24 Dekabr 2024, Çərşənbə axşamı

Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına xidmət etmişdir. Bu bayram Tanrının öz bəndələrinə lütf və mərhəmətinin ifadəsidir.
“Qurban” sözü “yaxınlaşmaq” deməkdir. Yəni qurban kəsən hər bir kəs bu əməli ilə Allaha yaxınlaşır. Allah dərgahında kəsilən qurbanlar ruhi dəyərlərin paklanmasında, insanların xeyirxah əməllər ətrafında birləşməsində mühüm rol oynayır.
Qurban İslam aləmində ən dəyərli bayramlardan biridir. Bu bayram eyni zamanda müsəlmanların Həcc ziyarəti mərasiminin də bir hissəsidir.
Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə Həcc ziyarəti dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.
Azərbaycan müsəlman dünyasının ayrılmaz parçasıdır və tarixən İslam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş etmişdir. Digər müsəlman ölkələri kimi, Azərbaycanda da İslam dinindən irəli gələn vəzifələr yerinə yetirilir. Hər il yüzlərlə azərbaycanlı zəvvarın Həcc ziyarətinə yola düşməsi və bu ziyarətin vacib əməllərindən hesab olunan qurban kəsilməsinə əməl etməsi xalqımızın İslam dininə bağlılı­ğını nümayiş etdirir.

Milli-mənəvi, islami dəyərlərin qorunması və təbliğinə ciddi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev insanlar arasında həmrəyliyin və saflaşmanın bərpa olunmasında bu bayramın rolunu yüksək qiymətləndirmiş, Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikində demişdir: “Xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-amanlığa və dözümlülüyə dəvət edir. Cəmiyyətimizdə humanizm və qardaşlıq duyğularını daha da gücləndirən qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və böyük təntənə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvar olduğumu bildirirəm ki, bu xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır”.
Qurban bayramı muxtar respublikamızda da hər il geniş qeyd edilir, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından qurbanlar kəsilərək paylanılır.
Oktyabrın 5-də muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində, eləcə də bütün rayonlarda bayram namazı qılınmış, Allahın adına qurbanlar kəsilmiş, xalqımızın və dövlətimizin əmin-amanlığı, firavanlığı üçün dualar oxunmuşdur.
Naxçıvan şəhərindəki Heydər, “Cümə”, “Pirqəmiş”, Kazım Qarabəkir Paşa məscidlərində bu bayram milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin ifadəsi kimi qeyd olunmuş, məscidlərdə qurban əti paylanılmışdır.
Müqəddəs bayram günündə xəstələr, ahıllar da yaddan çıxmamışdır. Naxçıvan Hərbi Hospitalında, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri və Psixi Xəstəliklər dispanserlərində müalicə olunanlara, Naxçıvan şəhərinin müxtəlif məhəllələrində yaşayan tənha ahıllara da qurban əti paylanılmışdır.
Naxçıvan Dövlət Universitetinin yataqxanasında yaşayan tələbələr, Şahbuz şəhərindəki Ahıllar evinin sakinləri də unudulmamışdır.
Qurban bayramı əsl təntənəyə çevrilmiş, insanlara birlik, həmrəylik, şəfqət və xeyirxahlıq duyğuları aşılamışdır.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR