Noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurası, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı və Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “Ulu yurdum – Naxçıvanım” müəllif mahnıları yaradıcılıq müsabiqəsinin yekun mərhələsi keçirilib.
Müsabiqənin yekun mərhələsinin açılış mərasimində çıxış edən münsiflər heyətinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov bildirib ki, 2014-cü il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada “Muxtariyyət ili” elan olunub. Azərbaycan Respublikasının Prezidenti “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il yanvarın 14-də Sərəncam imzalayıb. Həmin Sərəncamın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq olunub. Tədbirlər planına uyğun olaraq, 2014-cü ildə muxtar respublikamızın 90 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilir. Belə tədbirlərdən biri də Naxçıvana həsr olunmuş yeni müəllif mahnıları yaradıcılıq müsabiqəsidir.
Muxtar respublikada musiqi mədəniyyətinin zənginləşməsi və inkişafı istiqamətində görülən ardıcıl və davamlı tədbirlərdən də söz açan Rəhman Məmmədov qeyd edib ki, bu gün muxtar respublikada bəstəkar və musiqişünasların fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Artıq naxçıvanlı bəstəkarların əsərləri, simfonik və kamera musiqisi böyük konsert salonlarında səsləndirilir. Yaradılan şərait bəstəkarlarımızı yeni əsərlər yaratmağa ruhlandırıb. Son illər Naxçıvan bəstəkarlarının qazandıqları uğurlar, muxtar respublikada gənc musiqiçilərin yetişməsi istiqamətində həyata keçirilən tədbirlər və yaradılan şərait Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən mədəniyyətin, o cümlədən musiqinin inkişafına göstərilən yüksək qayğının nəticəsidir. Muxtar respublikada musiqi mədəniyyətinin mövcud inkişafı və bu sahədə formalaşdırılan zəruri baza Naxçıvana həsr olunmuş yeni müəllif mahnıları yaradıcılıq müsabiqəsinin keçirilməsinə əlverişli şərait yaradıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri bildirib ki, müsabiqənin keçirilməsi üçün təşkilat komitəsi yaradılıb, yaş məhdudiyyəti qoyulmadan peşəkar bəstəkarlarla yanaşı, həvəskar bəstəkarların da iştirakı üçün şərait yaradılıb. Mahnılar klavir və ya partitura formasında müsabiqəyə təqdim edilib, təşkilat komitəsi tərəfindən mahnıların ifası üçün musiqi kollektivi müəyyənləşdirilib.
Vurğulanıb ki, “Ulu yurdum – Naxçıvanım” müəllif mahnıları yaradıcılıq müsabiqəsinin qalibinin müəyyənləşdirilməsi məqsədilə 5 nəfərdən ibarət münsiflər heyəti yaradılıb. Təşkilat komitəsinin verdiyi məlumata görə, müsabiqəyə Naxçıvana həsr olunmuş 8 yeni müəllif mahnısı təqdim olunub. Müsabiqənin tam obyektiv keçirilməsi üçün ifa olunan mahnıların müəlliflərinin adlarının elan olunmaması qərara alınıb. Münsiflər heyəti ardıcıllıqla ifa edilən mahnıları qiymətləndirərək qalibləri müəyyənləşdirəcəkdir. Birinci yerin qalibi 500 manat, II yerin qalibi 300 manat, III yerin sahibi isə 200 manat məbləğində pul mükafatı və diplomla mükafatlandırılacaqdır. Digər iştirakçılar üçün isə həvəsləndirici diplomlar nəzərdə tutulub.
Sonra “Ulu yurdum – Naxçıvanım” müəllif mahnıları yaradıcılıq müsabiqəsinin yekun mərhələsinə başlanılıb.
Tamaşaçıların alqış sədaları altında keçən müsabiqədə birinci yerə Yaşar Xəlilovun bəstələdiyi “Naxçıvanım”, ikinci yerə Vidadi Heydərovun “Naxçıvan”, üçüncü yerə isə Elman Əliyevin “Bura can evidir Azərbaycanın” mahnıları layiq görülüb.
Mükafatların təqdimat mərasimində digər iştirakçılara həvəsləndirici diplomlar verilib.
Xəbərlər şöbəsi