24 Dekabr 2024, Çərşənbə axşamı

Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi ilə əlaqədar Ordubad rayonunun Aza kənd tam orta məktəbində tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Təvəkkül Məmmədov açaraq qeyd edib ki, Azərbaycan maarifçiliyinin görkəmli nümayəndələrindən Məhəmməd Tağı Sidqi pedaqoji fikir tariximizdə özünəməxsus yer tutur. Onun yaradıcılığında Vətən, millət və dil anlayışları xüsusi əhəmiyyət kəsb edir. Qüdrətli pedaqoq, şair və publisist Naxçıvan maarifində elə bir xidmət göstərib ki, yaratdığı xariqələrin əks-sədası hələ sağlığında bütün Qafqaza yayılıb.
Məktəbin müəllimlərindən Ramiz Səfərov, İradə Həmzəyeva, uşaq birliyinin rəhbəri Şirin Mirzəyeva, kitabxanaçı Samirə Xəlilova Sidqinin həyat və yaradıcılığı, onun elmi-pedaqoji fəaliyyəti haqqında məruzələrlə çıxış ediblər.

Məruzələrdə qeyd olunub ki, Sidqi görkəmli bir ədəbiyyatşünas alim, mahir pedaqoq kimi təlim və tərbiyəyə, dilimizə, ədəbiyyatımıza dair qiymətli əsərlər yazıb. O, Ordubadda “Əxtər”, Naxçıvanda isə “Tərbiyə” məktəbi təsis edib, xalq müəllimi kimi şöhrət qazanıb, ədəbi-mədəni tədbirlərin və teatr tamaşalarının əsas təşkilatçılarından olub.
Bildirilib ki, Naxçıvan teatrının ilk yaradıcılarından olan Məhəmməd Tağı Sidqi bu teatrın inkişafında mühüm xidmətlər göstərib. 1894-1899-cu illərdə “Dram Cəmiyyəti” üzvləri ilə birlikdə M.F.Axundzadənin “Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Sərgüzəşti-mərdi-xəsis”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyalarının naxçıvanlı Rəhim xanın evində tamaşaya qoyulmasına nail olan Məhəmməd Tağı Sidqi M.F.Axundzadənin “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur” komediyasına rejissorluq edib. Böyük pedaqoq və maarifçi bu yolla milli teatrın imkanlarını xalqın maariflənməsinə, ictimai-mədəni tərəqqiyə cəlb edib.
M.T.Sidqi elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin müəllifidir. Böyük pedaqoq, istedadlı şair, xalq müəllimi M.T.Sidqinin əsərləri öz dövründə olduğu kimi, bu gün də aktuallığını qorumaqdadır.
Sonda məktəbin şagirdləri Məhəmməd Tağı Sidqinin şeirlərini bədii qiraət ediblər.

 Sona MİRZƏYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR