Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzi Babək Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birlikdə rayon Mədəniyyət Evində Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi ilə əlaqədar konfrans keçirib.
Tədbiri giriş sözü ilə Babək Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdir əvəzi Niyaz İsmayılov açıb. Qeyd edilib ki, digər ədib və ziyalılarımız kimi, maarif fədaisi, şair Məhəmməd Tağı Sidqinin də fəaliyyəti, yaratdığı əsərlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onun ömür yolu və yaradıcılığı ətraflı öyrənilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 20 avqust tarixli “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı bu baxımdan mühüm əhəmiyyətə malikdir. Həmin sərəncam muxtar respublikanın ziyalıları tərəfindən görkəmli şəxsiyyətlərimizə, ədib və şairlərimizə, onların fəaliyyətinə və yaradıcılığına verilən qiymət kimi dəyərləndirilir.
Vurğulanıb ki, Məhəmməd Tağı Sidqinin zəngin, çoxşaxəli yaradıcılığı, qaynar fəaliyyəti XIX əsrin ikinci yarısı və iyirminci yüzilliyin əvvəllərində Azərbaycanda maarifin, ədəbiyyatın, filoloji fikrin, mədəniyyətin inkişafında mühüm rol oynayıb. Elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin müəllifi olan görkəmli maarif xadimi ədəbi yaradıcılıqla da məşğul olub. Onun qələminin məhsulu olan uşaq nəsrinin ilk mükəmməl nümunələri, ədəbi-fəlsəfi traktat, poeziya və tərcümə materialları Azərbaycanda maarifçi ədəbiyyatın inkişafında mühüm rol oynayıb.
Ordubad rayonunda anadan olan M.T.Sidqi mədrəsə təhsili alıb, klassik Şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənib. Pedaqoji fəaliyyəti ilə bilavasitə bağlı olan ədəbi irsi qəzəllərdən, “Məsnəviyyati-mənəviyyə” adlı irihəcmli mənzumədən, “Kərbəlayi Nəsir” mənzum hekayətindən, “Heykəli-insana bir nəzər” ədəbi-fəlsəfi traktatından və 20-dən çox hekayədən ibarətdir. Sidqi Azərbaycan uşaq nəsrinin ilk yetkin nümunələrini yaradan sənətkarlarımızdan biridir. “Məktəb hekayələri” kimi tanınan bu əsərlərdə o, özünün maarifçilik ideyalarını, pedaqoji görüşlərini, yüksək mənəvi-əxlaqi keyfiyyətləri bədii şəkildə təbliğ edir. M.T.Sidqi publisistika sahəsində də fəaliyyət göstərib, “Tərcüman”, “Əxtər”, “Həblülmətin”, “Kaspi”, “Nasiri” kimi qəzetlərlə əməkdaşlıq edib. Ana dilində “Çıraq” adlı qəzet çıxarmaq üçün təşəbbüs göstərib.
Sonra Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru Nizami Əzizəliyevin, Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fatma Bağırovanın çıxışları olub.
Sonda tədbir iştirakçıları Babək Rayon Mədəniyyət Evinin foyesində təşkil edilmiş “Məhəmməd Tağı Sidqi – 160” adlı sərgiyə baxıblar.
Sona MİRZƏYEVA