24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbdə görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Əkbər İbrahimov açaraq böyük ədibin həyat və fəaliyyətindən danışıb. O qeyd edib ki, maarifçi şair M.T.Sidqi tanınmış alim-pedaqoq, əxlaq nəzəriyyəçisi və görkəmli məktəbşünasdır. Bununla belə, onun yaradıcılığında ədəbi-fəlsəfi məsələlər də öz əksini tapıb.
Bildirilib ki, Məhəmməd Tağı Sidqinin yaradıcılığında maarifçi şeirlərin xüsusi yeri vardır. Pedaqoji görüşlərində məktəbi “cəhalət dərdinin dərmanı”, müəllimi isə “cəhalət bağının bağbanı” sayan görkəmli maarif xadiminin poetik öyüdnamələrində də elm ilə dünyanın abad olunmasının mümkünlüyündən, dünya dillərini öyrənməyin faydalarından, kamil insan olmaq qayəsindən geniş bəhs olunur.

Vurğulanıb ki, elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin müəllifi olan görkəmli maarif xadimi ədəbi yaradıcılıqla da məşğul olub. Onun qələminin məhsulu olan uşaq nəsrinin ilk mükəmməl nümunələri, poeziya və tərcümə materialları Azərbaycanda maarifçi ədəbiyyatın inkişafında mühüm rol oynayıb.
Sonra məktəbin müəllimlərindən Xatirə Baxşəliyevanın, Gövhər Bağırovanın, kitabxanaçı Elmira Pənahovanın çıxışları olub.
Sonda məktəbin şagirdlərinin ifasında Məhəmməd Tağı Sidqinin şeirlərindən seçmələr bədii qiraət edilib.

*    *   *

Naxçıvan şəhərindəki 11 nömrəli tam orta məktəbdə də M.T.Sidqinin 160 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib. Tədbiri məktəbin direktoru Elmira Həsənova açaraq bildirib ki, maarifçilik ideyalarının həm elmi, həm də təcrübi sahədə inkişafına təməl olan Sidqi yaradıcılığı xalqın dünyagörüşünün formalaşmasına təsir edən əsərlər məcmusudur. Naxçıvan torpağının yetirməsi olan Məhəmməd Tağı Sidqi xalqının, millətinin maariflənməsi uğrunda mübarizə aparan ilk maarif fədailərindəndir.
Sonra məktəbin təşkilatçısı Səmayə Şəfiyevanın, Azərbaycan dili və ədəbiyyat müəllimləri Gülşad Yusifovanın və Könül Həmzəyevanın ədibin həyat və yaradıcı­lığından bəhs edən çıxışları olub.
Çıxışlarda vurğulanıb ki, Məhəmməd Tağı Sidqi maarifçilik uğrunda mübarizə aparıb. Pedaqoq-şair bu mübarizədə sözün gücündən ustalıqla istifadə edib, kitablar yazıb, dərsliklər hazırlayıb. Elmə rəğbət, məktəbə çağırış motivli əsərlərində yazıçı təcrübəli pedaqoq kimliyi ilə diqqət çəkir. Bu mübarizədə əsas məqsəd isə gələcəyimiz olan uşaqlarımızı maarifləndirməkdir.
Qeyd olunub ki, M.T.Sidqi qızların maariflənməsi uğrunda da çalışırdı. Onun “Töhfeyi-bənat, yainki qızlara hədiyyə” əsəri bu baxımdan qiymətlidir. Bu əsərdə əksini tapan qiymətli fikirlər müasir dövrdə də öz əhəmiyyətini qorumaqdadır.
Məhəmməd Tağı Sidqi yaradıcılığı öz aktuallığı ilə indi də təravətini qoruyub saxlamaqdadır. Bu baxımdan onun əsərlərini mühafizə edib gələcək nəsillərə çatdırmaq bu günün ziyalılarının üzərinə düşən vəzifələrdəndir.
Sonda məktəbdə yaradılmış “Məhəmməd Tağı Sidqi – 160” adlı sərgiyə baxış olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR