“VERA” Beynəlxalq Müasir İncəsənət Festivalı “Mədəniyyətə və Müasir İncəsənətin İnkişafına Dəstək Moskva İctimai Fondu” tərəfindən 2004-cü ildə təsis edilmişdir. Ötən 7 ildə festivalda 40 ölkədən 4500-dən çox rəssam və rəsm qalereyası iştirak etmişdir. Bu günə qədər 2 milyondan artıq tamaşaçının izlədiyi festivalda 200-dən çox rəssam müxtəlif nominasiyalar üzrə mükafatlandırılmışdır.
Bu il sentyabrın 16-dan 21-dək Portuqaliyanın paytaxtı Lissabon şəhərindəki Milli Dəniz Muzeyində VIII “VERA” Beynəlxalq İncəsənət Festivalı keçirilmişdir. Festivalda 16 ölkədən, ümumilikdə, 300-dən çox rəssam iştirak etmişdir. Azərbaycanı bu festivalda Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva, eləcə də rəssamlardan Sakit Məmmədov, Fərid Ələkbərov və Bakı şəhərində fəaliyyət göstərən “Şah Gallery” rəsm qalereyası təmsil etmişlər.
Festival çərçivəsində çoxsaylı mühazirələr, konfranslar, seminarlar, dəyirmi masalar və dünyanın məşhur rəssamları tərəfindən ustad dərslər keçilmişdir. Festivalın keçirildiyi müddətdə beynəlxalq münsiflər heyəti dəfələrlə sərgilərə baxmış, hər sahə üzrə ən yaxşı əsərləri dəyərləndirmişlər. Sonda rəsm, qrafika, heykəltəraşlıq, memarlıq layihəsi, muzey işi, qalereya işi və digər bu kimi 17 müxtəlif nominasiya üzrə təsis edilmiş mükafatlar qaliblərə təqdim edilmişdir. Mükafatlardan ikisi Azərbaycan rəssamlarına verilmişdir. Əməkdar rəssam Sakit Məmmədova “Forma və Məzmunda Estetika” nominasiyası, Naxçıvan Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyevaya isə “Unikal Milli Orijinallıq” nominasiyası üzrə birincilik mükafatı verilmişdir.
Qeyd edək ki, Ülviyyə Həmzəyeva festivalda “Alis möcüzələr ölkəsində”, “Böri”, “Möminə xatın”, “Şahmar”, “Mistik Misir”, “Nər”, “Xəzinə küpü”, “Arzular qayığı” əsərləri ilə iştirak etmişdir. Rəssamın əsərləri avropalı sənətsevərlər tərəfindən böyük maraqla qarşılanmışdır.
“Şərq qapısı”