10-17 noyabr – beynəlxalq tələbə-gənclər həftəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin şən və hazırcavablar klubları arasında dünən Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində müsabiqə keçirilib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrinin 4 komandası mübarizə aparıb. Hər bir komanda bir-birindən maraqlı səhnəciklər nümayiş etdirib. Müsabiqəyə dəvət olunmuş münsiflər heyəti tərəfindən komandaların çıxışları diqqətlə izlənilib və qaliblər müəyyən olunub. Nəticəyə əsasən, Naxçıvan Müəllimlər İnstitutunun komandası birinci yerə layiq görülüb. Naxçıvan Dövlət Texniki Kollecinin komandası ikinci, Naxçıvan Tibb Kollecinin komandası isə üçüncü olub.
Qeyd edək ki, qaliblər ayın 17-də Gənclər Mərkəzində təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
Ceyhun MƏMMƏDOV