Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodik Mərkəzi Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birlikdə rayonun Kırna kənd mədəniyyət evində Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi ilə əlaqədar tədbir keçirib.
Tədbiri giriş sözü ilə Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Füzuli Hüseynli açıb. Qeyd edilib ki, bu il görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin anadan olmasından 160 il ötür. Ordubad rayonunda anadan olan M.T.Sidqi mədrəsə təhsili alıb, klassik Şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənib. Pedaqoji fəaliyyəti ilə bilavasitə bağlı olan ədəbi irsi qəzəllərdən, “Məsnəviyyati-mənəviyyə” adlı irihəcmli mənzumədən, “Kərbəlayi Nəsir” mənzum hekayətindən, “Heykəli-insana bir nəzər” ədəbi-fəlsəfi traktatından və 20-dən çox hekayədən ibarətdir.
Sidqi Azərbaycan uşaq nəsrinin ilk yetkin nümunələrini yaradan sənətkarlarımızdan biridir. “Məktəb hekayələri” kimi tanınan bu əsərlərdə o, özünün maarifçilik ideyalarını, pedaqoji görüşlərini, yüksək mənəvi-əxlaqi keyfiyyətləri bədii şəkildə təbliğ edir. M.T.Sidqi publisistika sahəsində də fəaliyyət göstərib, “Tərcüman”, “Əxtər”, “Həblülmətin”, “Kaspi”, “Nasiri” kimi qəzetlərlə yaxından əməkdaşlıq edib. Ana dilində “Çıraq” adlı qəzet çıxarmaq üçün təşəbbüs göstərib.
Şöbə müdiri bildirib ki, digər ədib və ziyalılarımız kimi, maarif fədaisi, şair M.T.Sidqinin də yaratdığı əsərlər, elm təhsil etməklə nurlanan fəaliyyəti dövlətimiz tərəfindən qiymətləndirilir, onun ömür yolu və yaradıcılığı ətraflı öyrənilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 20 avqust tarixli “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı bu baxımdan mühüm əhəmiyyətə malikdir. Həmin sərəncam muxtar respublikanın ziyalıları tərəfindən görkəmli şəxsiyyətlərimizə, ədib və şairlərimizə, onların fəaliyyətinə və yaradıcılığına verilən qiymət kimi dəyərləndirilir.
Sonra Kırna kənd mədəniyyət evinin direktoru Sona Əsgərovanın və Culfa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşlarından Rübabə Mehdiyeva və Əminə Zülfüqarovanın çıxışları olub.
Sonda Kırna kənd tam orta məktəbi şagirdlərinin ifasında ədibin şeirləri bədii qiraət edilib, “Məhəmməd Tağı Sidqi – 160” adlı sərgiyə baxış olub.
Xəbərlər şöbəsi