Salyan rayonundakı Muğan arxeoloji mədəniyyətinin mərkəzi kimi tanınan Babazanlı ərazisində son illər aparılan araşdırmalar zamanı buradan 2800 il bundan əvvələ aid yaşayış məskənləri və maddi-mədəniyyət nümunələri aşkar edilmişdir.
Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 oktyabr 2013-cü il tarixdə “Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Salyan Rayon İcra Hakimiyyəti abidələrin 2800 illiyinin qeyd olunmasına dair tədbirlər planı hazırlamışdır. Tədbirlər planına əsasən, Salyan rayonunda milli tarixin Azərbaycançılıq məfkurəsi baxımından müstəsna əhəmiyyəti olan Muğan Babazanlı abidələrinin 2800 illiyinə həsr olunmuş tədbirlər keçirilmişdir.
Şərur Xalq Yallı Ansamblı bu tədbirlərdə iştirak etmişdir. Oktyabrın 24-də adıçəkilən abidələrin 2800 illiyinə həsr olunmuş nümayiş-yürüş keçirilmişdir. Qədim tariximizin canlandırıldığı nümayiş-yürüşdə Şərur Xalq Yallı Ansamblı da iştirak etmişdir. Həmin gün rayonun Heydər Əliyev Parkında böyük konsert proqramına qatılan Şərur Xalq Yallı Ansamblının çıxışı alqışlarla qarşılanmışdır.
Abidələrin 2800 illiyinin qeyd olunması tədbirlərində millət vəkilləri, alimlər, ziyalılar da iştirak etmiş, xalqımızın zəngin mədəniyyətindən və qədim tarixindən söhbət açmışlar.
Oktyabrın 25-də Salyan Rayon İcra Hakimiyyətində görüşdən sonra Şərur Xalq Yallı Ansamblı Naxçıvana qayıtmışdır.
Məlumat üçün qeyd edək ki, tarix-mədəniyyət tədbirlərində Şərur Xalq Yallı Ansamblı ilə bərabər, Masallı rayonunun “Halay” Folklor Ansamblı, İsmayıllı və Lerik rayonlarının folklor kollektivləri də iştirak etmişlər.
Əli RZAYEV