Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində şair Qafar Qəribin “Qədim-yeni Naxçıvanım” kitabının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimini AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq kitab haqqında təəssüratlarını bildirib və burada yer alan vətənpərvərlik hisslərini tərənnüm edən şeirləri yüksək qiymətləndirib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigarın kitabın ədəbi-bədii təhlilindən ibarət məruzəsi dinlənilib. Bildirilib ki, gənc şair Qafar Qəribin “Qədim-yeni Naxçıvanım” adlı şeirlər kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə nəşr olunub. Bu kitab muxtar respublikamızın muxtariyyət qazanmasının 90 illik yubileyinə ən gözəl poetik hədiyyədir.
Tədbirdə filologiya elmləri doktoru, professor Hüseyn Həşimli “Möhtəşəm intibahın poetik ifadəsi” adlı məruzəsində Qafar Qəribin kitabında yer alan “Naxçıvan: dünən və bu gün”, “Müqəddəslər diyarı”, “Yeniləşən Naxçıvan”, “Bugünkü Naxçıvan nağılvaridir”, “Möcüzədir başdan-başa Naxçıvan”, “Naxçıvanın gecələri”, “Güllü şəhər” və sair kimi şeirlərində təsvir olunan sosial, iqtisadi, mədəni həyatın yüksəlişindən, Naxçıvanın keçdiyi uğurlu inkişaf yolundan bəhs edib.
Pedaqogika elmləri doktoru Elbəyi Maqsudovun “Qədim-yeni Naxçıvanım” kitabında vətənpərvərlik”, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynovun “Qədim-yeni Naxçıvanım” poemasında yurda bağlılıq və sevgi motivləri” adlı məruzələri dinlənilib.
Bildirilib ki, Naxçıvan ədəbi mühitində öz imzası ilə seçilən istedadlı şairlərimizdən olan gənc şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qafar Qəribin “Qədim-yeni Naxçıvanım” kitabına 2 poema – “Qədim-yeni Naxçıvanım”, “Əlincə” və 31 şeir daxildir.
Şairin “Qədim-yeni Naxçıvanım” poemasında ulu diyarımızın gündən-günə dəyişən siması, qurub-yaradan insanların əzmi poetik bir dillə vəsf edilir. Poemanın “Baş meydanda düşüncələr” bölməsi ulu öndərimizə həsr olunub.
Sonda müəllif çıxış edərək kitabın nəşrinə və təqdimat mərasiminin keçirilməsinə görə minnətdarlığını bildirib.
Nərgiz İSMAYILOVA