24 Dekabr 2024, Çərşənbə axşamı

Muxtar respublikada mədəniyyətin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Son illər şəhər və rayon mərkəzlərində, hətta ən ucqar kənd yaşayış məntəqələrində belə, mədəniyyət müəssisələri üçün müasir iş şəraiti yaradılmış, istifadəyə verilən yeni kənd mərkəzlərində mədəniyyət evləri, klub və kitabxanalar üçün otaqlar ayrılmışdır. Həmçinin lazımi avadanlıq və pulsuz kitablarla təminat, müasir zalların istifadəyə verilməsi istənilən mədəni-kütləvi tədbirin keçirilməsinə imkan verir. Bir sözlə, bu sahədə göstərilən xidmətin günün tələbləri səviyyəsində qurulması üçün muxtar respublikanın rayon mərkəzlərində və kəndlərdə hərtərəfli şərait mövcuddur.

Mədəniyyət müəssisələrində yaradılan şəraitdən düzgün istifadə olunması isə kollektivlər qarşısında duran əsas vəzifələrdir. “Şərq qapısı” qəzetinin əməkdaşları Şərur, Babək, Culfa, Kəngərli və Sədərək rayonlarının mədəniyyət müəssisələrinin fəaliyyəti ilə bağlı jurnalist araşdırması aparmış və qəzetin 2014-cü il 25 sentyabr tarixli, 183 saylı nömrəsində bununla bağlı “Muxtar respublikada mədəniyyətin inkişafına qayğı yüksək səviyyədədir. Bəs bu sahədə çalışanların fəaliyyəti necə?” adlı məqalə dərc olunmuşdu. Məqalədə qeyd olunan nöqsanlar yerlərdə araşdırılmış, işinin öhdəsindən gəlməyən və intizamsızlığa yol verən işçilər barədə ciddi tədbirlər görülmüşdür.

Məqalədə qeyd olunurdu ki, Şərur rayonunun Zeyvə kənd kitabxanasında oxucularla əlaqə zəif təşkil edilmiş, qeydiyyat kitabı yoxdur. Bununla əlaqədar kitabxananın müdiri Günel Şirəliyevaya xəbərdarlıq olunmuş, oxucularla işin aparılmasına metodik köməklik göstərilmişdir. Qeydiyyat kitabı hazırlanaraq möhürlənmiş və kitabxananın istifadəsinə verilmişdir. Zeyvə kənd klubunun bağlı olması faktı ilə bağlı aparılan araşdırma zamanı isə məlum olmuşdur ki, klubun müdiri Cəmilə Rzayeva 2014-cü ilin sentyabr ayında məzuniyyətdə olmuşdur. Araşdırma aparılan zaman isə mədəni təşkilatçı Niyazi Fərəcov icazəsiz klubu boş qoyaraq rayonda yerləşən tarixi abidələrin fotoşəklini çəkməyə getmişdir. Bu səbəbdən də ona xəbərdarlıq olunmuşdur.
Məqalədə Babək rayonunun Şəkərabad kənd klubunun və kitabxanasının qapılarının da bağlı olduğu haqqında məlumat verilmişdir. Bununla bağlı müvafiq tədbir görülmüş, kitabxananın müdiri Ramilə Sadiqova üzrsüz səbəbdən işdə olmadığı üçün tutduğu vəzifədən azad edilmişdir. Yarımca kənd kitabxanası və mədəniyyət evində də eyni fakt aşkarlanmışdır. Məlum olmuşdur ki, kitabxananın müdiri Zivər Nağıyeva üzrlü səbəbdən qısa müddətdə işdə olmamışdır. İcazə almadan iş yerini tərk edən kitabxanaçı Vəfa Nağıyeva isə tutduğu vəzifədən azad edilmişdir. Mədəniyyət evinin bədii rəhbəri Abbas Mahmudov və dalandar Elvin Aslanov iməcilikdə iştirak etdiyindən, mədəni təşkilatçı Züleyxa Həsənova və metodist Sahilə Məmmədovaya üzrsüz səbəbdən işdə olmadıqlarına görə xəbərdarlıq olunmuşdur.
Rayonun digər kəndlərində də qeyd olunmuş nöqsanların aradan qaldırılması istiqamətində işlər görülmüşdür. Məmmədrzadizə kənd icra nümayəndəliyinin kitabxana və klubunun bağlı olmasının səbəbi icra nümayəndəsi, müavin, baş mühasib vəzifələrinin vakant olması, kitabxanaçı Kəmalə İbrahimova və klubun müdiri Qönçə Məmməd­ovanın isə üzrsüz səbəbdən işdə olmaması idi. Görülən tədbirlər nəticəsində onların hər ikisi tutduğu vəzifədən azad edilmişdir. Həmçinin məlum olmuşdur ki, klubun bədii rəhbəri Məlahət Bağırova 2014-cü il 1 sentyabr – 9 oktyabr tarixləri arasında məzuniyyətdədir.
Rayonun Məzrə kənd kitabxanasının müdiri Gülxar Həsənova da heç bir üzrlü səbəb olmadan iş yerində olmamışdır. Onun bu səhvə ilk dəfə yol verməsi nəzərə alınaraq xəbərdarlıq edilmişdir. Nəzərabad kənd klubu ştat vahidi verilmədiyindən fəaliyyətini dayandırmışdır. Kəndin kitabxana müdiri Leyla Haqverdiyeva üzrsüz səbəbdən işdə olmadığı üçün vəzifəsindən azad edilmiş, kitabxana işçisi Rahilə Tumasova isə iş vaxtının saat 1300-də bitməsi səbəbindən işdə olmamışdır. Didivar kənd icra nümayəndəliyinin kitabxana və mədəniyyət evinin bağlı olması ilə əlaqədar faktlar araşdırılarkən məlum olmuşdur ki, kənd icra nümayəndəsi və müavin işlə əlaqədar başqa ərazidə olmuşlar. Kitabxana müdiri Gülbəniz Əliyeva üzrsüz səbəbdən işdə olmadığı üçün vəzifəsindən azad edilmişdir. Kitabxananın və mədəniyyət evinin digər əməkdaşlarına isə müvafiq xəbərdarlıqlar olunmuşdur.
“Şərq qapısı” qəzetinin qeyd olunan məqaləsində Culfa rayonunun Ərəzin kənd mədəniyyət evinin 5 əməkdaşından 3-nün işdə olmaması barədə məlumat verilmişdir. Məsələ araşdırılarkən aydın olmuşdur ki, mədəniyyət evinin bədii rəhbəri Arif Kazımov həmin müddətdə onlara aid sahədə iməcilikdə olmuş, metodist Elnarə İbrahimova və xadimə Aidə İbrahim­ova isə üzrlü səbəbdən işdə olmamışlar. İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin müvafiq arayışı da məlumata əlavə olunmuşdur. Kənd mədəniyyət evinin müdiri Mahmud Zeynalovun Tovuz Maliyyə-İqtisad Kollecinin (qiyabi) tələbəsi olmasına isə belə aydınlıq gətirilmişdir ki, kənddə ixtisaslı kadr olmadığından o, 2013-cü il tarixdən müdir vəzifəsinə müvəqqəti olaraq təyin olunmuşdur. Sənədləşmə işinin düzgün qurulmaması və oxucularla əlaqə zəif olduğu üçün kənd kitabxanasının müdiri Müşkinaz Qafarovaya töhmət elan olunmuş, qeyd olunan nöqsanların qısa müddətdə aradan qaldırılması üçün vaxt verilmişdir. Rayondakı Əbrəqunus kənd kitabxanasının da işi araşdırılmışdır. İxtisaslı kadr olmadığından ixtisasca tibb işçisi olan Səkinə Qasımovanın kənd kitabxanasının müdiri işləməsi aşkar olunmuşdur. Yazıda qeyd edilir ki, kənd mədəniyyət evində bədii rəhbər və xadimədən başqa heç kəsin iş yerində olmaması məlum olmuşdur. Buna səbəb müdir Rəsmiyyə Məmməd­ovanın səhhəti ilə əlaqədar kənd həkim ambulatoriyasında müayinə olunması, metodist Səkinə Məhərrəmovanın isə növbəti əmək məzuniyyətinə çıxması və kütləvi işçi Aylar Əliyevanın isə xəstə olması idi.
Saltaq kənd kitabxanasının müdiri Roza Qurbanova üzrlü səbəbdən işdə olmamışdır. Əlincə kənd klubu və kitabxana müdirləri Sevil Süleymanova və Xuraman Məmməd­ova həmin gün üzrsüz səbəbdən işdə olmadıqlarına görə tutduqları vəzifələrdən azad edilmişlər. Xanəgah kənd mədəniyyət evinin direktoru Bayram Sadiqov isə üzrlü səbəbdən işdə olmamışdır. Ümumilikdə isə kənd mədəniyyət müəssisələrinin fəaliyyətinə zəif nəzarət etdiklərinə görə Ərəzin, Saltaq, Əlincə, Əbrəqunus və Xanəgah kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrə Culfa Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə töhmət verilmiş, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdirinə isə məzuniyyətdə olduğu üçün şifahi xəbərdarlıq olunmuşdur.
Jurnalist araşdırması zamanı Kəngərli rayonundakı bir sıra mədəniyyət müəssisələrinin də qapısının bağlı olduğu aşkar edilmişdir. İşdə olmadıqlarına görə Xok kənd klubunun müdiri Elnur İsayev və mədəni təşkilatçı Rafiq Muradov işdən azad edilmiş, Yurdçu kənd kitabxanasının müdiri vəzifəsinə müvəqqəti təyin olunmuş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxu zal müdiri Güləbətin Quliyevaya töhmət verilmişdir. Bundan əlavə, Böyükdüz kənd mədəniyyət evinin direktoru İlham Məmmədov və kitabxana müdiri Şəfiqə Əliyeva, Yeni Kərki kənd klubunun mədəni təşkilatçısı Sərvanə Cəfərova və kitabxana müdiri Afət Ələkbərovaya xidmətin zəif təşkili ilə əlaqədar xəbərdarlıq olunmuş, işin günün tələbləri səviyyəsində qurulması üçün müvafiq tapşırıqlar verilmişdir.
Sədərək rayonunun Qaraağac kənd klubu və kitabxanasında da işlər günün tələbləri səviyyəsində qurulmadığına görə kitabxananın böyük kitabxanaçısı Günel Sadiqova vəzifəsindən azad olunmuş, kənd klubunun müdiri Oruc Abbasova isə xəbərdarlıq edilmiş, qeyd olunan nöqsanların qısa zamanda aradan qaldırılması tapşırılmışdır.
“Şərq qapısı” qəzetinin çıxışından sonra nöqsanların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər zamanı aydın olmuşdur ki, mədəniyyət müəssisələri, xüsusilə kitabxanalarla ictimaiyyət arasında əlaqələrin qurulmasında müəyyən nöqsanlar vardır. Bu, istər ixtisaslı kadr çatışmazlığından, istərsə də işçilərin öz vəzifələrini bilməmələrindən və bu səbəbdən də işlərin günün tələbləri səviyyəsində qurulmamasından irəli gəlir. Ona görə də şəhər, rayon və kənd kitabxanalarında ayda bir dəfə “Kitabxana günləri”nin keçirilməsi, əlamətdar tarixi günlərlə, görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı mədəniyyət evlərində və klublarda tədbirlərin təşkil olunması, əhalinin, xüsusilə gənclərin bu sahəyə marağının artırılması diqqət mərkəzində saxlanılacaq, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və onun tabe strukturları qeyd olunan nöqsanları bir daha araşdıraraq müvafiq tədbirlər görəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR