24 Dekabr 2024, Çərşənbə axşamı

XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, maarifçilik ideyalarının təbliğatçısı Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 20 avqust 2014-cü il tarixli Sərəncamı elm, təhsil və mədəniyyət müəssisələri qarşısında mədəni tədbirlərin keçirilməsi kimi mühüm vəzifələr qoymuşdur.

M.T.Sidqinin ailə üzvləri – 1933-cü il

Soldan yuxarıda: oğlu Rüfət (Paşa), gəlini Valya, qızı Dostuxanım, gəlini Məsumə, gəlini Gülçöhrə, naməlum.
Ortada: oğlu Məmmədəli, Məsumənin anası Tükəzban xanım, naməlum, oğlu Məmmədhəsən.
Aşağıda: Məmmədhəsənin qızı Təhminə, oğlu Sidqi, Məmmədəlinin qızı Sara, oğlanları Ağamusa və Ağarza.


Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində də sərəncama uyğun olaraq tədbirlər planı hazırlanmış, “Məhəmməd Tağı Sidqi guşəsi” yeni eksponatlarla daha da zənginləşdirilmişdir.
Guşədə Xalq rəssamı Hüseynqulu Əliyev tərəfindən kətan üzərində yağlı boya ilə çəkilmiş Sidqinin portreti, onun ailə üzvləri, oğlu Məmmədhəsən həyat yoldaşı Gülçöhrə xanımla, oğlu Məmmədəli Sidqi Səfərov, Ordubadda “Əxtər” məktəbinin binası, Məhəmməd Tağı Sidqinin məzarı və digər fotoşəkillər nümayiş olunur.

Eyni zamanda sərgidə ədəbiyyatşünas alimlərdən akademik İsa Həbibbəylinin “Məhəmməd Tağı Sidqi. Əsərləri”, Əsgər Qədimovun “Məhəmməd Tağı Sidqinin həyatı və yaradıcılığı”, İbrahim Mollayevin “Məhəmməd Tağı Sidqinin pedaqoji görüşləri”, Yavər Eyvazovun “Məhəmməd Tağı Sidqi”, Akif Axundov və Eldar Əfəndiyevin “İşıqlı adamlar”, Maqsud Mahmudzadənin “Dünyanın bəzəyi – Naxçıvan”, “Cəlil Məmmədquluzadənin naxçıvanlı müasirləri” və sair kitablara yer ayrılmışdır.
Uzun müddət mədəniyyət sahəsində işlədiyimə görə Məhəmməd Tağı Sidqinin ailəsi ilə bağlı iki xatirəni qeyd etmək istərdim.
Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin anadan olmasının 100 illiyi münasibətilə Bakı şəhərindən yüzlərlə elm, mədəniyyət, incəsənət xadimi, ədəbiyyatşünas alimlər qədim Naxçıvan diyarına qonaq gələrək ədibin adını daşıyan muzeyin açılış mərasimində iştirak edirdilər. Görkəmli maarifpərvər şair, publisist Məhəmməd Tağı Sidqinin oğlu Məmmədhəsən Sidqi və onun oğlu Sidqi Səfərov da iştirak edənlər arasında idi.
14 iyun 1967-ci il tarixdə onlar muzeydə olmuş, öz ürək sözlərini bu cür ifadə etmişlər:
“Naxçıvanın gözəl bir guşəsində yeni bir abidə ucaldı, təzə bir mədəniyyət ocağı açıldı. Bu, böyük Mirzə Cəlilin adını daşıyan Azərbaycan Ədəbiyyat Muzeyidir. Ekspozisiya bizim təsəvvür etdiyimizdən də gözəl və təmtəraqlı çıxmışdır. Mirzə Cəlilin adına layiq olan muzey eyni zamanda xalqımızın ölməz sənətkarına böyük hədiyyədir. Təzə muzeyin kollektivinə muzeyi gələcəkdə yeni-yeni eksponatlar hesabına zənginləşdirmək yollarında müvəffəqiyyətlər arzulayırıq”.
Daha bir görüş... 1989-cu il sen­tyabr ayının 29-da Məhəmməd Tağı Sidqinin oğlu Məmmədəli Sidqinin nəvəsi Bahar xanım Əsədova Naxçıvana gəlmiş, Ədəbiyyat Muzeyində olmuşdur. O, ekspozisiya ilə tanış olarkən Cəlil Məmmədquluzadənin məslək yoldaşı, babası Məhəmməd Tağı Sidqinin guşəsi ilə tanış olmuşdur. Guşədə 1933-cü ilin bir şəkli onun diqqətini cəlb etmişdir. Bu, Məhəmməd Tağı Sidqinin ailəsinə məxsus bir şəkil idi. Bahar xanım şəkildə əks olunan 15 nəfər şəxsin 13 nəfəri haqqında bizə ətraflı məlumatlar verdi. O, şəkildəkilərin Məhəmməd Tağı Sidqinin üç oğlu – Məmmədəli, Məmmədhəsən, Rüfət (Paşa), qızı Dostuxanım, Məmmədəlinin həyat yoldaşı Məsumə xanım, oğlanları Ağamusa və Ağarza, qızı Sara, Məsumənin anası Tükəzban xanım, Məmmədhəsənin həyat yoldaşı Gülçöhrə xanım, oğlu Sidqi, qızı Təhminə, Rüfətin (Paşanın) həyat yoldaşı Valya olduğunu bildirdi.
Maarifçi kimi şöhrət qazanan, tədris müəssisələrinin açılmasında misilsiz xidmətləri olan şair-publisist Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi Naxçıvan Muxtar Respublikasının bütün ədəbi və pedaqoji ictimaiyyəti tərəfindən geniş qeyd olunur.
Azərbaycan təhsili tarixində özünəməxsus yeri olan Məhəmməd Tağı Sidqi elmə, maarifə, mədəniyyətə, əxlaqa çox yüksək qiymət vermiş və demişdir: “Elm və ədəb bir xəzinəyə bənzər ki, onun kilidi məktəbdir”, “Məktəb cəhalət dərdinin dərmanı, mərifət bağının xiyabanıdır”.

Biz muzey işçiləri Məhəmməd Tağı Sidqinin çoxsahəli fəaliyyətini qiymətləndirmək, ədibin xatirəsini yad etmək məqsədilə silsilə tədbirlər keçirir, onun həyat və yaradıcılığının, pedaqoji fəaliyyətinin təbliğinə çalışırıq.

Xanım İSMAYILOVA
Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika
Ədəbiyyat Muzeyinin baş fond mühafizi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR