24 Dekabr 2024, Çərşənbə axşamı

Oktyabrın 17-dən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı muxtar respublikanın rayon mərkəzlərinə qastrol səfərinə çıxmışdır.
Həmin gün teatr Şahbuz şəhərində böyük rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexovun (1860-1904) “Ayı” və “Təklif” vodevilləri əsasında səhnələşdirilmiş “Russayağı evlənmə” tamaşasını rayon ictimaiyyətinə təqdim etmişdir. Məlumat üçün bildirək ki, teatr adıçəkilən tamaşanı dünən babəkli teatrsevərlərə göstərmişdir. Bu gün Ordubad rayonunda təqdim ediləcək “Russayağı evlənmə” tamaşası oktyabrın 23-də Culfa, 27-də isə Şərur və Kəngərli rayonlarında göstəriləcəkdir.
Bu tamaşa XIX əsr Rusiya həyatının reallıqlarını yazıçıya məxsus kinayə və istehzalarla göstərən şən səhnə əsəri təsiri bağışlayır. Əsəri səhnələşdirən və ona quruluş verən rejissor hər iki vodevilin süjetlərini birləşdirməklə tamaşanın finalında maraqlı rejissor təfsirinə nail olmuşdur. Quruluşçu rəssam, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əbülfəz Axund­ovun səhnə tərtibatı XIX əsr Rusiya həyatının reallıqlarını özündə əks etdirir.

“Ayı” vodevilində hadisələr Yelena İvanovna Ponovanın (aktrisa Zəminə Baxşəliyeva) qonaq otağında baş verir. Buraya borcunu almağa gələn Qriqori Stepanoviç Smirnov (Azərbaycan Respublikasının əməkdar artisti Əbülfəz İmanov) komik bir vəziyyətə düşür. Dul qalmış mülkədar arvadı Ponova mülkədar Smirnova borcunu qaytarmır. Əsərdə Smirnov Ponovaya eşq elan edir. Əsərdəki XIX əsr Rusiya həyatının tipik nökər surəti olan Luka obrazını Azərbaycan Respublikasının əməkdar artisti Behruz Haxverdiyev özünəməxsus cizgilərlə yaratmaqla tamaşaya xoş ovqat qatmışdır.
“Təklif” vodevilində hadisələr Stepan Stepanoviç Çubukovun (Azərbaycan Respublikasının əməkdar artisti Xəlil Hüseynov) malikanəsində baş verir. Mülkədar İvan Vasilyeviç Lomov (aktyor Elnur Rzayev) vəsvəsəli və hər şeydən şübhələnən bir şəxsdir. Bu vodevildə isə Lomov mülkədar Çubukovun cavan qızı Natalya Stepanovnaya aşiq olur. Maraqlı, komik və şən zarafatı xatırladan bu məhəbbət sərgüzəşti qəribə bir finalla bitir. Natalya Stepanovna personajının ifaçısı gənc aktrisa Nurbəniz Niftəliyevanın tamaşa boyu səhnədə dinamik və emosional hərəkətləri tamaşaçını əyləndirir.
Tamaşa kilsədə maraqlı sonluqla bitir. Rejissorun canlandırdığı Keşiş obrazı (Tofiq Seyidov) bu eşq sərgüzəştlərinə tamaşada cərəyan edən hadisələrin əksinə olaraq son qoyur. Belə ki, Qriqori Smirnov Natalya Stepanovna ilə, İvan Lomov isə Yelena İvanovna ilə evlənir. Tamaşanın belə sonluqla bitməsi böyük Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərinin finalını yada salır.
Ümumiyyətlə, “Russayağı evlənmə” tamaşası böyük dramaturqun əsərlərindəki rus həyatının özünəməxsus xarakterini açmaq və kiçik əhvalatlarla böyük həqiqətləri ortaya qoymaq ideyasını uğurla tamaşaçıya təqdim edə bilmişdir. Tamaşada rus xalq musiqisindən istifadə edilməsi də hadisələrin şən və maraqlı canlandırılmasına səbəb olmuşdur.
Qeyd edək ki, Naxçıvan teatrı A.P.Çexov dramaturgiyasına sonuncu dəfə 1985-ci ildə müraciət etmişdir. Həmin ildə müəllifin vode­vil və hekayələri əsasında “Üç zarafat” tamaşası hazırlanmışdır.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR