24 Dekabr 2024, Çərşənbə axşamı

Oktyabrın 1-də Naxçıvan Dövlət Filarmoniyasında ustad tarzən, bəstəkar-pedaqoq, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Əkrəm Məmmədlinin 70 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov açıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, mədəniyyət sahəsindəki səmərəli fəaliyyətinə görə Əkrəm Məmmədli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif olunub. Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanını yubilyara təqdim edib. Qeyd olunub ki, Əkrəm Məmmədli hələ 24 yaşında Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Fəxri Fərmanına, 30 yaşında isə Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb, 2006-cı ildə ona Prezident təqaüdü verilib.

Sonra çıxış edən mədəniyyət və turizm naziri Sarvan İbrahimov yubilyarın sənət yolundan, Azərbaycan və Naxçıvan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən söhbət açıb. Qeyd olunub ki, Əkrəm Məmmədli 45 ildən çoxdur, tar ifaçılığı və onun tədrisi ilə məşğuldur. Əkrəm müəllim milli musiqi alətimiz olan tar ifaçılığının sirlərini tanınmış tarzən və pedaqoq Səfər Rəcəblidən öyrənib. Musiqi təhsilini Asəf Zeynallı adına Musiqi Texnikumunda görkəmli tarzən Kamil Əhmədovun sinfində davam etdirib. Sonralar Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında çalışan Əkrəm Məmmədlinin peşəkar tarzən kimi yetişməsində burada tanıdığı görkəmli sənətkarların rolu olub. Bu dövrdə o, keçmiş SSRİ-nin və xarici ölkələrin məşhur şəhərlərinə qastrol səfərlərində olub, solo çıxışları ilə tamaşaçı alqışı qazanıb.
Nazir qeyd edib ki, Əkrəm Məmmədlinin musiqi mədəniyyətinin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib.
Onun “Tar üçün qamma və oppedçiolar”, “Tar üçün etüdlər”, “Azərbaycan muğamları” kimi kitabları tar ifaçılığı sənətini öyrənənlər üçün dəyərli tədris vəsaitləridir.
“Bu günlərdə Əkrəm müəllimin “Şərur el yallıları” kitabının birinci cildi çapdan çıxıb”, – deyən Sarvan İbrahimov vurğulayıb ki, tarzən-pedaqoqun muğamlarımızın və yallılarımızın nota köçürülməsində xidmətləri böyükdür.
Tədbirdə bir vaxtlar Əkrəm Məmmədlidən tar ifaçılığını öyrənmiş tələbələri və sənət dostları çıxış ediblər. Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, muxtar respublikanın əməkdar incəsənət xadimi Şəmsəddin Qasımov, Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti Elman Əliyev, Azərbaycan Respublikasının əməkdar artisti, tarzən Zeynalabdin Babayev, Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov, kaman ustası Məhəmməd Xəlilov, filarmoniyanın Kamera Orkestrinin bədii rəhbəri və dirijoru, Xalq artisti Çingiz Axundov, Estrada Orkestrinin bədii rəhbəri və dirijoru Nizami Məmmədov, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, tarzən Zöhrab Axundov, Naxçıvan Dövlət Filarmoniyasının baletmeysteri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Tamerlan Bağırov, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, xanəndə Hünər Əliyev, sənətkarın övladı Kənan Məmmədli öz ürək sözlərini bölüşüblər.
Tədbirdə musiqiçilərimizin ifasında muğamlarımızdan nümunələr, Əkrəm Məmmədlinin ifasında isə “Bəxtəvər oldu” əsəri səsləndirilib.
Sonda yubilyar Əkrəm Məmmədli çıxış edərək əməyinə və yaradıcılığına yüksək qiymət verildiyi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını ifadə edib, musiqi mədəniyyətimizin inkişafı üçün bundan sonra da fədakarlıqla çalışacağını deyib.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR