24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, hər il oktyabrın 24-ü Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilir.
Dünən Hüseyn Cavid Poeziya Günü münasibətilə Naxçıvan şəhərində tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə şair-dramaturqun və onun ailə üzvlərinin uyuduğu məqbərəni ziyarət ediblər. Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov Cavidlər məqbərəsinin yaradılması və Hüseyn Cavid Poeziya Günü haqqında məlumat verib.
Tədbir Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyində davam etdirilib. Giriş sözü ilə çıxış edən mədəniyyət və turizm naziri Sarvan İbrahimov böyük söz ustadının bəşəri ruhlu, həmişəyaşar yaradıcılığından, Cavid şəxsiyyətinə və irsinə dövlət qayğısından söhbət açıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Yadigarın “Romantik poeziyamızın ölməz korifeyi”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasım­ovun “Hüseyn Cavidin yaradıcılığında sülh və barış ideyaları” mövzularında çıxışları olub.
Çıxışlarda qeyd edilib ki, qüdrətli romantik sənətkarın əsərləri ədəbiyyat və mədəniyyətimizin qızıl fonduna daxil olub. Hüseyn Cavid sənəti fikir və duyğular aləminin zənginliyi, obraz və xarakterlərinin əlvanlığı baxımından zaman və məkan, irq, milliyyət, din məhdudiyyəti ilə sərhədlənmir. Cavid yaradıcılığı əbədiyaşar söz sənəti kimi dünya durduqca daim insan mənəviyyatının zənginləşməsinə xidmət edəcək, bəşəri duyğularla və zəngin fikirlər dünyası ilə insanları düşündürəcəkdir. Müharibələrə nifrət, sülhə çağırış onun əsərlərinin əsas mövzularından olmaqla bu gün də müasirdir.
Tədbirdə şairlərdən Xanəli Kərimli, Elbəyi Maqsudov və Əbülfəz Ülvi böyük şairə həsr olunmuş şeirlərini söyləyiblər. Xalq artistləri Rza Xudiyev, Həsən Ağasoy, aktyorlardan Nurbəniz Niftəliyeva, Mirqabil Əkbərov şairin yaradıcılığından nümunələri bədii qiraət ediblər.
Sonra Hüseyn Cavid adına Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında şairin şeirlərindən ibarət bədii kompozisiya təqdim edilib.
Sonda şairin ev-muzeyinə baxış olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov iştirak edib.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR