24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Gənc Vətənpərvərlər” İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin 60-a yaxın tələbəsinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gəzintisi təşkil olunmuşdur.
Gənclərə muzeydəki eksponatlar haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasında olan abidələr arasında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin mühüm əhəmiyyəti vardır. Orijinal tərtibatı ilə seçilən muzeydə Naxçıvan Muxtar Respublikasının ərazisində aşkarlanan tarixi əşyalar xronoloji ardıcıllıqla nümayiş etdirilir. Eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliklərə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır.
Qeyd olunmuşdur ki, belə abidələr Azərbaycan xalqının tarixinin, mədəniyyətinin və adət-ənənələrinin qədim köklərə malik olduğunu göstərir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi bəşər sivilizasiyasının ilk beşiklərindən olan Naxçıvan diyarının əsrlər boyu Şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzi olduğunu və bu torpağın antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zənginliyini sübut edir.
Tələbələr Nuh Peyğəmbərin məzarüstü türbəsini də ziyarət etmişlər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənc­lərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov bildirmişdir ki, belə tədbirlər gələcəkdə də davam etdiriləcək, muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələrinin ayda iki dəfə olmaqla müxtəlif muzeylərə, tarixi abidələrə gəzintiləri təşkil olunacaqdır.

 Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR