Naxçıvan Dövlət Universitetində 10-17 noyabr – beynəlxalq tələbə-gənclər həftəsi münasibətilə Memarlıq və mühəndislik fakültəsi tələbələrinin əl işlərindən ibarət elektronika və memarlıq sərgiləri təşkil olunub.
Sərginin açılışında universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək universitetdə nanotexnologiyaların tətbiqi, tələbələrdə elmi-texniki təfəkkürü inkişaf etdirmək və onlara praktik vərdişlər aşılamaq baxımından belə sərgilərin əhəmiyyətindən danışıb, tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra sərgilərlə tanışlıq olub. Fakültə dekanı, texnika üzrə fəlsəfə doktoru, dosent Cavanşir Zeynalov elektronika sərgisində nümayiş olunan alqoritmlərin prinsipial sxemləri, istixanalar və əkin sahələri üçün nəzərdə tutulan kompüter suvarma sistemi, hidroprosessor üzərində qurulmuş multivibrator, Günəş batareyası ilə işləyən elektron işıqfor, 32 simvollu yaddaş qurğusu, morze aparatı, enerjinin avtomatik idarə edilməsi qurğusu, səs generatoru və digər əl işləri barədə məlumat verib.
Memarlıq sərgisində Memarlıq kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Qadir Əliyev və memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərova qeyd ediblər ki, tələbələrin yeni memarlıq layihələrindən gələcəkdə müasir memarlıq nümunələrinin tikintisində, şəhərsalmada istifadə oluna bilər.
Burada sərgilənən 9 mərtəbəli mehmanxana və yaşayış evinin, spiralvari hökumət binasının, “Büllur saray”ın maketləri, yeni kompozisiyalar maraq doğurub.
Mehriban SULTAN