24 Dekabr 2024, Çərşənbə axşamı

 Vətən məhəbbəti, doğma torpağa hədsiz sevgi və bu sevginin insanlara təlqin edilməsi, təbiətə “Vətənimin gözəlliyi” deyə, məftunluq, pak, ülvi məhəbbətin bədii-fəlsəfi tərənnümü onun yaradıcılığının əsas qayəsi, şeirlərinin mayasıdır. İlk şeri mətbuatda 1952-ci ildə dərc olundu. “Yanın, işıqlarım” adlanan həmin ilk şerindən son şeirlərinə qədər Məmməd Araz yaradıcılığı elinə, obasına, Vətəninə bağlı vətəndaş duyğularının tərənnümündən ibarətdir.

Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov) 1933-cü il oktyabrın 14-də Naxçıvan Muxtar Respublikasının saf təbiəti, mərcan gözlü bulaqları, məğrur qayaları, əsrlər qocaldan zirvələri ilə tanınan Şahbuz rayonunun Nursu kəndində anadan olub. Doğulduğu elin bu ecazkar gözəlliyindən ilham alıb Məmməd Araz. Vətən məhəbbətini, el-oba sevgisini ona həmin qayalar, can dərmanı olan bulaqlar aşılayıb.
Məmməd Araz ədəbi yaradıcılığa 1952-ci ildə “İnqilab və mədəniyyət” jurnalında dərc olunan “Yanın, işıqlarım” adlı ilk şerilə başlayıb. “Vətən torpağı”, “Şerə gətir”, “Necə unudum səni?”, “Mən Araz şairiyəm” – “Məmməd İbrahim” imzası ilə nəşr etdirdiyi bu şeirlər hələ ənənəvi məhəbbət, vətən və təbiət lirikasının tanış nümunələri idilər.

“Mən də insan oldum”, “Əsgər qəbri haqqında ballada”, “Atamın kitabı” artıq epik formada, lakin eyni fəlsəfi-psixoloji səpgidə yazılmış poemalardır.
Əsl, həqiqi poeziya ümumbəşəri yaddaşdır. Və Məmməd Araz yaradıcılığı bu yaddaşın poetik formada təzahüründən ibarətdir. Məmməd Araz poeziyası dumduru bulaq suyu kimi həyat həqiqətlərini əks etdirən söz sənəti nümunələrindən ibarətdir. O, poeziyanın bu dumduru bulağı başına Arazın bulanıq və paralı sahilindən ayrılıb gəldi; özü ilə poeziyaya Arazın dərdini, ağrısını da gətirdi. Özü də tarixdən, təbiətdən, ana dilindən, bayatıdan, folklorumuzdan əbədi axan bir Araza döndü – Məmməd Araz oldu.
O hələ yeniyetmə ikən ilk dəfə Arazı və Şahbuzu “anamın nəğməsi” kimi dinlədi, torpağı və təbiəti “Atamın kitabı” kimi oxudu. Dərslik deyil, dağ-daş özü onun əlifba kitabı oldu.
XX əsrdə min beş yüz illik Oğuz şerinin fəlsəfi yükünü, bədii hüsnünü poetik düşüncəmizin arsenalına gətirən istedadlı şairlərimizdən biridir Məmməd Araz. O hələ gənc yaşlarından “Araz” təxəllüsünü ona görə götürmüşdü ki, bütün varlığı ilə Azərbaycana qovuşsun, onun əsl Vətəndaşına çevrilsin. Bunun üçün o, dahi Nizaminin fəlsəfəsindən cövhəri, Füzuli poeziyasından kədəri, Sabir satirasından kəsəri alıb öz poeziyasının enerjisinə qatdı. Məmməd Araz adı bu gün ona görə əzəmətlə səslənir ki, o, milli poeziyanın qanadlarında səmimiyyət göyərçini kimi oxucuların qəlbinə və yaddaşına qonub, əbədiyyət nəğməsinə çevrilə bilib.
Məmməd Araz poeziyasının novatorluğu ənənəyə münasibətin konkretliyində və aydınlığında idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev mədəniyyətdə ənənə və novatorluq problemindən danışarkən deyirdi: “Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meyda­na gətirirlər”. M.Araz da ədəbiyyatımızda, poeziyamızda hələ yaradıcılığının ilk illərində yeni cığırlar açan, sonralar onu xalqın azadlıq yoluna çevirən, öz novatorluğu ilə minillik ədəbiyyatımızı zənginləşdirən görkəmli şairlərimizdən biri idi. Məmməd Araz bir şair kimi Füzuli işığında doğulmuşdu sanki. Onun lirikasındakı fəlsəfi dərinlik də öz işığını bu nurdan almışdı. Bu işıq Məmməd Arazı öz qanadlarında yüksəklərə qaldırıb və Füzuli zirvəsinə çatdırıb.
Məmməd Araz poeziyasını səciyyələndirən başlıca xüsusiyyətlərdən biri bənzərsiz söz demək, misralarda obraz yaratmaq qabiliyyətidir:
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
Məmməd Arazdan bizə ağrı yaddaşının poetik harayı – onun bənzərsiz poeziyası yadigar qaldı. O, ağrı yaddaşımızın fəryadını ulu babası Tonyukuk Orxon-Yenisey abidələrinə yazdığı kimi daşlara yazdı:
Bir qayaya söykənmişəm,
Deyirəm kaş,
Bax beləcə daşa dönəm
Yavaş-yavaş.
Bu misralar bağrı qan olub –
Bizdə bu soyuq qanları neylərdin, İlahi,
Daşqəlbli insanları neylərdin, İlahi! –
deyə dünyadan köçən dahi Mirzə Ələkbər Sabirdən 50 il sonra yazılıb.
Məmməd Araz bütün ömrü boyu Azərbaycan xalqının qüruruna və kədərinə yiyə durub: bu qürurun və kədərin səbəblərini və səbəbkarlarını unutmamağa çağırıb. Beləcə, Məmməd Araz milli şerimizin qəm karvanının sarvanı olub.
Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa,
Gözünü sıx, hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır.
Məmməd Araz, hər şeydən öncə, poeziyamızın Vətən daşı idi, bu gün isə biz ondan ədəbiyyatımızın vətəndaşı kimi bəhs edirik. O, minillik şerimizin vətəndaşlıq andı idi. Onun yaradıcılığı başdan-başa bütün nəsillər üçün Vətənə məhəbbət dərsliyidir.
Məmməd Arazın böyüklüyü ondadır ki, o, bu fani dünyaya “Azərbaycan dünyasından” baxa bildi və oxucularını Ana Vətənin əbədiyaşarlığına inandırmağı bacardı. “Vətənsiz insan köksüz budaqdır və kökü olmayan hər canlı məhvə məhkumdur” həqiqətini həmvətənlərinə təlqin etdi. Ona görə də bu gün Azərbaycan Məmməd Araz poeziyasında daha uca, daha gözəl və daha məğrur görünür. Şair hələ ötən əsrin 60-cı illərində bunu müdrikcəsinə duyurdu:
Vətən nəğmələri olmasa bir an,
Könüldə gül açıb yaz ola bilməz.
Nəğməsi olmayan, şeiri olmayan
Bir xalqın tarixi yazıla bilməz.
Məmməd Araz min illərdir, poeziyamızı məşğul edən insan, zaman, cahan, tale kimi bəşəri problemləri XX əsrdə yeni qaydada Azərbaycan şerinin rüknünə çevirə bildi. Onun “Vəsiyyət”, “Məndən ötdü qardaşıma dəydi” şeirləri dünənlə bu gün, əcdadla övlad arasında mənəvi-tarixi dialoqdan yaranmış mükəmməl poeziya nümunəsidir:
Ey daşlaşan, torpaqlaşan
ulu babam,
Bu günümdən, dünənimə uzaqlaşan
ulu babam!
Ayağa dur!
Dəfn etdiyin məsələni başdaşına
bir təəssüf xatirəsi yazıb, yondur,
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Səndən, məndən ötən zərbə,
Vətən, Vətən, sənə dəydi.
Bu, adi şeir deyil. Şeirlə yazılmış tarix kitabı, poetik-fəlsəfi ruhu hələ neçə-neçə nəsillərə örnək olacaq Vətənnamədir ki, şair onu gələcək nəsillərə ərməğan edib. Ona görə şeir bu gün də müasirdir.
Şübhəsiz ki, Məmməd Araz şerinin poetik-fəlsəfi uvertürası “Dünya sənin, dünya mənim” epopeyasıdır. Böyük hürufi şair İmadəddin Nəsiminin “Dünya duracaq yer deyil, ey dil, səfər eylə” misrası bu epopeyanın epiqrafı ola bilər. Poetik ləngərə və fəlsəfi duyuma diqqət yetirək:
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da, qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin, dünya mənim, dünya heç kimin.
O, bu həyat həqiqətinin işığında öz istedad və şəxsiyyətinin gücü ilə heç kimin və heç kəsin olmayan ədəbi və əbədi bir dünya yaratdı – Məmməd Araz dünyası. Adətən, böyük kəşflər etmiş alimlərin, dahi sənətkarların adını göydəki ulduzlara verirlər. Məmməd Araz özü bir kəhkəşan idi. Çünki o, ulduzları yerə endirərək bir poeziya çələngi hörmüşdü.
Məmməd Araz hələ sağlığında öz bənzərsiz poeziyası ilə adını poeziya aləminin səhifələrinə parlaq hərflərlə əbədi olaraq həkk etmiş böyük istedada malik söz sənətkarı idi. O, ömrünün sonunadək şəxsiyyətinin bütövlüyünə sadiq qaldı; heç kimə və heç nəyə əyilmədi, özü ilə bərabər məğrur, dağ vüqarlı poeziyasını da əyilməyə qoymadı:
Poeziya, poeziya!
Ürəyin yarpaq dilisən,
Bənövşə nisgilisən,
Bəşərin ən böyük ittiham kürsüsü,
Ən incə gözəllik güzgüsü.
Məmməd Araz poeziyası zamanın özü kimi qat-qat, vərəq-vərəq açılır, yeni mənalar xəzinəsinə çevrilir. Bu cəhətdən Məmməd Araz yolu əbədiyyət yoludur.
Şairin yaradıcılığı hər zaman yüksək qiymətləndirilib, Məmməd Araza böyük şöhrət gətirən “Atamın kitabı”, “Həyatın və sözün rəngləri”, “Oxucuya məktub”, “Qanadlı qayalar”, “Aylarım, illərim” kitabları ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə çap edilib, əsərləri xarici dillərə tərcümə edilərək geniş oxucu kütləsinin marağına səbəb olub. 1975-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunan böyük şairə 1978-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib. Parlaq istedadı və təkrarolunmaz yaradıcılığı ilə böyük şöhrət qazanmış Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə təltif olunub, adına “Məmməd Araz” ədəbi mükafatı təsis edilib.
Ötən il ədibin anadan olmasından 80 il ötdü. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 8 iyun 2013-cü il tarixdə “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” və həmin il iyun ayının 28-də “Xalq şairi Məmməd Arazın ev-muzeyinin yaradılması haqqında” sərəncamlar imzaladı. Sərəncamlara əsasən, muxtar respublikada Məmməd Arazın yubileyi təhsil, elm və mədəniyyət müəssisələrində geniş qeyd edildi, ədibin həyat və fəaliyyətini əks etdirən sərgilər nümayiş olundu, Naxçıvan şəhərindəki küçələrdən birinə onun adı verildi. Həmçinin “Naxçıvan” jurnalının bir nömrəsi Məmməd Arazın 80 illik yubileyinə həsr olundu, ədibin ev-muzeyinin inşasına başlanıldı. 2013-cü il oktyabrın 14-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Xalq şairi Məmməd Arazın 80 illik yubileyi münasibətilə dövlət səviyyəsində yubiley tədbiri keçirildi. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov geniş məruzə ilə çıxış etmiş, Xalq şairinin yaradıcılığını yüksək qiymətləndirərək demişdir: “Məmməd Araz poeziyası misilsiz istedadın və təkrarolunmaz yaradıcı ruhun məhsuludur. O, müasir dövr Azərbaycan lirikasının poetik zirvəsini fəth edən və bu zirvədə əbədi yaşamaq haqqı qazanan qüdrətli şair, publisist, filosof və sözün həqiqi mənasında, layiqli vətəndaşdır” .

 Səyyar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR