Oxu tar, oxu tar,
Səni kim unudar?
Görkəmli şairimiz Mikayıl Müşfiqin qələmindən süzülən bu sətirlər tar ifaçılığı ilə məşğul olanların dilinin əzbəridir. Bu qədim musiqi aləti insanın daxili aləminə güclü təsir imkanlarına malikdir. Bu səbəbdəndir ki, dünya mədəniyyətinin nadir incilərindən sayılan Azərbaycan muğamları tar kimi ecazkar musiqi aləti sayəsində sənət qələbəsi qazanıb, əbədi zirvə fəth edib. XIX əsrin ortalarında Sadıqcanın tarda yaratdıqlarını ölməz bəstəkarımız Üzeyir Hacıbəyov daha geniş areala çıxarıb, önündə yeni üfüqlər açıb. Bir vaxtlar sovet ideologiyasının qadağa qoyduğu tar onun qədrini bilən sənət vurğunlarımızın səylərilə “azadlığa çıxıb”, zaman-zaman Qurban Pirimov, Hacı Məmmədov, Əhsən Dadaşov, Mirzə Mansur Mansurov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Kamil Əhmədov kimi görkəmli sənətkarlar bu alətin nəyə qadir olduğunu göstəriblər. Beləcə, tar yaşayıb, bu gün də yaşayır və sabah da yaşayacaq. Bu əvəzolunmaz musiqi aləti ilə muxtar respublikamızda da öz sözünü deyən sənətkarlar az deyil. Onların fövqündə isə, sözsüz ki, muxtar respublikanın bütün musiqi ictimaiyyəti ilə yanaşı, həm də musiqisevərlərin yaxından tanıdığı, sənətinə yüksək qiymət verdiyi ustad tarzən Əkrəm Məmmədov dayanır. O Əkrəm Məmmədov ki, 7 səsin gücü ilə möcüzələr yaradıb. Həmin səsləri yeri gələndə sığallayıb, yeri gələndə o səslərə qəzəblənib də. Bununla sənətin ən yüksək zirvəsini fəth edib.
Əkrəm Məmmədov hələ gənc yaşlarından özünəməxsus ifa tərzi ilə ona qulaq asanları heyran qoyub. Respublikamızdan kənarda da tanınıb, sevilib. Vurduğu mizrabların tarda qopardığı səslə qanımızda, canımızda sənət sevgisi ilə yanaşı, torpaq, Vətən eşqi coşduran Əkrəm müəllimin ömrünün müdrik çağına – 70 yaşına qədəm qoyduğunu eşidəndə buna inanmadıq. Və inanmamaqda da əsasımız o idi ki, Əkrəm Məmmədov bu gün də gənclik coşqusu ilə öz sənətindədir. Redaksiyamıza dəvətimizi səmimiyyətlə qəbul etdi.
Kimdir Əkrəm Məmmədov? Bu sənətə onu kim gətirib? Şirin barmaqlarının sehri nədədir? Onunla söhbətdə bu və bu kimi suallara cavab axtardıq.
Öz sözü: – Tar çalmaq həm atamın arzusu idi, həm də özümün musiqiyə həvəsim var idi. Bu sənətin sirlərini isə mənə müəllimlərim öyrətdi. Ona görə də mən müəllimlərimi hər zaman ehtiramla xatırlayıram. İlk tar müəllimim Səfər Rəcəblini, mənə bu ixtisası, xüsusən də muğamlarımızın sirrini öyrədən mahir tarzən Kamil Əhmədovu, bəstəkarlardan Şəmsi Kərimovu, Dadaş Dadaşovu, Adil Gərayı, Səid Rüstəmovu, xüsusən də mənə daha çox qayğı göstərən görkəmli sənətkar Cahangir Cahangirovu həmişə böyük minnətdarlıqla yad edirəm.
Naxçıvanda musiqiçi kadrların yetişməsində ilk müəllimi Səfər Rəcəblinin çox böyük xidmətləri olduğunu dilə gətirən Əkrəm Məmmədov deyir ki, ona ilk dəfə Səfər müəllim gürcü xalq mahnıları olan “Suliko” və “Bəh-bəh”i öyrədib.
Həmişə deyərmiş ki, Əkrəmin fitri istedadı var. Əkrəm Məmmədov 7-ci sinifdə oxuyanda müəlliminin ümidini doğruldur. Bakıda məktəblilərin XIV ümumrespublika olimpiadasının birincisi olur. Sonra onu şəhər uşaq musiqi məktəbinə götürürlər. Beşillik musiqi məktəbini iki ilə bitirir. Burada onun not müəllimi Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, tanınmış musiqiçi, mərhum Rəşid Məmmədov olur. 1960-cı ildə uşaq musiqi məktəbləri şagirdlərinin respublika turunda böyük sənətkarlardan Əhməd Bakıxanovun, Adil Gərayın və digər tanınmış musiqişünasların qarşısında Hacı Xanməmmədovun birinci konsertini ifa edir. İfasını çox bəyənirlər. Yenə də birinci olur. Yekun konsertində isə ona “Çahargah” çalmağı məsləhət görürlər. Bu ifası ilə o, münsiflər heyətinə tar dünyasına yeni səsin, yeni nəfəsin gəldiyini diktə edir. Həmin vaxt görkəmli tarzən Əhməd Bakıxanov onu evlərinə çağırır, yorulmadan Əkrəmin ifasına qulaq asır, dəyərli məsləhətlərini verir. Bu gün də Əkrəm müəllim etiraf edir ki, Əhməd müəllimin onun tarzən kimi yetişməsində çox böyük zəhməti olub.
Əkrəm müəllimdən professional səhnəyə nə vaxt qədəm qoyduğunu soruşuruq. Deyir ki, Asəf Zeynallı adına Musiqi Texnikumunun I kursunda oxuyarkən Azərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən Mahnı və Rəqs Ansamblında işləmək üçün müsabiqə elan olunduğunu eşidir. O da bu müsabiqəyə qatılır. Müsabiqədə Cahangir Cahangirov və Zakir Bağırovun qarşısında “Orta Mahur”u çalır. İfası çox bəyənilir və beləcə, onu işə götürürlər. Bu tanınmış ansamblda çalışdığı müddətdə istedadlı tarzən daim yaradıcılıq axtarışında olan gənc musiqiçi kimi özünü göstərə bilir.
Öz ustadlarını daim minnətdarlıqla xatırlayan Əkrəm Məmmədov bunu etiraf etməyi özünə borc bilir ki, sənətin zirvəsini fəth etməyimin səbəbini hələ gənc yaşlarımdan tez-tez korifey sənətkarlar arasında olmağımda görürəm. Bir musiqiçi kimi yetişməyimdə onların böyük rolu olub. O vaxt mənim cəmi 19 yaşım var idi. Bu yaşda belə bir şöhrətli kollektivdə çalışmaq heç də hamıya qismət olmayan böyük xoşbəxtlik idi. Kimlər yox idi orada?.. Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova, Şahmar Kürdoğlu, Canəli Əkbərov, İldırım Həsənov... belə desək, böyük bir məktəb. Mən bu məktəbdə çalışan o görkəmli sənətkarlarla respublikamızın, demək olar ki, bütün bölgələrini gəzmişəm. Keçmiş SSRİ-nin bir sıra şəhərlərində, həmçinin xarici ölkələrdə onları müşayiət etmişəm. Həm də solo çıxışlarımla musiqimizin, xüsusən də muğamlarımızın əvəzolunmazlığını çatdırmağa səy göstərmişəm.
Bizim üçün maraqlı olan bir suala da Əkrəm Məmmədov aydınlıq gətirir:
– Ən nüfuzlu sənət məbədindən ayrılıb Naxçıvana qayıtmağınızın səbəbi nə idi?
– Bəlkə də, dediklərimə bəziləri inanmayacaq. Səbəb bu idi ki, Naxçıvansız qala bilmədim, darıxdım. Bu torpağın cazibəsi çəkib gətirdi məni. Həmin dövrdə, yəni 70-ci illərdə respublikamızın ucqarlarında belə, mədəniyyət, incəsənət inkişaf etdirilirdi. Mən də o zaman Naxçıvan Dövlət “Araz” Mahnı və Rəqs Ansamblına gəldim. 27 il burada bədii rəhbər işlədim. Elə ilk ildə yaratdığım “Könül” xalq çalğı alətləri ansamblı nəinki Naxçıvanda, paytaxtımız Bakıda belə tanındı. Sonra Naxçıvan Musiqi Texnikumu yaradıldı. Yeri gəlmişkən deyim ki, bilavasitə ümummilli lider Heydər Əliyevin qayğısı ilə yaradılan bu texnikum Naxçıvanda musiqinin inkişafında çox böyük rol oynayıb. Bu gün də həmin təhsil ocağı Naxçıvanda musiqi mədəniyyətinin milli zəmin əsasında inkişafına töhfələrini verir. Kollecə göstərilən dövlət qayğısı yüksək səviyyədə olduğundan qazanılan uğurlar da ilbəil artır.
Əkrəm Məmmədov bu təhsil ocağında pedaqoji fəaliyyətini davam etdirir, sənətinin sirlərini gənclərə öyrədir. Deyir ki, milli musiqimiz, xüsusən də muğamlarımız bizim misilsiz xəzinəmiz, ulularımızın nəinki xalqımıza, millətimizə, bəşəriyyətə bəxş etdiyi əbədiyaşar töhfədir. Bu xəzinənin qədrini bilmək, sevmək, qorumaq, malik olduğu möhtəşəmlikdə gələcək nəslə çatdırmaq üçün onu öyrənmək və öyrətmək vətəndaşlıq borcumuzdur. Mən də ömrüm boyu bu borcu layiqincə yerinə yetirməyə çalışmışam. “Araz” Mahnı və Rəqs Ansamblında işləməklə yanaşı, uşaq musiqi məktəblərində, sonra isə texnikumda tarı tədris etmişəm. Eyni zamanda dirijorluq, orkestrləşmə, instrumentallaşdırma, partitura oxunması və misilsiz xəzinə olan muğamatdan dərs demişəm. Muğam bizim qan yaddaşımızı yaşadan sərvətdir. Onun hər şöbəsində, ahəngində xalqımızın sevinci, kədəri yaşamaqdadır. Ömrümün on beş ili elə musiqi texnikumunda bu işlə bağlı olub. Tələbələrim də hər zaman başucalığı gətirib mənə. Demək olar ki, respublika və beynəlxalq miqyaslı müsabiqələrdə həmişə birinci olublar. İndi tanınmış tarzənlər – Tariyel Abbasov, Abdulla Abdullayev, Zeynalabdin Babayev, İmamqulu Əhmədov, İlqar Hüseynov, İsmayıl Mürsəlov və başqaları mənim iftixar duyduğum yetirmələrimdir.
Bu gün xalq musiqisinə münasibət barədə ustad tarzənin fikirlərini öyrənmək istəyirik. Bir qədər duruxur, sonra söhbətinə davam edir:
– Musiqimiz də yaradıcı istiqamətdə yeniləşməlidir. Çünki bu qiymətli incimiz dünya mədəniyyətində belə seçilib-sevilir. İndi konsert salonlarını, ekran və efiri bürüyən səsli-küylü şouların, insan ruhunu əzən gurultuların, yad musiqilərin arasında öz musiqimiz eşidiləndə sanki qaranlıqda Günəş doğur, varlığımız titrəyir, sinirlərimiz dincəlir: xüsusən də YUNESKO tərəfindən qorunan muğamlarımız səslənəndə. Gərək onun saflığını, müqəddəsliyini qoruyaq. Amma bu yeniləşmədə milli kolorit ehtiva olunmalıdır. Yenilik o demək deyil ki, musiqini əvvəlki tempindən çıxarıb yeni intonasiyada təqdim edəsən. Təzə köhnədən gözəl olmalıdır. Əsl sənətin konkret meyarı da budur. Mən də bəstəkarlıq yaradıcılığı ilə məşğulam və hər bəstəmə bu aspektdən yanaşmışam. 1983-cü ildə musiqi texnikumunda “Əcəmi naxışları” adlı ansambl yaratmışdım. Sırf milli musiqi alətlərindən ibarət olan bu ansambl böyük əks-səda doğurdu. Görkəmli dirijor Niyazi çox yüksək qiymətləndirdi. Bu haqda mətbuatda xoş sözlər deyildi. Sonra Naxçıvanda yaratdığım milli və bəşəri çalğı alətlərindən ibarət ansambl da musiqi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. O ki qaldı musiqimizə yad təsirlərə, ona heç bir bayağılıq yapışmaz. Təməli ölməz bəstəkarımız Üzeyir bəy tərəfindən qoyulan, böyük musiqiçilər Q.Qarayev, F.Əmirov, A.Məlikov, C.Hacıyev və başqaları tərəfindən inkişaf etdirilən musiqi sənətimiz təməlindən heç zaman ayrılmaz. Mən də bir sıra xalq mahnılarını işləmişəm. Amma çalışmışam ki, onların milli ruhuna xələl gətirməyim. Buna nə dərəcədə nail olduğumu musiqiçilər deyə bilər.
Əkrəm müəllim Naxçıvanda yaşayıb-yaradan musiqi tədqiqatçılarından gileyini gizlətmir: – Naxçıvanda qədim musiqi mədəniyyəti, zəngin musiqi tarixi formalaşıb. Təbii ki, bu mədəniyyəti yaradan, tarixi formalaşdıran musiqiçilər olub. Nə üçün onların həyat və yaradıcılığı tədqiq edilmir? Əgər bu gün onları tədqiq etməsək, sabah gec olacaq.
Gözəl, orijinal bəstələri ilə tanınan Əkrəm Məmmədov bu gün də gənclik eşqilə yaradıcılıqla məşğuldur. Müxtəlif dövrlərdə mahnıları müğənnilərimiz tərəfindən oxunub. Bundan başqa, mahnı və rəqs ansamblı üçün “Bayram şənliyi” və “Naxçıvan” vokal xoreoqrafik süitasını, Əliyar Yusiflinin “Gözüm yollarda qaldı”, Həmid Arzulunun “Əlincə qalası” dramlarına, İsgəndər Coşqunun Mikayıl Müşfiq haqqında səhnə əsərinə musiqiləri də Əkrəm Məmmədov yazıb. “Azərbaycan muğamları”, “Tar üçün qamma və arpedçiolar” və “Tar üçün etüdlər”, 80-ə yaxın yallının toplandığı “Şərur el yallıları” adlı dərs vəsaitlərinin müəllifidir. Naxçıvanın bugünkü inkişafına, yüksəlişinə ithaf etdiyi bu kitablarla musiqimizin öyrənilməsinə, gələcək nəsillərə çatdırılmasına töhfələrini verib.
Hər sənətkar öz taleyini yaşadığı kimi, Əkrəm Məmmədov da Tanrının qismətindən xeyli razıdır. Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, tar dünyasının sevimlisi bu gün 70 yaşını qeyd edir. Gün o gün olsun ki, 100 yaşını qeyd edək, Əkrəm müəllim.
Muxtar MƏMMƏDOV