24 Dekabr 2024, Çərşənbə axşamı

Rusiyanın Sankt-Peterburq Universitetinin “Elmi fikir” jurnalında naxçıvanlı elm adamlarının Naxçıvanın tarixindən bəhs edən iki məqaləsi dərc edilib.
Baş redaktoru akademik, Rusiya Təhsil Akademiyasının üzvü Vladimir Laptev olan jurnal əsas elmi-tədqiqat nəticələrinin və orijinal tədqiqat əsərlərinin nəşri üçün nəzərdə tutulub. Rusiya, Baltikyanı ölkələr və Azərbaycandan olan elm adamlarının 62 elmi məqaləsinin dərc edildiyi jurnalın növbəti sayında AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və AMEA Naxçıvan Bölməsinin Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun elmi işçisi Elnur Kəlbizadə­nin “XIV əsr müəllifi Həmdullah Qəzvininin əsərində xatırlanan dörd Naxçıvan qalası haqqında” və bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Görkəmli sərkərdə Ehsan xan Kəngərli-Naxçıvanski hərbi rəssam akademik V.D.Maşkovun rəsm əsərində” adlı məqalələri də yer alıb. Birinci məqalədə XIV əsr tarixçisi Həmdullah Qəzvininin “Nüzhət əl-qülub” əsərində Naxçıvanla bağlı verilən məlumatlar, əsərdə Naxçıvan ərazisində yerləşdiyi qeyd olunan dörd qalanın (Əlincə, Sürməli, Faqnan və Tağmar qalaları) lokalizasiyası məsələlərindən bəhs olunur, həmçinin qalaların Naxçıvan ərazisində yerləşmə xəritəsi və fotoşəkillər təqdim edilir. İkinci məqalədə isə batalist rəssam Maşkovun 7 iyun 1827-ci ildə rus qoşunlarının Naxçıvandakı Abbas­abad qalasını təhvil alması səhnəsini təsvir edən rəsm əsərinə və o dövrün tarixi hadisələri ilə bağlı maraqlı məqamlara toxunulur. Məqalə müəllifi arxiv sənədləri və mənbələr əsasında rəsmdə Ehsan xan Naxçıvanskinin də təsvir edildiyinə dair əsaslı dəlillər ortaya qoymuşdur.

 Sona MİRZƏYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR