb”, “İki tərbiyə üsulu”, “Məktəbə davam edən uşaq”, “Ata və ana”, “Gözütox uşağın hekayəti”, “Övlad məhəbbəti”, “Analar bəzəyi” və sair Sidqinin gözəl yazıçı, tanınmış alim-pedaqoq, əxlaq nəzəriyyəçisi və görkəmli məktəbşünas olmasından xəbər verir.
“Analar bəzəyi” adlı kiçik bir imla mətni çox irihəcmli əsərlər qədər mənəvi, əxlaqi dəyərləri özündə əks etdirir. Müəllif yazır: “Övlada əvvəlinci təlim və tərbiyə verən anadır. Anaların rəftarı və girdarı, hal və hərəkəti balaların qəlbinin aynasına əks salır. Elmli və mərifətli analar süd verən vaxtdan başlayıb övladının təlim və tərbiyəsinə məşğul olurlar. Onlar balasının təlim və tərbiyəsini özünün bəzənib-düzənməyindən vacib bilirlər.
Bir gün zər və divərə həris olan bir arvad faxir libaslarını geyib və cəvahirat ilə bəzəndiyi halda bala tərbiyəsinə aşiq olan bir xanımın evinə gəldi. Qiymətli libasını və bahalı daş-qaşını iftixarla göstərəndən sonra mürəbbiyə xanımı adi bir sadə libasda görüb, “sənin də zər-zivərini görmək istəyirəm”, – dedi.
Xanım cavab verdi ki:
– Əgər bir az səbir eləsən, onları sənə nişan verərəm.
Bir azdan sonra balaları məktəbdən gəlib evə daxil olanda onların əlindən tutub o arvadın yanına gətirdi və dedi:
– Mənim də zər-zivərim, mülk və malım, cah və cəlalım bu iki gözlərimin nuru və ciyərparələrimdir. Mənim üçün əziz balalarıma təlim və tərbiyə vermək cəvahiratdan qiymətlidir”.
Məktəblərimizdə, ali təhsil müəssisələrində Məhəmməd Tağı Sidqi irsinin öyrənilməsinə, dərslik və dərs vəsaitlərinin tərtibində onun elm və mərifətlə dolu əsərlərindən istifadəyə daim diqqət yetirilməli, onun həyat və fəaliyyəti bütün yönləri ilə tədqiq olunmalıdır.
Fikrimizi M.T.Sidqinin hikmətli cümlələri ilə bitirmək istərdik: “Təzə əkilən tənəklərə və ağaclara su vermək nə qədər lazım olsa, uşaqlara da təlim və tərbiyə kiçiklikdə bir o qədər lazımdır”. “Ağıllı ata, ana övladını elmə və tərbiyəyə rağib edəndir. Balasını bikar və əziz saxlayan övladının düşmənidir”. “İnsan vücudunun səmərəsi və faydası elm ilə hasil olur. Elmsiz və mərifətsiz insan meyvəsiz ağaca bənzər”.

Elbəyi MAQSUDOV
pedaqogika elmləri doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR