Naxçıvanda bir ifadə var. Bir insanla rastlaşıb ayrılanda, adətən, “sözün-savın” ifadəsi işlədilir. Bu deyimin “söz” hissəsini bilsəm də, “sav” hissəsinin nə olduğunu tapmağa çalışırdım. Bu gün bir dəyərli əsər oxudum və aydın oldu ki, “sav” ifadəsi “Divani-lüğət it-türk”də “ata sözü”, “hikmətli fikir”, “məsləhət” kimi ifadə olunur. Dilimizdə heç nə elə-belə olmurmuş. Oxuduğum yeni tədqiqat əsəri bu günlərdə çapdan çıxan “Divani-lüğət it-türk”də atalar sözləri” adlanır. Kitabın müəllifi Naxçıvan Özəl Universitetinin rektoru, professor İsmayıl Əliyevdir. Müəllifin özü tərəfindən “elmi iddiası olmayan kitab” kimi təqdim olunan əsər, əslində, dəyərli elmi tədqiqatın nəticəsidir.
Görkəmli türkoloqların “Divani-lüğət it-türk” əsəri haqqında fikirləri ilə başlayan kitabda müəllif Mahmud Kaşğarlı və onun əsəri haqqında ətraflı bəhs edir. Türk dünyasının ən dəyərli kitablarından biri sayılan “Divani-lüğət it-türk”ə etnopedaqoji cəhətdən yanaşılır. Professor İsmayıl Əliyev yazır ki, Mahmud Kaşğarlının XI əsrdə qələmə aldığı sözlər içərisində Azərbaycanın Naxçıvan diyarında indi də eynilə və ya azacıq dəyişikliklə işlədilən sözlər, ifadələr vardır. Kitabın “Atalar sözləri nədir?” adlanan hissəsində türk folklorunda, türklərin sosial-mənəvi, əxlaqi-estetik görüşlərində atalar sözlərinin yerindən bəhs olunur.
Qeyd edilir ki, atalar sözləri özündə keçmişi ehtiva etməklə məhdudlaşmır; onlar həm də xalqın bugünkü canlı səsi, çağırışıdır. Xalq bu gün zəruri, sabah isə gərəkli olanı qoruyub saxlayır. Müəllif atalar sözlərinin əsl dəyərlərinə layiq tədqiq olunmamasının fəsadlarından da bəhs edir və konseptual bir baxış ortaya qoyur. Vurğulanır ki, bu, atalar sözlərinin bir qisminin zaman keçdikcə unudulmasına, “atalar sözü” adı altında, əslində, atalar sözü olmayan çoxlu sayda ifadələrin toplanmasına, atalar sözlərinin mahiyyəti tam dərk olunmadığından, necə deyərlər, “külüngünü qapanın onların üstünə cummasına”, bu sözlərin epik təfəkkürün məhsulu kimi tədqiqinin onların əsl mahiyyət və məqsədini kölgədə qoymasına səbəb olur. Müəllif yazır ki, milli-mənəvi dəyərlərin ən parlaq incilərindən olan atalar sözlərinin öyrənilməsi, onlara sahib çıxılması, bu hikmət və öyüd çeşməsinin qorunub saxlanması və gənc nəslə çatdırılması sahəsində etnopedaqoji tədqiqatların aparılması zəruridir. Bu tədqiqatların aparılması zamanı əsl atalar sözləri ciddi, nüfuzlu, təmkinli, müdrik ataların məhz tərbiyə məqsədilə, övladlarına, böyüyən nəslə olan öyüdləri kimi təhlil edilməlidir. Çünki xalqın qoruyub saxladığı bütün atalar sözləri onun yaşam tərzinin, milli mənəviyyatının güzgüsüdür.
Kitabın “Divani-lüğət it-türk”də olan atalar sözlərinin bəzi xüsusiyyətləri barədə” adlanan bölməsində bu sözlərin müxtəlif cəhətlərinə görə təsnifatı verilmişdir. Mühakimələrin mahiyyətinə, məcazi anlamlarına, inanc xarakterliliyinə və sair cəhətlərinə görə təsnifat aparılmış, təqdim edilən atalar sözləri həm “Divani-lüğət it-türk”ün yazıldığı ləhcədə, həm də müasir danışıq dilində təqdim edilmişdir.
Bizim üçün ən çox maraq doğuran bölmə “Divani-lüğət it-türk” “sav”ları və Naxçıvanda işlənən atalar sözləri” bölməsi oldu. İlk növbədə, “Divani-lüğət it-türk” əsərindəki 284 savdan bəhs edən və “sav” sözünün mənasına toxunan müəllif bu gün Naxçıvanda da bu ifadənin işlədildiyini yazır və buna aid konkret misallar göstərir. Tədqiqatçı müəyyənləşdirmişdir ki, əsərdə olan 284 savdan 117-si əsl atalar sözü kimi müasir dövrdə də Naxçıvanda ya olduğu kimi, ya da şəkilini dəyişmiş halda işlənir.
Kitabın axırıncı bölməsində “Divani-lüğət it-türk”dəki bütün atalar sözləri və onların tərcümələri verilmiş, həmin atalar sözlərindən indi də Naxçıvanda işlənən variantları qeyd edilmişdir. Ümumilikdə, bu hissədə 280 atalar sözü təqdim olunmuşdur.
Kitabın xalq hikməti, etimoloji, əxlaqi-tərbiyəvi məsələlərlə maraqlanan hər kəs üçün yararlı və maraqlı olacağını düşünürük.
Elnur KƏLBİZADƏ