24 Dekabr 2024, Çərşənbə axşamı

İlmələr vurulur, naxışlar yaranır

Xalqımızın həyat və məişətini əks etdirən xalq yaradıcılığının ən zəngin və orijinal nümunələrindən biri də xalçaçılıq sənətidir. Min illərdən üzübəri bu sənətin biliciləri ipək nənələr, ağbirçək analardır. Onların əlinin sığalı ilə yüzlərlə, minlərlə xalçalar ərsəyə gəlib ki, həmin xalçalar əvəzsiz sənət əsəri kimi bu gün muzeylərimizdə, evlərimizdə qorunub saxlanılmaqdadır. Minbir həvəslə toxunan həmin xalçalara baxanda gözümüz bir naxışda, bir rəngdə ilişib qalır. Çünki o naxışa, o boyaya heyran oluruq. Bu naxışlara baxanda həm də elə bilirsən ki, göy gurladı, gürşad oynadı, yağışlar yağdı, yeddi rəngin çələngində Fatma nənənin hanası uzandı. Elə bil ki, bir azdan Günəş buludların arasından boylanıb lalənin gözünün giləsində mürgüləyəcək. Başqa bir xalçada isə arılar iri güllərin tacından çıxıb sanki qanadlarını çırpır, qızılı toz ələnir otlara, çiçəklərə. Bir başqa xalıda isə igidlər qara zurnanın sədaları altında dövrə vurur. Hər biri bir dövrün tarixini özündə yaşadan bir yadigar kimi arzuların, niyyətlərin çiçək açdığı xalılar, xalçalar qızların, gəlinlərin barmaqlarının istisi, hərarəti ilə ilmə-ilmə toxunub, naxışlanıb və hasilə gəlib.

Hələ dünyanı dərk etmədiyim kiçik yaşlarımda kəndə gedəndə xalça toxuyan nənəmin zümzümə ilə oxuduğu mahnıları indi də xatırlayıram. Bəzən isə nəvələrinə elə xalça toxuya-toxuya nənəm belə layla çalardı: 

Şirinsən özün, balam,
Bal dadır sözün, balam.
Dolansan xalça üstdə,
Tük seçər gözün, balam.
Ayrı-ayrı bölgələr kimi, Şahbuz rayonunda da xalçaçılıq sənəti geniş yayılıb. Uzun illər Şahbuz yurdunun kənd­lərində, əsasən, payız, qış aylarında az qala hər bir evdə hana qurular, xalça toxunar, qızlara cehiz hazırlanardı.
Bu xalçaların hər birinin öz naxışı və öz müəllifi olardı. Ona görə də xalqımıza məxsus xalçalar bizdən başqa heç kimə sirr verməz. Deyilənlərə görə, əsir düşmüş qız sevgilisinə özünü nişan vermək üçün bir xalça toxuyur. İlmələrlə, rənglərlə olduğu şəhəri, onun xilas yollarını sevgilisinə bildirir. Qızın sevgilisi xalçanı görən kimi işin nə yerdə olduğunu anlayır və bu “xəritə xalça” ona yol göstərir. Deməli, xalçalar da ilmələrində, rənglərində bu xalqın yaratdığı əfsanələri, nağılları özündə ehtiva edir.
İllər ötdükcə müasir elmi-texniki yeniliklərin tətbiqi bu sənətə olan ehtiyacı bir qədər azaltdı. Amma zaman sübut edir ki, xalqın hələ qədimlərdən yaratdığı nə varsa, o, bu gün də öz dəyərini, qiymətini saxlayır. Bəlkə, elə bu səbəbdəndir ki, dövrümüzə qədər yaşayan xalçaçılıq sənəti bu gün də kəndlərimizdə yaşadılır; nənələrimizin əlinin sığalı ilə, ürəyinin istisi ilə təzə xalçalar toxunur. Təbii ip, boya, əriş, arğac vasitəsilə yaranan bu el sənəti nümunəsi olan xalçalar öz keyfiyyəti ilə də əvəzolunmazdır.
Şahbuz rayonunun aranında, yaylağında milli mədəniyyətimizin, sənətimizin, ənənələrimizin yaradıcısı olan insanlar zaman-zaman əvəzsiz sənət əsərləri, o cümlədən gözəl xalçalar toxuyub araya-ərsəyə gətiriblər. Kəndlərimizdə yaşayan qadınların bu sənətə olan marağını evlərdəki xalçaçılıq məmulatlarının və xalça toxuculuğu ilə bağlı əşyaların çeşid müxtəlifliyi də sübut edir.
Muxtar respublikamızda milli dəyərlərə, xalq sənətkarlığına hərtərəfli qayğı göstərilir. Qədim el sənətinin biliciləri olan qadınlar xalça toxumaq üçün məşğulluq orqanları ilə müqavilələr bağlayaraq toxuculuq dəzgahları, alətləri, əriş, arğac və rəngli iplərlə təmin olunublar. Əsasən, uzunluğu 1 metr 20 santimetr, eni 80 santimetr olan kiçikölçülü xalçaların milli ornamentli və Naxçıvan bölgəsinə aid naxışlarla toxunmasına diqqət yetirilir. Şahbuz rayonunda bu istiqamətdə həyata keçirilən tədbirlərdə, əsasən, Kolanı və Aşağı Qışlaq kəndlərində qədim el sənətinin biliciləri olan qadınlar iştirak edirlər. Onlar qısa zaman ərzində 7 belə xalça toxuyaraq sərgi və satış-sərgilərə təqdim ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun milli mentalitetimizə, dəyərlərimizə, şifahi xalq yaradıcılığına, o cümlədən qədim el sənətkarlığının inkişaf etdirilməsinə göstərdiyi qayğı öz bəhrəsini verir. Əhalinin fərdi məşğulluğunun təmin edilməsi sahəsində belə tədbirlərin həyata keçirilməsi insanların maddi rifah halının güclənməsinə də müsbət təsir göstərir. Bu mənada kəndli qadınların boş vaxtlarında mənalı işlə məşğul olaraq həm qədim xalq sənətinin yeni nümunələrini yaratmaları, həm də ailə büdcəsinə köməklik etmələri, doğrudan da, təqdirolunası haldır. Toxunan hər bir xalça müqabilində əməkhaqqı ödənilir. Həmin qadınlarla söhbətimiz zamanı bildirdilər ki, hər bir xalça üçün verilən pul çəkilən əziyyətin müqabilində onları razı salır. Xalçaçı qadınlardan biri ilə söhbətimi oxucularımıza təqdim etmək istəyirəm.
Xalçaçılığın sirlərini qızlarına, gəlinlərinə öyrətməklə onu gələcək nəsillərə çatdıran bu qadın Şahbuz rayonunun Aşağı Qışlaq kəndində yaşayan Südabə Məhərrəmovadır.
S.Məhərrəmovanın toxuduğu xalçaları görmək marağı ilə həmin kəndə üz tutdum. Xalçaçı qadının əl işləri, doğrudan da, tərifəlayiqdir. Bu xalça ustasından sənətinin sirləri barədə soruşanda bildirdi ki, xalçanın gözəlliyi onun naxışında və rənglərin düzgün seçilməsindədir. Hananın üstündən top-top asılmış rəngli iplər, kirgid, həvə, qayçı, bıçaq, bir də ip qırıntıları nəzərimi çəkdi. Həmin iplərlə çalınmış ilmələr valehedici, bir-birindən gözəl naxışlara çevrilirdi. S.Məhərrəmovanın söhbət edə-edə xalça toxuması onun bu sənətə olan sevgisinin ifadəsi idi. İşindən ayırmadan ona suallar verməyə başladım:
– Xalçanın gözəlliyi rəngdə, yoxsa naxışdadır?
– Bizim xalçaların bənzərsizliyinin sirri bu yerdə bəslənən qoyun-quzulardan alınan yundadır. Həmin yundan əyirilib hasilə gətirilən iplər yeddi rəngin minbir çeşidindən rəng alıb sanki ev-ev xalçalara daşınıb, palazlara hopdurulub. Belə xalça-palazları kənd evlərinin Günəşə açılan pəncərələrində tez-tez görmək adi bir haldır. Çünki bu xalçaların ilkin yaradıcısı və ilkin vətəni elə kəndlərimizdir. O xalçalar analarımızın ürəyinin hərarəti, barmaqlarının izi yaşayan əvəzsiz sənət əsərləridir. Xalqımıza məxsus bu sənətin indiki dövrdə yaşadılması, gələcək nəsillərə çatdırılması üçün də bir çox işlər görülür.
– İlk dəfə xalça toxumaq marağınız və həvəsiniz necə yarandı?
– Mən hələ balaca ikən nənəmin, anamın yanında oturmuşam və onların xalça toxumağına baxmışam. Ona görə yox ki, xalça toxumaq istəmişəm. Sadəcə olaraq, il boyu evimizdə xalça toxunduğuna görə bu, mənim üçün adi bir əyləncə idi. İllər mən hiss eləmədən keçib gedib. Və ilmələrə, saplara, naxışlara baxa-baxa bir də görmüşəm ki, xalçaçılığın sirrini, sehrini özündə saxlayan ilmələrə, saplara vurğunam. Nə vaxtdan xalça toxumağa başladığımı isə dəqiq xatırlamıram. Xalçadakı naxışların valehedici olması rənglərin düzgün seçilməsindən çox asılıdır. Deməli, rəng düzgün seçiləndə, naxışlar düz toxunanda barmaqların sehri ilə bir sənət əsəri yaratmaq olur. Yanlış vurulan naxışı usta seçər, naşı seçə bilməz. Mən də həmişə çalışmışam, yanlış naxış vurmayım ki, usta xalçaçılar məni qınamasınlar. Bax beləcə ömrün yarısından çoxunu yaşamışam, bu sənətdən ayrı düşmə­mişəm. Çünki ona qəlbən bağlıyam.
– Bu sənətin sirri varmı?
– Hər bir sənətin özünəməxsus sirri var. Xalçaçılığın da qədimdən bu günə miras qalan sirləri çoxdur. Bitib-tükənməyən naxışları salmaq üçün xalçaçı nəyi bilməlidir, nəyi öyrənməlidir, ilmələri necə çalmalıdır? Bütün bunların hər biri bir sirdir. Mən çalışmışam ki, əsl sənət nümunəsi yaratmaq üçün o sirlərə vaqif olum.
– Yaxşı xalça toxumaq üçün xüsusi alətlər varmı?
– Nəinki xüsusi alətlər, həm də lazımi iplər, əriş, arğac və başqa əşyalar da tələb olunur. Buna görə xalça toxumağa hazırlıq xüsusi bir dəm-dəsgahla başlayır. Əvvəlcə yun yuyulur, daranır, uzun qış gecələrində cəhrədə əlçim-əlçim əyirilib ip hazırlanır. İp kələfi boya çağını gözləyir. İpin yaxşı boyanması boyaqçının boyağından çox asılıdır. Boyaq yaxşı olanda toxunan xalçanın rəngi əsrlərlə solmaz. Elə ki xalça toxunacaq iplər hazır oldu, hana qurulur, qız-gəlin cəm olub başlayır xalçanı toxumağa. Xalçanın başlığı var, küncü var, gölü var, butası var, yeləni var. Bunların hər birini toxumaq xüsusi bacarıq tələb edir. Əvvəlcədən xalçanın çeşnisi götürülür. Elə ki xalça toxunub qurtardı, gəbəkəsdi mərasimi keçirilir. Xalçaçılar bir yerə cəm olur, xalçanı kəsib yerə salırlar. Və üstündə yaxşı bir qonaqlıq edirlər ki, həmin xalça xeyir işlərdə istifadə olunsun. Bir sözlə, xalçaçılıq səbir, diqqət və dözümlülük tələb edən sənətdir. Ona görə də bu sənətə sevərək, ona vurğun olaraq gəlmək lazımdır.
Söhbətimiz uzun çəkdi. Və o müddətdə gözləri hanada, ilmədə, naxışda olan Südabə xanım böyük həvəslə, zövqlə həm söhbət etdi, həm də bir xeyli ilmə çaldı, naxış vurdu. Bildirdi ki, bu xalça da yaxın vaxtlarda toxunub qurtaracaq...
Deməli, yeni bir sənət əsəri ərsəyə gələcək.
Xalq yaradıcılığının dəyərli incilərindən sayılan xalçaçılıq sənətini bu gün də böyük həvəslə davam etdirən və gələcək nəsillərə çatdırmaq istəyən Südabə xanım, yəqin ki, hələ bundan sonra da ömür vəfa elədikcə neçə-neçə xalçalar toxuyacaq. Neçə-neçə qıza, gəlinə onun sirlərini öyrədəcək. Toxuyacağı xalçalar onun ömür yolunun bəzəyi olacaq.
Deyirlər ki, hər xalçada toxuyanın özünəməxsus nişanəsi olur. Südabə xanımın da nişanəsi onun xalçalarında əbədiləşib. Uzun illər keçsə belə, bu nişanə onun toxuduğu xalçalarda yadigar qalacaq, gələcək nəsillərə onun sənətindən xəbər verəcək.

Şəhla NƏBİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR