24 Dekabr 2024, Çərşənbə axşamı

Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Fərmana əsasən, hər il dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin doğum günü Azərbaycanda “Milli Musiqi Günü” kimi təntənə ilə qeyd olunur. Həmin gün bölgələrimizdə də geniş konsert proqramları təşkil edilir. Çünki bu bayram təkcə musiqisevərlərin deyil, həm də bütün xalqımızın bayramıdır. Hazırda elə bir azərbaycanlı tapılmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, ölməz sənətinə hörmət olmasın. Belə təntənəli tədbirlərdən biri də bu günlərdə Naxçıvan Muxtar Respublikasında keçirilib.

2014-cü il Naxçıvan Muxtar Respublikası üçün çox əlamətdar və uğurlu ildir. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamış və bununla əlaqədar olaraq Tədbirlər Planı təsdiqlənmiş, Naxçıvanın 90 illik yubileyi geniş təntənə ilə qeyd edilmişdir. Elə yubiley tədbirlərinin davamı kimi, Naxçıvanda muxtar respublikanın Bəstəkarlar Təşkilatının hesabat konserti də məhz musiqi günündə qeyd olundu.
Azərbaycan Bəstəkarlar İttifaqının bölgələrdə yerləşən təşkilatlarından ən fəalı olan Naxçıvan Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar Şəmsəddin Qasımov konserti giriş sözü ilə açarkən qeyd etdi ki, 90 il ərzində muxtar respublika mədəniyyət və incəsənət sahəsində böyük inkişaf yolu keçmişdir. Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı ulu öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə yaradılan təşkilatlardandır. Naxçıvanın musiqi sənətinin inkişafının son 36 ili ümummilli liderin adı ilə bağlıdır.

İlk dəfə olaraq 1978-ci ilin sen­tyabr ayında Naxçıvanda Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan Təşkilatı fəaliyyətə başladı və o gündən etibarən bu təşkilat muxtar respublikanın ictimai-mədəni həyatında yaxından iştirak edir, musiqi mədəniyyətimizin zənginləşməsi yolunda səyini əsirgəmir. Azərbaycan Bəstəkarlar İttifaqı bütün bölgələrdə yerləşən təşkilatlarla, eləcə də Naxçıvan təşkilatı ilə daim sıx əlaqə saxlayır, yaradıcı ünsiyyət qurur.
Bu gün muxtar respublikada musiqi mədəniyyətinin inkişafı üçün zəruri baza mövcuddur. Naxçıvanı gəzib dolaşdıqca mədəni inkişafı görməmək mümkün deyil. Şəhərin təmizliyi, geniş küçə və prospektləri, ələlxüsus da insanların səmimiyyəti və qonaqpərvərliyi, öz şəhərinə vurğunluğu hər kəsi valeh edir. Tarixinə, incəsənətinə dəyər verən Naxçıvan Muxtar Respublikasında 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri, Naxçıvan Musiqi Kolleci fəaliyyət göstərir. Gözəl ənənələrə malik Naxçıvan Musiqi Kolleci Azərbaycanın tanınmış təhsil ocaqlarından biridir. Burada çalışan geniş potensiallı müəllim kollektivi, demək olar ki, öz peşələrinin fədailəridir. Onların yetişdirdikləri kadrlar nəinki Naxçıvanda, eləcə də respublikamızın ayrı-ayrı bölgələrində, paytaxtda öz fəaliyyətlərini davam etdirirlər. Naxçıvan Musiqi Kolleci ali musiqi məktəbləri üçün fundamental bir bazadır və fərəhləndirici haldır ki, Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsi və konservatoriya fəaliyyətə başladığı gündən tələbə kontingenti bu kollecin buraxılışlarıyla təmin olunur. Naxçıvan Dövlət Universitetində Bəstəkarlıq kafedrasının yaradılması da Azərbaycan bəstəkarlıq məktəbinə gözəl töhfədir. Bu kafedraya Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar Kamal Əhmədov rəhbərlik edir. Kafedra professional bəstəkarların yetişməsində çox böyük əhəmiyyətə malikdir.
Konservatoriyada olan maddi-texniki baza tələbələrin təhsili üçün gözəl imkanlar yaradır.
Milli Musiqi Günündə Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sayca V hesabat konserti “Muxtariyyət ili” devizi altında öz açılışını etdi. Elə konsertdə səslənən əsərlərin bir çoxunun mövzusu da məhz doğma torpaqla bağlı, onu vəsf edən əsərlər idi. Bu əsərlər arasında Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Kamal Əhmədovun “Naxçıvan eskizləri”, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Şəmsəddin Qasımovun “Naxçıvan”, “Muxtariyyət nəğməsi”, “Sönməyən Günəşim”, gənc bəstəkar Günay Məmmədovanın “Naxçıvanım”, “Yaşasın müstəqil Azərbaycanım”, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Yaşar Xəlilovun “Naxçıvanım”, “Naxçıvan himni”, “Əshabi-Kəhf” kimi doğma diyarı tərənnüm edən musiqi nömrələri var idi.
Hər bir bəstəkarın əsərinə həyat verən, yaşadan onun ifaçısıdır. Bu baxımdan musiqi kollektivlərinin, ifaçıların əməyi xüsusilə qeyd edilməlidir. Həmin gün müğənnilər Bəsti Qasımova, Qəribə Həsənova, Gülyanaq Fərzəliyeva, Şəhriyar Cəbiyev, Yaşar Qurbanov, Əli Davudi, skripka ifaçısı Cahangir Qurbanov, onları müşayiət edən pianoçular Xalubər Namazova, Orxan Rəsullu, Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri, Xalq Çalğı Alətləri Orkestri, Kamera Orkestri, xor kollektivlərinin ifasında unudulmaz bir musiqi bayramı yaşandı.
Konsertdən alınan təəssürat bir daha sübut etdi ki, Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşamasına baxmayaraq, öz mənəvi sərvətlərini qoruyub saxlamaqla yanaşı, gələcək qələbələrə doğru iri addımlarla irəliləyir. Naxçıvanlı həmkarlarımıza uğurlar arzulayırıq.

Həcər BABAYEVA
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi
“Azərbaycan qəzeti”
10 oktyabr 2014-cü il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR