Bu günlərdə Naxçıvan şəhərindəki 8 nömrəli tam orta məktəbin foyesində təşkil olunan rəsm sərgisi diqqətimi çəkdi. Öyrəndim ki, sərgidəki rəsm əsərləri məktəbin şagirdi Ülviyyə Şirinovaya məxsusdur. Onun əl işlərinə baxdıqca bu rəsm həvəskarının sənət dünyası ilə daha da yaxından tanış olurdum. İlk baxışdan bu rəsmləri 12 yaşlı bir yeniyetmənin çəkdiyinə inanmaqda bir az çətinlik çəkirsən. Hər rəsm əsəri tamaşaçıya təlqin etdiyi fikir aydınlığı ilə seçilir. Onda kompozisiya qurmaq, boyalardan, rəng çalarlarından düzgün istifadə etmək bacarığı güclüdür və rənglərin seçimində çox dəqiqdir.
Ülviyyəni oxucularımızla yaxından tanış etmək üçün onunla həmsöhbət oldum. 2002-ci ildə Naxçıvan şəhərində anadan olan Ülviyyə VII sinif şagirdidir. İkinci sinifdən rənglərə mehr salıb. İlk personajları isə nağıl qəhrəmanları olub. Deyir ki, nağılları oxuduqdan sonra qəhrəmanların döyüş səhnələri, onların şər qüvvələrlə mübarizələrini gözümün önündə canlandırır və bunları kağız üzərinə köçürürdüm.
Rəssamlığa marağını hiss edən valideynləri Ülviyyəni Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə gətirirlər. O, buradakı rəsm dərnəyinin üzvü olur. Dərnəkdə rəssamlığın sirlərinə yiyələnməklə yanaşı, həm də təşkil olunan rəsm müsabiqələrində iştirak edir. Mərkəzdə yaradılan rəsm studiyası Ülviyyənin istedadının ortaya çıxmasına köməkçi olur. Ülviyyə tez-tez Naxçıvanın görməli yerlərinə gedir, canlı mənzərələr çəkir, qədim diyarın tarixi abidələrini, füsunkar mənzərələrini tabloya köçürür. Bu qəbildən onun “Hüseyn Cavid”, “Möminə xatın”, “Yusif Küseyir oğlu türbəsi”, “Naxçıvanın bu günü”, “Çiçəklənən diyarım” və başqa rəsmləri Ülviyyənin işıqlı gələcəyindən soraq verir.
Ülviyyə böyüdükcə rəsmə həvəsi daha da artır. Onun Vətənə olan sevgisi rəsm əsərlərindən açıq-aydın görünür. Vətən mövzusunda rəsmlərə daha çox üstünlük verir. “Azərbaycan Ordusuna eşq olsun!” adlı rəsm əsərində Azərbaycan əsgərinin mübariz baxışları insanda qürur hissi yaradır.
Ülviyyənin digər bir tablosuna – sülh mövzusundakı rəsm əsərinə baxıram. Bəşəri rəmzə çevrilmiş bir anlayış kimi sülhün özünəməxsus rənglərlə 12 yaşlı bir yeniyetmə tərəfindən canlandırılması çox diqqətçəkicidir. Ümumiyyətlə, Ülviyyənin çəkdiyi rəsmlərə bir toplu halda baxıldıqda bu, imkan verir ki, onun yaradıcılığı haqqında ətraflı söz deyə biləsən, onun həyat müşahidələrini qiymətləndirəsən.
Xalqımızın başına gətirilən müsibətlər də məktəbli rəssamın düşüncələrində özünəməxsus yer tutub. “Xocalı unudulmaz”, “Şəhidlər”, “Qanlı gecə”, “Qaçqınlar” və başqa tablolarda Azərbaycan torpaqlarının müqəddəsliyi, öz dədə-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın ağrıları təsvir olunur. Bu rəsmlərdə düşmənə nifrət hissi tamaşaçıya ilk anda bəlli olur. Həmin tablolarda həm də xalqımızın sabaha ümidləri duyulur. Haqq-ədalətin öz yerini tutacağını gənc fırça həvəskarı maraqlı rəng çalarları ilə rəsm edə bilib.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyevanın yeniyetmə həmkarı haqqında dedikləri:
– Bu gün muxtar respublikamızda istedadlı gənclərin üzə çıxarılması üçün həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Məhz Ülviyyənin istedadını belə tədbirlərin birində gördüm. O, çox istedadlı qızdır. Demək olar ki, bütün əl işləri ilə yaxından tanış olmuşam. Onun əsərlərində mən işıq görürəm, o işıq ki, daim parlayacaq. Rəssamlar Birliyi olaraq Ülviyyəni daim nəzarətdə saxlayırıq. Bu günlərdə fərdi sərgisi də təşkil olundu. İnanıram ki, Ülviyyənin rəssamlıq sənətində uğurları çox olacaq.
Ülviyyə həm də dərs əlaçısıdır. Sınaq imtahanlarında yüksək bal toplayır. Gələcəkdə məşhur rəssam olmaq istəyən Ülviyyə bu istəyini reallığa çevirmək üçün daim öz üzərində çalışır, görkəmli fırça ustalarının həyat və yaradıcılığını izləyir. Arzu edirik ki, o, sənətin elə bir zirvəsinə yüksəlsin ki, gələcəkdə onun yaradıcılığı izlənilməyə layiq olsun.
Sara ƏZİMOVA