“Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası milli dövlətçilik tariximizin, elmi, ədəbi-mədəni irsimizin formalaşmasında, zənginləşməsində mühüm rol oynamışdır. Şəhərsalma mədəniyyətinin 5 min il yaşının faktlarla sübut edildiyi bu qədim oğuz yurdu bəşəriyyətin ilkin beşiklərindən hesab olunur. Buradakı Gəmiqaya təsvirləri, qədim duz mədənləri, I və II Kültəpələr, Xaraba Gilan, Ovçular təpəsi və digər tarixi məkanlardan tapılmış maddi-mədəniyyət yadigarları hər daşı tarix çağıran Azərbaycan elinin möhtəşəm keçmişindən soraq verir”.
Bu fikirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə dərc etdirdiyi Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “Naxçıvan 90 il” adlı kitab-albomun annotasiyasında yazılıb. Mətn müəllifləri İntiqam Hümbətov, Zöhrə Əliyeva, Rəşad Əliyev və Fariz Yunisli olan nəfis tərtibatlı nəşrdə minilliklərdən boylanan Naxçıvanın tarix və mədəniyyət abidələri, turizm potensialı, müasir inkişafı, ecazkar təbiəti öz əksini tapıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 14 yanvar 2014-cü il tarixli Sərəncamının icrasına dair Tədbirlər Planına əsasən nəşr olunan kitab-albomun ilk səhifəsində ölkə Prezidentinin adıçəkilən sərəncamı verilib.
Qədim diyarın tarixi, sahib olduğu mədəni irs və turizm potensialı haqqında müfəssəl məlumat verilən kitab-albomda muxtar respublikanın tarixinə, turistik məkanlarına dair maraqlı fotoşəkillər dərc olunub.
Əvvəlcə “Naxçıvan” adının mənşəyi, bu qədim diyarın tarixi barədə məlumat verilir. Bildirilir ki, “Naxçıvan” sözünün mənşəyi haqqında xalq etimologiyasına və tarixi qaynaqlara görə, müxtəlif fikirlər mövcuddur. “Nəqşi-cahan” (Dünyanın bəzəyi), “möcüzəli sular diyarı” (“Naxçuana/Naxçuan”) şəklində izah olunan bu qədim yurd yerinin adının Nuh Peyğəmbərlə, daha doğrusu, “Dünya tufanı” ilə də bağlı olduğu kitab-albomda əks olunan faktlardandır.
Naxçıvan diyarının beş minillik şəhər mədəniyyətinə malik olduğunu sübut edən faktlardan olan Gəmiqayadakı qayaüstü təsvirlərin, Möminə xatın, Yusif Küseyir oğlu və Qarabağlar türbələrinin, Nuh Peyğəmbərin məzarüstü türbəsinin, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin, Əlincə və Gülüstan qalalarının, Xanəgah Abidə Kompleksinin, Qeysəriyyə mədrəsəsinin şəkilləri verilən kitab-albomda oxucular Naxçıvan diyarının muxtariyyət statusu haqqında geniş və müfəssəl məlumat əldə edə bilərlər. Naxçıvan torpağının X əsrin sonlarından bu günümüzə qədər keçdiyi tarixi yol haqqında yeni nəşrdə verilən xəritələr də oxucuda aydın və ilkin təsəvvür yaradır. Bu xəritələr qədim Naxçıvanımızın tarixən əhatə etdiyi əraziləri göstərməklə yanaşı, bu ərazidə hakim olmuş dövlətlərdən, buradakı idarəçilik üsullarından, zaman-zaman ermənilər tərəfindən işğal olunmuş tarixi Azərbaycan torpaqlarından, tarixi və mədəni abidələrdən soraq verir. Kitab-albomda verilən xəritələr içərisində bir xəritə diqqəti xüsusilə cəlb edir ki, bu, 1918-1919-cu illərdə mövcud olmuş Naxçıvan Araz-Türk Respublikasının xəritəsidir. Həmin xəritədən məlum olur ki, o zamankı Araz-Türk Respublikasının ərazisinə indiki Naxçıvan Muxtar Respublikasının ərazisi ilə bərabər, XX əsrin əvvəllərində ermənilər tərəfindən işğal olunmuş Sürməli qəzası, Üçmüəzzin qəzasının bir hissəsi, Sərdarabad, İrəvan qəzasının bir hissəsi (Uluxanlı – Zəngibasar, Qəmərli – Gərnibasar, Vedi – Vedibasar), Mehri bölgəsi daxil olub. Araz-Türk Respublikasının sahəsi 8696 kvadratkilometr, əhalisi isə 1 milyondan çox idi.
Yeni nəşrdə Naxçıvan Muxtar Respublikasının yubileylərinin keçirilməsini əks etdirən fotoşəkillərə də yer verilib.
Kitab-albomun Naxçıvan tarixi üçün əhəmiyyət kəsb etdiyi digər bir məqamı isə səhifələrində xalqımızın böyük oğlu, dahi rəhbər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi, Naxçıvan, eləcə də ölkəmiz üçün tarixi qərarlar qəbul etdiyi dövrü fotoşəkillərlə əks etdirməsidir. Burada hələ Sovetlər Birliyinin yaşadığı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının və Ali dövlət hakimiyyəti orqanının adının dəyişdirilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsis edilməsi ilə bağlı dahi rəhbərin Sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 17 noyabr tarixli birinci sessiyasının qəbul etdiyi tarixi qərarların mətnləri və ümummilli lider Heydər Əliyevin 1996-cı və 2002-ci illərdə Naxçıvana səfərlərini əks etdirən fotoşəkillər dərc edilib.
Sonrakı səhifələrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004, 2009, 2010 və 2014-cü illərdə Naxçıvan Muxtar Respublikasına səfərləri zamanı keçirilən açılış mərasimlərində iştirakını əks etdirən fotoşəkillər verilib. Həmçinin kitab-albomda müasir Naxçıvanın sosial-iqtisadi inkişafının əməli nəticələri olan təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin və sosial obyektlərin bir qisminin fotoşəkilləri də yerləşdirilib.
Səyyar MƏMMƏDOV