24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan şəhərindəki Məhəmməd Tağı Sidqi adına 4 nömrəli tam orta məktəbdə görkəmli pedaqoq, maarifçi, şair Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin müəllimi Lalə Kərimova açaraq M.T.Sidqinin həyat və ədəbi-pedaqoji fəaliyyəti haqqında danışıb.
Sonra məktəbin müəllimi Səadət Əsgərova çıxış edərək bildirib ki, maarifçi şair və yazıçı olmaqla yanaşı, M.T.Sidqi həm də tanınmış alim-pedaqoq, əxlaq nəzəriyyəçisi və görkəmli məktəbşünas idi. Bununla belə, onun elmi fəaliyyətində ədəbi-fəlsəfi məsələlərin də öz əksini tapdığını vurğulayan Səadət Əsgər­ova qeyd edib ki, Sidqinin “Heykəli-insana bir nəzər” əsəri nəsrlə yazılmış ədəbi-fəlsəfi traktatdır. Burada müəllifin həyat və cəmiyyət, ictimai-mədəni tərəqqi haqqındakı fikir və düşüncələri əks etdirilib. Sidqinin insanın formalaşması və bəşər cəmiyyətinin keçdiyi inkişaf mərhələləri barədəki elmi mülahizələri öz dövrü üçün yeni və cəlb­edici idi. XIX əsrin axırlarından etibarən cəmiyyət həyatında müşahidə olunan canlanma, dirçəliş, məktəbdarlıqla əlaqədar yiyələndiyi maarifçi ideyalar onun yaradıcılığına ictimai məzmun gətirib.

Bildirilib ki, böyük müəllim, görkəmli pedaqoq kimi şöhrət qazanmış M.T.Sid­qi həm də tanınmış uşaq ədəbiyyatı yazarıdır. Onun qələmindən çıxmış uşaq ədəbiyyatı nümunələrində mütərəqqi ideyalar öz əksini tapıb. Məktəbə və elmə rəğbət, müəllimə hörmət, yeni nəslin tərbiyəsi, insanı və cəmiyyəti dərk etməyə çağırış maarifçi yazıçının əsərlərinin əsas məramlarından olub. Müəllim-yazıçının uşaqlar üçün müxtəlif janrlarda yazılmış bədii əsərləri onun maarifçi-pedaqoji ideyalarını təbliğ edən söz sənəti nümunələridir.
Sonda məktəbin şagirdlərinin ifasında Məhəmməd Tağı Sidqinin şeirləri bədii qiraət olunub.

 Sona MİRZƏYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR