Tarixi uzun minilliklərə dayanan, özülü olan hər bir xalqın, hər bir millətin özünəməxsus milli dəyərləri vardır. Bu milli dəyərlər xalqları, millətləri, toplumları digər xalqlardan fərqləndirən üstün keyfiyyətlərdir. Milli kökə və milli təmələ sahib olan Azərbaycan xalqının da milli dəyərləri kifayət qədərdir. Milli ideologiya, milli tarix, dil, mədəniyyət və incəsənət, ədəbiyyat, bir sözlə, milli olan bütün keyfiyyətlərimiz məhz milli dəyərlər sisteminə daxildir. Bu mənada xalqımızın milli dəyərləri haqqında ətraflı danışmaq olar. Milli dəyərlərimizin tərkib hissələrindən biri də milli mətbəximizdir. Ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək: “Azərbaycan qədim tarixə, mədəniyyətə, gözəl təbiətə, böyük iqtisadi potensiala və eyni zamanda rəngarəng, ecazkar mətbəxə malik ölkədir”.
Azərbaycan milli mətbəxinin tarixi də xalqımızın tarixi qədər qədimdir. Azərbaycan kulinariyası öz tarixi kökləri və özünəməxsusluğu ilə fərqlənir. Milli xörəklərimiz yüksək dad-tam keyfiyyətləri ilə dünyada məşhurdur. Onları başqaları ilə qarışıq salmaq olmaz. Azərbaycan xörəkləri dadı və hazırlanması, həmçinin tünd ədviyyə və tamlı əlavələr qatılmasına görə daha çox Şərq mətbəxinə yaxındır. Azərbaycan milli kulinariyası nəsildən nəslə keçərək təşəkkül tapmış və formalaşmışdır.
Yeməklərin yüksəkkalorili, dadlı və gözəl xarici görünüşlü olması milli Azərbaycan mətbəxi üçün xarakterikdir. Azərbaycan mətbəxi dünyanın ən qədim, ən ləziz mətbəxlərindən biri sayılır. Azərbaycan mətbəxi dedikdə yalnız xörəklər, onların bişirilmə, hazırlanma qaydaları deyil, həm də mətbəx mədəniyyəti, onun tarixi, fəlsəfəsi, süfrə psixologiyası, adət-ənənələri, mətbəx fiziologiyası, gigiyenası və sair kimi cəhətləri, eləcə də təcrübi amilləri ahəngdar surətdə birləşdirən, Azərbaycan xalqının yaşadığı tarixi ərazi daxilində ətraf mühitlə tam bağlı olan mətbəx mədəniyyəti başa düşülür. Azərbaycanın bütün bölgələri kimi, Naxçıvan Muxtar Respublikasında da milli dəyərlərə xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 7 fevral 2009-cu il tarixdə “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin sərəncamda milli dəyərlərimizin digər sahələri ilə yanaşı, milli mətbəxin öyrənilməsinə və təbliğinə xüsusi diqqət yetirmək əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. 9 aprel 2009-cu ildə isə muxtar respublika rəhbəri “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin yaradılması haqqında” Sərəncam imzalayıb. Mərkəzin yaradılmasında məqsəd xalq yaradıcılığının ən qədim sahələrindən biri olan kulinariya mədəniyyətinin sistemli şəkildə öyrənilməsi və inkişaf etdirilməsi, təbliği, tanıdılması olub. Bu yaxınlarda mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaq üçün həmin ünvanda olduq. Mərkəzin direktor əvəzi Zaur Əliyev bizimlə söhbət zamanı bildirdi ki, yaradılan gündən mərkəzin əməkdaşları muxtar respublikanın müxtəlif bölgələrinə səfərlər edib, unudulmaqda olan mətbəx nümunələri haqqında məlumatların toplanması və bərpası, təbliği, mətbəxlə bağlı folklor nümunələrinin əldə olunması ilə məşğul olublar, keçirilən ölkədaxili, həmçinin beynəlxalq forum və konfranslarda, festivallarda iştirak ediblər.
Müsahibim qeyd edir ki, mərkəzə göstərilən diqqət və qayğı sayəsində Naxçıvan mətbəxinin təbliğ olunması sahəsində bir sıra işlər görülüb. Mərkəzin nümayəndəsi 2010-cu ildə Çin Xalq Respublikasının Nançinq şəhərində YUNESKO-nun təşəbbüsü ilə keçirilən və 52 ölkənin iştirak etdiyi Dünya Xalq Yaradıcılığı Təşkilatının II Gənclər Forumunda “Naxçıvanın qurudulmuş meyvələrindən hazırlanmış şirniyyatlar”, “Milli geyimlərin memarlıqda əksi” mövzularında məruzələrlə çıxış edib, slaydlar göstərib. Bundan əlavə, mərkəz beynəlxalq kulinariya festivallarında da muxtar respublikamızı təmsil edib. 2011-ci ildə təşkil etdiyimiz “Naxçıvan” komandası Türkiyədə keçirilən IX Beynəlxalq İstanbul Kulinariya Festivalında 20-yə yaxın ölkə ilə yarışdı, 4 gümüş medalla, 3 diplomla təltif olundu.
Zaur Əliyev qeyd etdi ki, Azərbaycan mətbəxi haqqında bir çox kitablar yazılıb. 2012-ci ildə nəşr olunmuş “Naxçıvan mətbəxi” kitabı isə bu sahədə ilk təşəbbüsdür. “Naxçıvan mətbəxi” adlı kitab Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamına əsasən hazırlanıb. Kitab 34 bölmədən ibarətdir. Kitabda regionumuzda qida kimi istifadə edilən yabanı və mədəni bitkilər, duru və quru xörəklər, içkilər, ədviyyatlar, şirniyyatlar, tədarüklər, habelə yerli əhalinin istifadə etdiyi qab və məişət əşyaları, mətbəxlə bağlı folklor nümunələri və sair haqqında məlumatlar yer alıb.
Həmsöhbətim onu da qeyd etdi ki, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi bundan sonra da milli mətbəximizin təbliği, tədqiqi, unudulmaqda olan milli mətbəx nümunələrinin toplanması işini layiqincə davam etdirəcəkdir. Biz də milli dəyərlərimizin bir qolu olan kulinariyamızın təbliğində mərkəzin əməkdaşlarına müvəffəqiyyətlər arzulayıb oradan ayrılırıq. Yeri gəlmişkən onu da qeyd edək ki, muxtar respublikamızda turizmin inkişaf etdirilməsində milli mətbəximizin tanıdılması və təbliği işi mühüm əhəmiyyət kəsb edir. Bunun üçün əsasını təbii qidalar təşkil edən milli mətbəx nümunələrimizin sistemli və dolğun şəkildə tanıdılması üçün mövcud imkanlardan yetərincə yararlanmalıyıq. Bu həm də Naxçıvanımızın təbliği deməkdir.
Sona MİRZƏYEVA