24 Dekabr 2024, Çərşənbə axşamı

Culfa rayonunun Saltaq kənd tam orta məktəbinin kitabxanasında görkəmli pedaqoq, maarifçi, şair Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illiyinə həsr edilmiş oxucu konfransı keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Sevinc Mustafayeva açaraq M.T.Sidqinin həyat və fəaliyyəti haqqında danışıb. O qeyd edib ki, görkəmli maarifçi, böyük mütəfəkkir Məhəmməd Tağı Sidqi tanınmış qələm sahiblərindən olub. Maarifçilik ideyalarının həm elmi, həm təcrübi sahədə inkişafına təməl olan Sidqi yaradıcılığı xalqın dünya­görüşünün formalaşmasına təsir edən əsərlər məcmusudur. Naxçıvan torpağının yetirməsi olan Məhəmməd Tağı Sidqi xalqının, millətinin maariflənməsi uğrunda mübarizə aparan ilk maarif fədailərindəndir. O, Vətənin ağır sınaqlara məruz qaldığı bir zamanda qorxmadan, çəkinmədən maarifçilik uğrunda mübarizə aparıb.

Bildirilib ki, Məhəmməd Tağı Sidqi 1854-cü ildə Ordubad şəhərində anadan olub. İlk təhsilini Ordubadda alıb, buradakı Şah Sultan Hüseyn mədrəsəsində oxuyub, ərəb və fars dillərini mükəmməl mənimsəyib. M.T.Sidqi bədii yaradıcılığa ilk gənclik illərində başlayıb. O, Azərbaycan maarifçi-realist ədəbiyyatının inkişafına ciddi töhfələr verib. Vurğulanıb ki, M.T.Sidqinin yeni ədəbiyyat konsepsiyasında ədəbi dilin saflığı, sadələşməsi ideyası da mühüm yer tutur. Maarifçi ədib ana dilini lüzumsuz, qəliz ərəb, fars və rus sözləri, ibarələri ilə ağırlaşdıran başabəla “oxumuşları” tənqid edir, qələm sahiblərini doğma dilin saflığı və təmizliyini qorumağa, sadə tərzdə əsərlər yazmağa səsləyirdi. O, ədəbi dili korlayan ziyalıların belə mövqeyinin törətdiyi fəsadlara diqqət yönəldərək yazırdı: “Ölüb getmiş babalarımızdan birisini qəbirdən qavzayıb gətirəsən, bu danışığa diqqətlə qulaq asandan sonra türk oğlu türk ola-ola, heç bir şey başa düşməyib bizlərə türk deməyə və ya deməməyə mütərəddid olsa da, dilimizə hərgiz türk dili deyə bilməz. Çünki bu dil bir libasa bənzəyir ki, guya pambığı Türküstanda əkilib, ipliyi İranda əyirilib, rəngi Ərəbistanda verilib, özü Azərbaycanda toxunub, Rusiyada gömrüklənib, xərc və kirayəsi çox olduğuna görə heç bir tayfa etina etməyib və heç bir ölkədə füruşa getməyib həmin bu səfahatda satılmaqdadır”.
Bütövlükdə, görkəmli ziyalı Məhəmməd Tağı Sidqi bir sıra digər sahələrlə yanaşı, Azərbaycan ədəbiyyatının yeniləşməsi istiqamətində həm şair, həm də ədəbiyyatşünas kimi mühüm xidmətlər göstərmişdir.
Konfransda məktəbin kitabxanaçısı Elnur Zülfüqarovun və Azərbaycan dili və ədəbiyyat müəllimi Arif Nuriyevin çıxışları olub.
Sonda məktəbin şagirdlərinin ifasında M.T.Sidqinin şeirləri bədii qiraət edilib, “Məhəmməd Tağı Sidqi – 160” adlı sərgiyə baxış olub.

 Sona MİRZƏYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR