Ən qədim sənətkarlıq sahələrimizdən birini sümükişləmə və toxuculuq təşkil edir. Azərbaycanda, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda aparılan arxeoloji tədqiqatlar zamanı bu sənətkarlıq sahələri ilə bağlı müxtəlif maddi-mədəniyyət nümunələri tapılmışdır.
Sümükişləmənin tarixinin Paleolit dövründən başlandığı arxeoloji materiallar əsasında öz təsdiqini tapır. Aparılan tədqiqatlar onu göstərir ki, dünyanın bütün yerlərində olduğu kimi, Naxçıvanda da insanlar əməklə məşğul olduğu dövrdən etibarən bu sənətkarlıq sahəsində ilkin bacarıq və vərdişlərə sahib olmuşlar. Onlar ovladıqları heyvanların sümüyündən primitiv şəkildə silahlar, müxtəlif əmək alətləri düzəltmişlər. Onlar çapma, kəsmə, cilalama və düşmə üsulları ilə iri və xırdabuynuzlu heyvanların sümüklərindən düzəldilmişdir. Naxçıvanda ən qədim sümük məmulatları Orta Paleolit dövrünə aid Qazma mağarasından əldə olunmuşdur. Abidədən aşkar edilmiş sümük alətlərdən biri tam axıra kimi, digəri isə qismən deşilmişdir. Əldə olunmuş arxeoloji materialların hər ikisinin ceyranın aşıq sümüyündən düzəldildiyi, onlardan bəzək kimi boyundan asmaq üçün istifadə olunduğu tədqiqatçılar tərəfindən müəyyən olunmuşdur.
Eneolit dövründə metalın kəşf olunmasına baxmayaraq, bu sənətkarlıq sahəsi öz inkişafını davam etdirmişdir. Bu dövrdə insanlar mislə yanaşı, sümükdən də müxtəlif formalı işlənmiş alətlər düzəltmişlər. Bundan başqa, Naxçıvanda I Kültəpə abidəsinin Eneolit dövrü təbəqəsindən sümükdən düzəldilmiş müxtəlif formalı biz və ya iynələr, cilalayıcı qaşovtipli alətlər və digər arxeoloji materiallar aşkar edilmişdir. Bizləri hazırlamaq üçün heyvanın lülə sümüyü uzununa parçalanmışdır. Onun ucu və əltutan hissəsi sivri formada düzəldilmişdir.
Erkən Tunc dövründə Azərbaycanın bütün bölgələrində olduğu kimi, Naxçıvanda da metallurgiya və metalişləmənin inkişafı ilə əlaqədar sümük alətlərdən bir qədər az istifadə olunmasına baxmayaraq, bu sənətkarlıq sahəsi yenə də öz varlığını qoruyub saxlamışdır. Qədim sənətkarlar tərəfindən yeni tip əmək alətləri, silahlar, bəzək əşyaları və sair düzəldilmişdir. Arxeoloji mənbələrə nəzər salsaq, görərik ki, I Kültəpə, II Kültəpə, Şahtaxtı, Qızılburun və digər arxeoloji abidələrdən bu tip arxeoloji materiallar tapılmışdır. Əmək alətləri iy başlıqlarından, bizlərdən ibarət olmuşdur. Bizləri hazırlamaq üçün heyvanın lülə sümüyü əvvəlcə uzununa bir neçə yerə bölünmüşdür. Sonra onların bir ucu cilalanaraq iti, əltutan hissə isə bir qədər şiş və ya enli hazırlanmışdır. Bizlərin əltutan hissəsində insanın baş və şəhadət barmaqlarının rahat yerləşməsi üçün oyuqlar düzəldilmişdir. Bu tip əmək alətlərindən heyvan dərilərini deşmək üçün istifadə olunduğunu ehtimal etmək olar. İy başlıqlarının düzəldilməsində iribuynuzlu heyvanın epifiz sümüyündən istifadə edilmişdir. Naxçıvandakı arxeoloji abidələrdən sümüklə yanaşı, gildən düzəldilmiş iy başlıqları da tapılmışdır. Naxçıvandakı qədim abidələrdən əldə olunmuş sümükdən və gildən düzəldilmiş iy başlıqları bu qədim diyarda sümükişləmə ilə yanaşı, toxuculuğun da qədim tarixə malik olduğunu, insanların Neolit dövründən başlayaraq toxuculuqla məşğul olduğunu deməyə əsas verir. Naxçıvandakı arxeoloji abidələrdən əldə olunmuş sümük iy başlıqları kimi, gil iy başlıqları da şarşəkilli və konus formasındadır, üzərində bir və ya iki deşik açılmışdır. Onların bənzərləri Üzərliktəpə, Göytəpə, Babadərviş, Qobustan və digər abidələrlə yanaşı, Fərqanədəki Çust Tunc dövrü yaşayış yerində, Yuxarı Obdanın e.ə. VII-VI əsrlərə aid qadın qəbirlərində və dünyadakı digər abidələrdə tapılmışdır. İy başlıqları ilə yanaşı, I Kültəpə abidəsinin Eneolit dövrü təbəqəsindən yaşayış evlərinin döşəməsindən və qəbirlərdən bitki liflərindən toxunmuş parça qalıqlarının aşkar edilməsi də toxuculuğun Naxçıvanda qədim tarixə malik olduğundan xəbər verir. Sümükişləmə kimi, toxuculuq sənəti də Orta, Son Tunc, Erkən Dəmir, Antik, orta əsrlər dövrlərində mövcud olmuş, dövrümüzədək öz varlığını qoruyub saxlamışdır.
Aparılan araşdırmalar sonda onu qeyd etməyə əsas verir ki, hər bir sənətkarlıq məhsulu insanların bədii fikir və yaradıcı təxəyyülünü özündə əks etdirir, xalqımızın bədii estetik tərbiyəsinin inkişafında mühüm rol oynayaraq Naxçıvanın qədim və zəngin tarixindən xəbər verir.
Toğrul XƏLİLOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru